Prezidentdən Şamaxı ilə bağlı iki sərəncam

Xəbərlər

28.11.2019 - 18:07

Şamaxıda xidmət infrastrukturunun texniki təminatı gücləndiriləcək

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şamaxı rayonunun Bakı–Şamaxı–Yevlax (115 km)–Qonaqkənd–Həmyəli– İkinci Çaylı–İkinci Cabanı–Cabanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 

 

AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir: 

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Bakı–Şamaxı–Yevlax (115 km)–Qonaqkənd–Həmyəli–İkinci Çaylı–İkinci Cabanı–Cabanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,1 milyon (on bir milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

 

Prezident İlham Əliyev Şamaxı rayonunda xidmət infrastrukturunun texniki təminatının gücləndirilməsi haqqında da sərəncam imzalayıb: 

 

"Şamaxı rayonunda xidmət infrastrukturunun müasir tələblər səviyyəsində yenidən qurulması, ətraf mühitin mühafizəsi, kommunal, sanitariya və digər xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Şamaxı rayonunda məişət tullantılarının daşınması və utilizasiyası, yolların təmizlənməsi, ictimai nəqliyyat xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi üçün texnika və avadanlıq alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 7,0 (yeddi) milyon manatı Şamaxı Rayon İcra Hakimiyyətinə ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Müəllif: Ayna.az