Yalnız ölkə başçısının müdaxiləsi problemi həll edə bilər
Sultanbud kurqanına edilən təcavüzün dayandırılmasıyla bağlı ötən dörd ay ərzində irəliləyişin olmaması səbəbindən ikinci yazını müzakirəyə təqdim edirəm. Ola bilər ki, kimsə məni qınasın, telefonda və sosial mediada kimlərəsə xoş gəlmək üçün bloka atsın. Olsun. Sözüm yoxdur. Siyasi rəhbərə xoş gəlmək üçün daha sərt tədbirlərə də əl atanlara rast gəlsəm təəccüblənmərəm. Hər halda Ağdamla, Qarabağla bağlı çoxsaylı publisistik məqalələrin, araşdırmaların və monoqrafiya müəllifi olaraq Ağdama, Qarabağa qarşı edilən hər hansı bir cinayəti ümumilkdə Azərbaycanımıza edilən qəsd hesab edirəm.
Doğma Qarabağımızdakı maddi-mədəni irsimizə mənfur ermənilərin etdiyi cinayətləri bütün dünyaya car çəkdiyimiz bir vaxtda, işğal altında olmayan ərazilərdəki qorumalı olduğumuz maddi-mədəni irs nümünələrinə hansı haqla təcavüz edilməsini açığı başa düşmürəm.
Bu məsələdə hər birimizin gördüyü işə, atdığı addıma vaxtı gələndə zaman öz dəyərli qiymətini verəcək. Buna heç şübhəm yoxdur.
Beləliklə, əvvəlcə keçək mövzu ilə əlaqəli mənə ünvanlanan məktubların cavablarına və xüsusən də məktubla bağlı keçirdiyim görüşlərə.
Məktubla əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhlükəsizlik Dövlət Xidmətində və 9 saylı Ağcabədi Regional Ekologiya İdarəsində, ilk əvvəl isə Milli Məclisin Mədəniyyət komitəsində görüşlərim olub. Hər dörd istiqamətdə keçirdiyim görüşlərdə ciddi fikir mübadiləsi aparılmış, qısası, Sultanbud kurqanında aparılan inşaat işlərinin qanunsuz və yolverilməz olduğu bildirilib. Əlavə edim ki, hər bir görüş haqqında mediada məlumatlar da paylaşılıb. Yəni görüşlər qapalı şəkildə keçirilməyib. Hər keçirilən görüşdə bu mövzuya qarşı tərəfin necə həssaslıqla yanaşdıqlarının şahidi oldum. Bununla yanaşı, mövzu ilə əlaqəli AMEA-nın Arxeologiya İnstitutunun rəhbəri Abbas Seyidovla, o cümlədən bir sıra tanınmış alimlərlə söhbətim olub. Hər biri aparılan inşaat işlərinin qanunsuz olduğunu dilə gətirib və bununla bağlı bəzi alimlərimiz hətta fikirlərini sosial media hesablarında paylaşıblar.
İndi isə məktublara keçək. Əvvəlcə xatırladım ki, Sultanbud kurqanı Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin” siyahısına salınıb və adıçəkilən siyahının 2 nömrəli əlavəsində 701 nömrədə qeyd edilməklə tunc dövrünə aid kurqan kimi qeydiyyata alınıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin bizə ünvanladığı məktubda tikintinin dayandırılmasıyla bağlı Ağdam RİH-ə məktub göndərildiyi qeyd edilib. Yəni bir mərkəzi icra orqanı digər bir yerli icra orqanına tikintinin aparılmasının yolverilməz olduğunu bildirib. Ancaq təəssüf edirəm ki, Ağdam RİH-in təşəbbüsü ilə ərazidə tikinti işlərinin dayandırılmasıyla bağlı hələ cari ilin aprel ayında müvafiq orqan tərəfindən Akt tərtib edilsə də, buna məhəl qoymayan Ağdam RİH-in tikinti işlərinin bu gün də davam etdirməsi təəssüf doğurur. Üstəlik, bununla bağlı etdiyimiz müraciətlərə Ağdam RİH-in eyni mövzuyla bağlı bir-birini təkzib edən cavabların verilməsi bizi ümumiyyətlə təəccübləndirdi. Bizə yazılan cavabda qeyd edilir: “Son illər yağış, həmçinin qrunt suları nəticəsində təpədə dərin çatlar əməl gəlib, salınmış Bayraq meydanına və bayraq dirəyi üçün labud təhlükə yaranıb. Baş verə biləcək təhlükənin, həmçinin torpaq sürüşməsinin qarşısının alınması ilə dövlət əhəmiyyətli tarixi abidə olması nəzərə alınaraq təpədə bərkitmə işləri aparılıb və vətəndaşların Bayraq meydanına rahat çıxması üçün ətraf yaşıllıq zolağına zərər vurulmadan piyada pilləkən yolu salınıb”.
