Respublika Diaqnostika Mərkəzindəki intiharla bağlı rəsmi məlumat

Hadisə

08.11.2019 - 11:41

Səhiyyə Nazirliyi: Yaxın günlərdə evə yazılması planlaşdırılırdı

 

Dünya statistikasına görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən və böyrək transplantasiyası icra olunmuş xəstələrin 25%-i ağır depressiv vəziyyətdə olur. Bununla bərabər, dünyada aparılan ciddi statistik araşdırmalara görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin 21%-ində suisidial cəhdlər qeydə alınır.

 

Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, dünya üzrə xəstəxanalarda baş verən suisidial hallar isə 6,1% təşkil edir.

 

“Qeyd etmək istəyirik ki, böyrəkköçürmə əməliyyatından əvvəl hər bir xəstə və donoru psixiatr müayinəsindən mütləq şəkildə keçir. Martın 1-də müayinə olunmaq üçün Respublika Diaqnostika Mərkəzinə müraciət edən, 1976-cı il təvəllüdlü Gülməmmədov İlkin Şubay oğlu da bütün zəruri müayinələrdən, həmçinin psixiatr baxışından keçib. Sentyabrın 23-də xəstə əməliyyat olunaraq ona böyrək köçürülüb. Oktyabrın 5-i normal vəziyyətdə evə yazılıb. Xəstənin əməliyyatla bağlı bütün xərcləri Səhiyyə Nazirliyi tərəfindən ödənilib”, - deyə SN-dən qeyd olunub.

 

Nazirliyin məlumatına görə, xəstə aldığı immunsupressiv (immunitet sisteminin zəifliyi) müalicə ilə bağlı bir sıra narahatlıqlar yaşadığından yenidən müayinə olunması üçün oktyabrın 9-da xəstəxanaya yerləşdirilib: “Həmin tarixdən noyabrın 7-nə kimi aparılan müalicə nəticəsində xəstənin ümumi vəziyyətində yaxşılaşma müşahidə olunub. Xəstənin laborator göstəriciləri və əməliyyatdan sonra köçürülmüş böyrəyinin vəziyyəti normal və qənaətbəxş idi. O, xəstəxanada müalicədə olduğu müddət ərzində, həmçinin intihar hadisəsinin baş verdiyi gün də ailə üzvləri ilə görüş olub. Yaxın günlərdə evə yazılması planlaşdırılırdı”.

 

Qeyd edək ki, pasiyent Gülməmmədov İlkin noyabrın 7-də isə müalicə olunduğu xəstəxananın 5-ci mərtəbəsinin pəncərəsindən özünü yerə atıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az