Rusiya Premyer Liqası 6 qolla bərpa olunub

İdman

19.06.2020 - 23:37

Qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb

 

Futbol üzrə Rusiya Premyer Liqasında koronavirus pandemiyası ilə bağlı yaranmış məcburi fasilə bu gün başa çatıb.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, yerli çempionat "Krılya Sovetov" - "Axmat" oyunu ilə bərpa olunub.

 

Qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı 6-cı dəqiqədə meydan sahiblərinin heyətində Taras Burlak açıb. 20-ci dəqiqədə matç dayandırılıb və stadionda olanlar koronavirusla mübarizə aparan həkimləri alqışlayıblar. İlk yarı bu hesabla başa çatıb.


İkinci hissədə təşəbbüsü ələ alan Qroznı təmsilçisi Vladimir İlyin (54, 66), Denis Qluşakov (59) və Bernard Berişanın (69) qolları ilə hesabı 4:1 edib. Görüşdə son nöqtəni isə Samara təmsilçisi qoyub. Maksim Qluşenkovun vurduğu qol yekun hesabı müəyyənləşdirib.

 

Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran "Axmat" autsayder mövqeyindən 13-cü yerə yüksəlib. Əvəzində isə 20 xalda qalan "Krılya Sovetov" sonuncu pilləyə geriləyib.

 

Günün digər oyununda "Rostov" və "Soçi" komandaları üz-üzə gələcəklər.

 

Qeyd edək ki, Premyer Liqada turnir cədvəlinə 50 xalla "Zenit" başçılıq edir.

Müəllif: Ayna.az