Ramin Musayev: “Millimiz hər oyunda olduğu kimi, bu oyunda da rəqibə müqavimət göstərəcək”
Xəbər verdiyimiz ki, bu gün E qrupunda Azərbaycan və Xorvatiya milli komandalarının “Bakcell Arena”da 5-ci tur üzrə qarşılaşması baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Oyunöncəsi gözləntilərini AYNA-ya açıqlayan Peşəkar Futbol Liqasının (PFL) Prezidenti Ramin Musayev xatırladıb ki, Xorvatiya milli komandası keçən il Dünya Çempionatının finalçısı olub: “Belə olan halda, matçın harada keçirilməsindən asılı olmayaraq, Azərbaycanın şansları Xorvatiya qarşısında, demək olar ki, 0-a bərabərdir”.
“Bu oyunda əsas rolu güc amili oynayacaq. Burda əsas məsələ komandaların gücündən asılıdır. İdman bəxti gətirsə, oyundan sülhlə ayrılmaq da mümkündür. Amma ümumi gedişatı götürsək, komandaların oyun tərzi müqayisə olunmamalıdır”, - Musayev bildirib.
“Ancaq onu da qeyd etmək lazımdır ki, millimiz hər oyunda olduğu kimi, bu oyunda da rəqibə müqavimət göstərəcək. Yəni futbolda hər şey mümkündür”, - deyə o,əlavə edib.
Qeyd edək ki, Azərbaycan Milli Komandası bu oyuna qədər 4 qarşılaşma keçirib və 0 xalla sonuncu pillədə qərarlaşıb. Yığmamız bu gün tilsimi sındıraraq, qrup mərhələsində ilk xallarını qazanmağa çalışacaq.