Hörmətli oxucu, cavabı xahiş edirəm diqqətlə oxuyasınız, yəni yazılır ki, “son illər yağış, həmçinin qrunt suları nəticəsində təpədə dərin çatlar əməl gəlib”. Məhz bu qrunt sularının yaratdığı “təhlükəni qabaqlamaq məqsədiylə ərazidə bərkitmə işləri aparılıb”. Mənə çox maraqlıdır, təpənin baş tərəfində qrunt suları necə yaranır və yaxud ümumiyyətlə yarana bilərmi? Üstəlik, qeyd edilir ki, Bayraq meydanına sakinlərin rahat qalxması üçün ətraf yaşıllıq zolağına zərər vurulmadan piyada pilləkən yolu salınıb. Yaxşı, bəs arxa tərəfdə vaxtilə salınan asfalt yolun aqibəti necə olacaq? Bir də ki, kurqanın arxa tərəfində asfalt yolun çəkildiyi halda yenidən kurqanı dağıdaraq piyada pilləkan yolun salınmasının nə əhəmiyyəti var idi? Piyada pilləkən yolunun salınmasına çəkilən xərclə kiçik bir istehsal sahəsi yaratmaq olardı və beş yerli sakində işlə təmin edilərdi. Yoxsa rayonda işsizlik problemi öz həllini tapıb, xəbərimiz yoxdur. Bir də ki, sual olunur, görülən işlər hansı maliyyə vəsaitiylə həyata keçirilir? Üstəlik, kurqan üzərində Bayraq meydanının salınmasının bu şəkildə və indiki məqamda belə bəh-bəhlə qabardılmasının arxasında hansı məqsədlər dayanır?
Digər bir məqamı əlavə edim ki, Ekologya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ağcabədi Regional İdarəsinin göndərdiyi cavabda qeyd edilir ki, “son illər yeraltı su mənbələrinin səviyyəsinin aşağı düşməsi nəticəsində” meşənin sulanmasında problem yaşanmaqdadır. Bir tərəfdən Xaçın çayın mütəmadi olaraq axmaması, digər tərəfdən yeraltı su mənbəyinin səviyyəsinin aşağı düşdüyü halda qrunt sularının yaratdığı təhlükədən danışmaq ən azı səmimiyyətdən uzaq bir fərziyyədir.
Mənə çox maraqlıdır, bu cavabı Ağdam RİH-in başçısı çox hörmətli Vaqif Həsənov oxuyubmu? Əgər oxuyubsa, nə reaksiya verib, yəni özü yazılanlara inanıbmı? Yəni yalanın bu qədər geniş arealda yayılacağını düşünməyiblərmi ki, yazılan məktubların cavabları məktub müəllifinə də veriləcək və o da “yeddi arxa dönənini tanıyan” ziyalı olaraq bu reaksiyanı hörmətsizlik kimi qəbul edəcək. Etiraf edim ki, bu cavabı yazanların yerinə xəcalət çəkdim.
Təəccüb doğuran ikinci məqam isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusuna Ağdam RİH tərəfindən tamam başqa bir cavabın verilməsidir. Yəni “Ağdam RİH-in idarəyə 18.07.2022 ci il tarixli 02/733 saylı məktubda təqdim edərək ərazidə yaşıllıq zolağına ziyan vurulmadığını, əlavə olaraq 4000 ədəd müxtəlif cinsli ağacların əkilərək suvarma sistemi ilə təmin edildiyini, həmçinin təpənin ən hündür olan hissəsində “Dəmir yumruq” abidəsinin tikinti işlərinin aparıldığını qeyd etmişdir”.
Təkrar edirəm, dostlar, bu cavabları bir müqayisə edin. Bu cavab konkret olaraq Ağdam RİH tərəfindən kurqan üzərində tikintinin aparılması etiraf edilir. Hansı addımların atıldığı isə konkret qeyd edilir. Bu məqamda da Ağdam RİH yenə yalana üstünlük verməyə çalışıb. Birincisi, bu ərazidə 4000 ədəd əkilən ağacın suvarılması üçün damcı suvarma sistemi təzəlikcə deyil, 2015-ci ildə quraşdırılıb. Başqasının gördüyü işi öz adına çıxmaq heç bir məntiqə söykənmir. Üstəlik, 2014-cü ildə şəxsən özümün çəkdiyim şəkillərdə olan onlarca ağacların aqibəti bəlli deyil. Bununla bağlı müraciət etdiyim 9 saylı Ağcabədi Regional Ekologiya İdarəsinin əməkdaşının müəmmalı və özünümüdafiə xarakterli cavabı məni qane etmədi. Hiss olunurdu ki, ağacların “qeybə” çəkilməsindən tam məlumatlıdır. Sultanbud meşəsində yaranmış vəziyyətlə bağlı bizə ünvanlanan cavabda bəzi neqativlər həqiqətən etiraf edilsə də, ümumən prosesə susqunluq göstərilməsi və “gözyumulması” da başadüşülən deyil. Gəlin unutmayaq ki, 742 hektarlıq ərazidə adı “Qırmızı kitab”a düşmüş “Saqqız” ağacının gələcək taleyinə 9 saylı Ağcabədi Regional Ekologiya İdarəsi tərəfindən biganə yanaşılması yolverilməzdir. Konkret.
