Təhsil Nazirliyi hər kəsi narahat edən suallara aydınlıq gətirdi

Cəmiyyət

05.03.2020 - 16:19

“Novruz bayramı ilə əlaqədar istirahət günləri təhsil müəssisələrinə də aiddir”

 

Məlum olduğu kimi, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək ölkədəki bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.

 

Nazirlər Kabinetinin bu qərarından sonra cəmiyyətdə, xüsusilə məktəbli övladı olan valideynlərdə bir sıra suallar yarandı. Valideynlər soruşurlar ki, keçirilməyən dərslərin yükü nə zamana salınacaq? Belə olan halda dərs ilinin müddəti uzadıla bilərmi? Hətta bəzi iddialar var ki, Novruz tətili günlərində təhsil müəssisələri işləyəcək və dərs yükü həmin dövrdə kompensasiya ediləcək. O cümlədən valideynlərə maraqlıdır ki, bu müddətdə məktəblərdə dezinfeksiya işlərinin hansı aralıqla aparılması nəzərdə tutulub?

 

Bütün bu suallara aydınlıq gətirmək məqsədilə AYNA əməkdaşı Təhsil Nazirliyinə sorğu göndərib.

 

Sorğumuza cavab olaraq bildirilib ki, təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiya işlərinin daha da intensiv aparılması məqsədilə ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi 3-9 mart 2020-ci il tarixlərində müvəqqəti dayandırılıb: “Hazırkı vəziyyətdə dərs ilinin uzadılması nəzərdə tutulmur. Buraxılmış dərslərin (5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 4 gün, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 5 gün) kompensasiya edilməsi barədə tövsiyələr hazırlanır. Kompensasiyanın təqvim-tematik planlara yenidən baxılmaqla fənlər üzrə yaxın mövzuların birləşdirilməsi, proqram materialının optimallaşdırılması və intensiv tədrisi hesabına edilməsi nəzərdə tutulur”.

 

Həmçinin qeyd olunub ki, Novruz tətili günlərində təhsil-təlim müəssisələri işləməyəcək: “Novruz bayramı ilə əlaqədar istirahət günləri (20-24 mart) həm də bütün təhsil müəssisələrinə aiddir”.

 

Valideynlərin narahatlığına aydınlıq gətirmək məqsədilə qeyd olunub ki, indiyədək 3100 təhsil müəssisəsi dezinfeksiya olunub: “Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən əksər məktəbdənkənar təhsil müəssisələrinin idman zalları, inzibati, məşğələ otaqları, sanitar qovşaqlar, yeməkxana və digər köməkçi qurğularında dezinfeksiya işləri artıq yekunlaşdırılıb. Digər müəssisələrdə də tədbirlər davam etdirilir”.  

 

Nazirlikdən o da əlavə olunub ki, həmin müddətdə (3-9 mart 2020-ci il tarixlərində) pedaqoji və tədrisə yardımçı heyətin məktəbdə olmasına ehtiyac yoxdur: “Yalnız məktəbdə aparılacaq tibbi-profilaktik və dezinfeksiya işlərinə cəlb olunan texniki heyət məktəbdə müvəqqəti ola bilər. Təhsil Nazirliyi tərəfindən valideynlərə tövsiyələr hazırlanıb. Həmin tövsiyələr yerli təhsili idarəetmə orqanları, həmçinin sosial media vasitəsilə pedaqoji kollektivlərə və valideynlərə çatdırılıb”.

Müəllif: Rumiyyə Miraslan