““Qara siyahı”da deyiləmsə, AzTV məni efirə dəvət etsin”

Mədəniyyət

06.08.2019 - 18:10

 

Bir neçə gün öncə Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyev AYNAya müsahibəsində bildirmişdi ki, televiziya kanalları onun adını “qara siyahı”ya salıblar. C.Quliyev, həmçinin qeyd etmişdi ki, Azərbaycan Dövlət Televiziyasından ona bir müddət əvvəl iş təklif olunub, ancaq sonradan bəstəkara bəlli olmayan səbəblərdən təklif geri çəkilib.

 

Bəstəkarın bu ittihamlarına AzTV-dən cavab verilib. Bildirilib ki, AzTV-dən Cavanşir Quliyevə heç bir müraciət olmayıb və yaxud bundan imtina olunmayıb. O da qeyd olunub ki, bəstəkara heç bir qadağa yoxdur, verilişlərdə Cavanşir Quliyevin repertuarına yer verilir. 

 

C.Quliyev AYNAya yenidən açıqlama verərək AzTV-nin rəsmi mövqeyinə münasibət bildirib: “Mən tamaşaya musiqi yazmağımın təklif edilməsini sübut edə bilərəm. Bu sübut internet üzərindən mənə göndərilmiş məktubdan və içərisinə əlavə edilmiş pyesdən ibarətdir. O məktub mənə 10 iyunda tamaşanın rejissoru tərəfindən göndərilib. İyun ayını 18-də “WhatsApp” üzərindən danışmışıq, həmin qeydlər də qalır”.

 

“AzTV bəyan edir ki, rəsmi müraciət etməmişik. Bununla da tamaşaçıları, oxucuları məsələdən yayındırır. Demək istəyirlər ki, mənimlə tamaşaya musiqi yazılışı ilə bağlı rəsmi müqavilə imzalanmayıb. Əslində isə müqavilə tamaşa efirə getməmişdən 2-3 gün öncə imzalanır. Mən orada illərlə işləmişəm, heç vaxt əvvəlcədən müqavilə imzalanmayıb. Mənə cavab vermək naminə, bu formal prosesdən yapışıb, deyirlər ki, rəsmi müraciət etməmişik. Bəs qosqoca telekanalın birlik rəhbəri, onlarla işçinin fəaliyyətini tənzimləyən məmur rəsmi adam deyilmi? Bəli, rəsmi müraciət olunmayıb, çünki buna icazə verilməyib” – deyə bəstəkar vurğulayıb.

 

Müsahibimiz AzTV-də onun əsərlərindən istifadə edilməsi məsələsinə də aydınlıq gətirib: “Televiziyanın bəyanatında deyilir ki, “Cavanşirin əsərlərini, adətən proqramlarda istifadə edirik”. Bəli, köhnə əsərlərimdən istifadə edirlər, ancaq deyə bilməzlər ki, son dəfə hansı yeni əsərimdən istifadə ediblər. Heç kim deyə bilməz ki, mənim yeni əsərimdən istifadə olunub”.

 

“Yenə bəyan edirəm, mən Azərbaycan Dövlət Televiziyasının “qara siyahı”sındayam, əgər belə hesab etmirlərsə, məni canlı yayıma dəvət etsinlər” – deyə Əməkdar incəsənət xadimi qeyd edib.

 

Qeyd edək ki, bəstəkarın səsləndirdiyi ittihamlara AzTV-nin "Sabah” Yaradıcılıq Studiyasının rəhbəri Şərif Qurbanəliyev də münasibət bildirib.

 

Ş.Qurbanəliyev sözlərinə görə, C.Quliyevə müraciət etmək onun şəxsi təşəbbüsü olub: “Məndə filmin ideyası yarandığı vaxt bəstəkar Cavanşir Quliyevə müraciət edim. Bu barədə söhbətlərimiz oldu. Soruşdum ki, filmi çəkəcəyim halda o mənə yardım edəcəkmi? Lakin o vaxt bu, hələ mənim şəxsi təşəbbüsüm idi və  filmin istehsala buraxılması sual altında idi. Onunla aramızdakı söhbət sadəcə yaradıcılıq müzakirəsi idi. Bu, bəstəkarımıza hansısa işin həvalə olunması və sonradan ondan imtina edilməsi anlamına gələ bilməz”.

Müəllif: Rumiyyə Miraslan