Düşünürəm ki, müvafiq idarənin rəhbərliyi nazirlik tərəfindən son iyirmi ildə ərazidə hansı işlərin görüldüyünü yox, görülmədiyini etiraf etməklə bərabər, ərazidə məskunlaşan 200 məcbur köçkün ailəsini bəhanə gətirərək meşəni konkret olaraq bərbad günə qoyulmasına şahidlik etməli deyildi. Bununla yanaşı, nazirliyin regional idarəsi özünündə günah payının olduğunu etiraf etməliydi.
Beləliklə, cənab Prezident İlham Əliyev otuz ilə yaxın bir müddətdə mənfur erməni işğalı altında olan ərazilərdəki maddi-mədəni irs nümunələrinin mühafizəsi və bərpasına ciddi diqqət etdiyi bir vaxtda Ağdam RİH tərəfindən tunc dövrünə aid edilən abidənin üzərində başqa bir abidənin inşa edilməsi başa düşülən deyil.
Cənab Prezident İlham Əliyev qədim maddi-mədəni irs nümunəsi olan “Diri baba” türbəsinin bərpasıyla bağlı çıxışında qeyd edib: “Bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək..." Cənab Prezidentin bu fikrinə qarşı rayonun siyasi rəhbərinin, əksinə təkidlə maddi-mədəni irs nümunəsinə təcavüz etməsi yolverilməzdir və ən azı qanunlarımıza hörmətsizlik kimi qəbul edilməlidir.
Əlavə edim ki, çoxsaylı tarixi hadisələrə şahidlik etmiş Sultanbud kurqanında bu gün əsaslı tikinti işlərinin aparılması, habelə Sultanbud meşəsinin acınacaqlı duruma düşməsi, qədim tarixi abidəni qorumalı olduğumuz halda üzərində başqa bir abidənin tikintisinin aparılmasının hansı zəruriətdən yarandığını, ərazidə aparılan tikinti işləriylə bağlı layihənin ictimai müzakirəyə çıxarılmaması Ağdamla, Qarabağla bağlı çoxsaylı araşdırma və monoqrafiya müəllifi olaraq tək məni deyil, həmçinin mövzu ilə bağlı əlaqə saxladığım onlarca tanınmış ziyalını da narahat etməkdədir. Bir çox ziyalıların, xüsusəndə qədim tarixə sahiblik edən İmamqulubəyli kəndindən çıxmış çoxsaylı ailm və ziyalıları da bizim qaldırğımız məsələ ilə bağlı ciddi narahatlıqlarını ifadə etməkdədirlər.
***
Bu günlərdə Ağdama, doğma Quzanlı kəndinə gedərkən yolüstü 9 saylı Ağcabədi regional ekologiya idarəsində idarənin rəhbərliyi ilə maraqlı söhbətim oldu. Suallara cavabından hiss olunurdu ki təcrübəli kadrdır. Görüşdüyüm bəzi məmurlar kimi Vətəninə və dövlətinə bağlı olan insan təsirini yaratmış oldu.
Ancaq əlavə etməliyəm ki, yüksək intellekt sahibi olan idarə rəisində, digər görüşdüyüm məmurlarda oldugu kimi, xarakterində “ötkəmlik hissi” olsaydı, bəlkədə belə problemlərdə yaşanmazdı. İdarənin mənafeyini qorunması əslində dövlət idarəçiliyinin qorunması kimi başa düşünülməlidir. Bir çox məmurlarımızda idarənin mənafeyinin qoruması üçün dəridən-qabıqdan çıxma hissinin olması problemin elə beşikdəcə boğulmasına bir növ şərait yaratmış olardı. Məmur xarakterindəki “ötgəmlik hissinin” olmamasının nəticəsidir ki, bütün qurumlar sadəcə quru bir cavab yazmaqla işlərini bitirmiş hesab ediblər. Məhz yazılan o quru cavabların nəticəsidir ki, qanunsuz tikinti işləri davam etdirilməkdədir.
