Referendum qayıdır: iddia, mülahizə və arzular

Siyasət

26.10.2023 - 10:19

Növbədənkənar parlament seçkiləri keçiriləcək?

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov deyib ki, gələn il Azərbaycanda Konstitusiyaya düzəlişlər üzrə referendum və növbədənkənar parlament seçkiləri keçiriləcək. Onun sözlərinə görə, gələn il hökumət proporsional qaydada və səsləri nisbətən düzgün sayaraq seçki keçirmək istəyir: “Niyəsini qoyaq kənara. Yaxşı, onda bu partiyaların hamısı kimin səsindən “dişləyib aparacaq”? Əlbəttə, Yeni Azərbaycan Partiyasının (YAP). Yəni, tutalım Prezidentin daxili və xarici siyasətini illərdir dəstəkləyən X adlı partiya seçkiyə qatılır. Bu partiyanın yoxluğunda onun seçicisi kimə səs verərdi? Əlbəttə, YAP-a. Amma yarışa həm o X, həm də onun kimi olan W, Y, Z və s. partiyalar qatılırsa, onların hərəsi 0,5 faizdən tutmuş 5 faizə qədər xırda dişləmlərlə YAP-ın nəticəsini zəiflədəcək”.

Məmmədov bildirib ki, bunu anlayan hökumət partiyaların ümumi sayını son bir ildə 60-dan 26-ya endirib: “Amma YAP seçkidə həqiqi səs itirmək istəmirsə, bu proses davam edəcək. Onsuz da dediyim kimi, belə partiyaların mövcudluğunda heç bir dürüst ideoloji məntiq yoxdur. İndi isə həm də seçki məntiqi yoxdur”.

Qeyd edək ki, vaxtından əvvəl parlament seçkilərinin və Konstitusiyaya düzəlişlər üzrə referendumun keçirilməsi uzun müddətdir gündəmdədir. Azərbaycan hökuməti bununla bağlı informasiyaları rəsmi təsdiq etməsə də, qarşıdakı aylarda belə bir qərarın veriləcəyi gözlənilir.

Bəs, Konstitusiyaya düzəlişlər üzrə referendum və vaxtından əvvəl parlament seçkiləri ölkəmizin siyasi həyatında hansı dəyişikliklərə səbəb olacaq? AYNA mövzunu siyasi partiya sədrləri ilə müzakirə edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı söyləyib ki, növbədənkənar parlament seçkilərinin və Konstitusiyaya düzəlişlər üzrə referendumun keçirilməsi uzun müddətdir müzakirə olunur: “Bununla bağlı müxtəlif şayiələr gəzir. Düzdür, rəsmi olaraq Azərbaycan hökuməti bunu təsdiq etmir. Çox təəssüf ki, Azərbaycanda indiyə qədər keçirilən Konstitusiya referendumları islahat adı altında imitasiya xarakterli olub və siyasi hakimiyyətin mənafeyinə cavab verib. Ehtimal var ki, növbəti dəyişikliklər zamanı da belə olacaq”.

“Lakin 44 günlük vətən müharibəsi zamanı əldə olunan tarixi zəfərdən və lokal antiterror əməliyyatları zamanı ölkəmizin suverenliyinin tam bərpa olunmasından sonra iqtidarın imkanı və şansı var ki, real demokratik islahatlar aparsın. Həm referendumda nəzərdə tutulan düzəlişlər ölkəmizin rifahına xidmət etsin, həm də demokratik parlament seçkiləri keçirilsin. Cəmiyyətdə bununla bağlı ciddi gözləntilər mövcuddur. Yaxşı olardı ki, Azərbaycan hakimiyyəti də buna adekvat reaksiya nümayiş etdirsin”, - deyə siyasətçi bildirib.

Başqan parlamentin hansı formada təşkil olunacağı barədə məlumatsız olduğunu deyib: “Müxtəlif mülahizələr irəli sürülür. Bunlardan biri də prosporsional seçki sisteminin bərpası ilə bağlıdır. Hesab edirəm ki, belə bir addımın atılması labüddür. Əslində, o zaman proporsional seçki sisteminin ləğvi qərarı əsassız idi. Siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmişdi. Hansı ki, dünya təcrübəsinə istinad etsək, görərik ki, əksər ölkələrdə parlament siyasi partiyalardan formalaşır. Bəzi ölkələrdə isə tam şəkildə proporsional qayadada müəyyənləşir. Azərbaycanda siyasi partiyaların parlamentdəki rolunu artırmaq lazımdır”.

