Kitabtoplama kampaniyası davam edir
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi “Qarabağa kitabla gedək” kitabtoplama kampaniyasına ADA Universitetinin kitabxanası da qoşulub.
Milli Kitabxanadan AYNA-ya bildirilib ki, ADA Universiteti kitabxanasının direktoru Elçin Məmmədov bu kampaniyanı mütərəqqi bir layihə kimi qiymətləndirib. Bildirib ki, kitabxana 754 adda 1257 nüsxə ədəbiyyatı “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində Milli Kitabxanaya təqdim edib. Vurğulayıb ki, tezliklə toplanan bütün kitablar Qarabağda bərpa olunacaq kitabxanalara göndəriləcək və oxucular bu ədəbiyyatlardan yararlanacaqlar.
Sonda Elçin Məmmədov hər bir azərbaycanlını bu nəcib təşəbbüsə qoşulmağa dəvət edib.