***
Son olaraq bir məqamı da qeyd etməyi özümə borc bilirəm. Açığı, bu proseslərdə Ağdam RİH başçısı cənab Vaqif Həsənovun inadkarlıq edərək tikintinin davam etdirməsi başa düşülən deyil. Ərkim çatan insanlar vasitəsiylə müxtəlif səpgili və məzmunlu “sifarişlərin” göndərilməsinə, hər addımın “yuxarıdan” razılıq alındığını dilə gətirilməsinin tez-tez vurğulanmasını nədənsə qəbul etmədim. Yuxarıdan “dobro” verilə bilər. Və bunu ehtimal edirəm. Amma yuxarıdakı məmura izah verilibmi ki, bu təpə yox, kurqandır. “Dobro” verən məmurun bəlkə bu prosesdən heç xəbəri yoxdur. Belə çıxır ki, öz niyyətini həyata keçirmək məqsədiylə yuxarıdakı məmurdan “dobro” almaq üçün növbəti dəfə həqiqəti söyləməmişik. Üstəlik hər “sifariş” gətirənlərlə sonuncu cümləm təxminən belə olub: “müəllimə deyin, əlaqə yaratsın, telefonla müzakirə edək və mənə bu addımını hansı səbəbdən atdığını açıqlasın”.
Təəssüf ki, ziyalıya zəng etməyi özünə sığışdırmayan çox hörmətli Vaqif Həsənovun bu susqunluğunu məqbul saymıram.
Onu da əlavə edim ki, hər zəng edib xahiş edən əzizlərimə görə, problemin araşdırılmasını və ictimailəşdirilməsini bir xeyli ləngtimişəm. Əsas məqsədim isə “bəlkədə dayandırdılar” prinsipi olub. Amma təəsüf ki, hər dəfə yanılmışam....
***
Yekun olaraq qeyd edim ki, biz bir ziyalı olaraq öz missiyamızı yerinə yetiririk. Tövsiyə edərdim ki, cənab Prezident İlham Əliyev bu proseslərdən xəbərdar olmamış tikinti işləri dayandırılsın və ərazi “Türkan Daş yoları”ndakı kimi dəmir torla hasara alınsın və arxeoloji qazıntılara start verilsin.
Qazıntılar zamanı üzə çıxacaq maddi-mədəni irs nümunələrini gördükcə yəqin ki, bu tikintini aparmağa təkid edənlər səhvlərini yöx, törətdikləri cinayət əməlini etiraf etmək məcburiyyətində qalacaqlar.
Qaldı ki, “Dəmir Yumruq” abidəsinə, ötən yazıda bununla bağlı təklifimi vermişdirm. Yəni Bərdə-Ağdam avtomobil magistralı boyunca Xaçınçay sahilində bizim sonuncu postumuzda inşa edilməsi daha məqsədəuyğun olardı. Hər halda bu bir təklifdi.
****
Gedişat ondan xəbər verir ki, Mədəniyyət Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər nazirliyinin susqunluğundan və passiv mövqe tutaraq “gözyummasından” istifadə edən Ağdam RİH başçısı bütün maneələri “dəf edərək” tikintini davam etdirmək niyyətindən əl çəkməyəcək. Ehtimal etmək olar ki, o abidə gələcəkdə gəlir gətirən “obyektə” də çevrilsin. Bəlkə də hələ kurqanın üzərində daha möhtəşəm bir abidə də ucaltmaq arzusunu da gerçəkləşdirsin. Olsun. Amma Sultanbud kurqanı kimi Qafqazın ən qədim mədəni irs nümunəsinin üzərinə çalın-çarpaz dağ çəkdiyindən siyasi rəhbər ağdamlıların qəlbində mədəni-irsimizə xəyanət edən şəxs kimi qalacaq. Konkret.
Yeri gəlmişkən onu da əlavə edim ki, siyasi rəhbərin əsas vəzifələrindən biri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 3.12.7. maddəsində qeyd edilir, yəni rayonun icra başçısı həmçinin “tarix, mədəniyyət, təbiət abidələrinin və mədəni irs obyektlərinin qorunması işini təşkil edir.” Nə isə....
***
Beləliklə, növbəti yazıya son nöqtəni qoyuram. Qalır tikintinin dayandırılmasıyla bağlı son nöqtənin qoyulması. Yəqin ki, o gün çox da uzaqda deyil...
Vüqar Tofiqli
P.S. Yazıda adları gedən tərəflərin hər birinin fikir və mülahizələrini saytda yerləşdirməyə hazırıq.
P.S.S. Yazı da qaldırılan məsələlərlə bağlı avqust ayının 27 də Prezident Adminstrasiyasının rəhbəri çox hörmətli Samir Nuriyevə rəsmi müraciət ünvanlamışam. Yəqin ki, nəticəsi olacağına əminəm..