Hacılı əlavə edib ki, parlament seçkilərində iştirakla bağlı qərarı seçkilər elan olunandan sonra verəcəklər: “Hazırda bu məsələ müzakirə mərhələsindədir və indidən bu barədə hər hansı fikir bildirmək doğru olmazdı”.

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, qeyri-ciddi bəyanatlara əhəmiyyət vermək lazım deyil: “Hesab edirəm ki, bu cür məzmunsuz açıqlamalara lüzum yoxdur. Uzun müddətdir bu barədə ehtimallar səslənsə də, Azərbaycan hakimiyyəti buna əsas yaradacaq heç bir açıqlama vermir. Düşünürəm ki, bu tip fikirlər sifarişlidir və siyasi qüvvələrdə ruh yüksəkliyi, gözləntilər yaratmağa xidmət edir. Həm də bununla ictimaiyyətin nəbzini yoxlayırlar”.

“Lakin o da mümkündür ki, həm referendum, həm də növbədənkənar seçkilər keçirilsin. Yalnız rəsmi qərardan sonra bu barədə mülahizələr yürütmək mümkün olacaq. İndiki halda isə bu barədə danışmaz mənasızdır”, - deyə partiya lideri vurğulayıb.

ADP sədri proporsional seçki sisteminin bərpasını labüd sayır: “Dünyanın heç yerində qanunverici orqan yalnız mojaritar qaydada formalaşmır. Bizim parlament isə bitərəflərlə doludur. Konstitusiya referendumu və parlamentin tərkibinin dəyişməsi vacibdir. Buna zərurət var. Lakin görünən odur ki, hakimiyyəti bunu etməkdə maraqlı deyil. Dövri olaraq ictimaiyyətə müəyyən mesajlar verilsə də, nəinki təsdiqlənmir, əksinə, qəti olaraq təkzib edilir. Ölkəmizin siyasi həyatına yeniliklər gəlməlidir. Siyasi partiyaların fəaliyyəti üçün münbit şərait yaradılmalıdır. Bunun üçün əsas addım demokratik islahatlar aparmaq və porsporsional seçki sistemini bərpa etməkdir”.

Azərbaycan Xalq Partiyasının (AXP) Pənah Hüseyn də Konstitusiya referendumunun və növbədənkənar parlament seçkilərinin keçirilməsinin gözlənildiyini qeyd edib: “Əslində bu barədə müzakirələr uzun müddətdir davam edir. Lakin rəsmi səviyyədə təsdiq olunmur. Belə bir siyasi qərar olarsa, təbii ki, biz də seçkilərdə fəal iştirak edəcəyik. Hesab edirəm ki, ölkədə dərin siyasi islahatlar aparılmalıdır. Bu baxımdan Konstitusiyaya düzəlişlər üzrə referendumun keçirilməsinə ciddi ehtiyac var. Eyni zamanda siyasi partiyalarla bağlı müddəa da Konstitusiyaya salınmalıdır”.

“Parlamentə gəldikdə isə, proporsional sistemin bərpası vacibdir. Hansı ki, bunun baş verəcəyi ehtimalları da yüksəkdir. Siyasi partiyaların rolunun artırılması baxımından bu qərarın verilməsi əvəzsizdir”, - deyə müsahibimiz bildirib.

AXP sədrinin qənaətincə, bütün siyasi partiyalar seçkilərdə iştirak etməlidir: “Bunun üçün münbit şərait yaradılmalıdır. Açıq şəkildə qeyd etmək lazımdır ki, son illər atılan addımlar, verilən qərarlar dinamikdir və partiyaların cəmiyyətdəki rolunun artırılmasına xidmət edir. Bu siyasət bundan sonra da davam etməli və genişləndirilməlidir. Azərbaycan son illərdə mühüm tarixi hadisələr yaşayıb. 30 ildir düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edilib. Ölkəmizin suverenliyi tam şəkildə bərpa olunub. Hesab edirəm ki, Azərbaycan iqtidarının növbəti addımı siyasi islahatları dərinləşdirmək və demokratik mühiti təmin etmək olmalıdır”.

Müəllif: Azər Niftiyev