Şamil Tağıyev: “Regionlarda diasporlar arasında münaqişənin yolverilməzliyi barədə razılıqlar əldə olunub”
Moskvada və bütövlükdə Rusiyada Azərbaycan və erməni diasporları arasındakı toqquşmalarla bağlı vəziyyət nəzarət altına alınıb. Mövzu ilə bağlı AYNA-ya açıqlama verən Moskvadakı Azərbaycan icmasının rəhbəri Şamil Tağıyevin sözlərinə görə, iyulun 27-dən etibarən vəziyyət nisbətən stabilləşib.
“Polislər Moskva şəhəri və vilayətinin hər yerində həbsləri davam etdirir. Onlar azərbaycanlıların və ermənilərin toplaşdığı restoranlara, marketlərə, bazarlara girir, hamını yığıb aparır və iki-üç saat saxlayırlar. Bəzən onlar səhərə qədər şöbədə saxlanılır, yoxlanılır və sonra son iğtişaşlarda iştirak etmədikləri təqdirdə sərbəst buraxılırlar”, - icma rəhbəri deyib.
Tağıyev bildirib ki, təkcə dünən onlara hüquqi yardıma ehtiyacı olan 15 nəfər nəfər müraciət edib: “Biz onlara vəkil verdik. Ümumiyyətlə, demək lazımdır ki, bütün bu məsələ səfirliyin və Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Hüquqşünaslar işləyir, demək olar ki, hər saat saxlanılanlar barədə qohumlarından məlumat alırıq.
“Erməni diasporundan da həbslər var. "1001 gecə" restoranına hücum edən ermənilər saxlanılıb, barələrində "Oğurluq və xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb. Ümumiyyətlə, ermənilər kütləvi şəkildə sənədləri yoxlamaq üçün saxlanılır. Məsələn, dünən Rusiya vətəndaşı olan bir soydaşımız bizə zəng etdi. Axtarışda olan bir şəxsə çox bənzədiyi üçün onu şöbəyə aparıb, sənədlərini yoxladıqdan sonra sərbəst buraxıblar. Soydaşımız dedi ki, şöbədə çox sayda erməni vardı”, - həmsöhbətimiz vurğulayıb.
Rusiyanın bölgələrindəki vəziyyətdən danışan Tağıyevin sözlərinə görə, oralarda sakitçilikdir: “Çünki diasporlar arasında münaqişə vəziyyətinin yolverilməzliyi barədə regional rəhbərlik və icma rəhbərləri səviyyəsində razılıqlar əldə olunub. Buna görə də orada bütün məsələlər vaxtında həll edildi, bu da tərəflər arasında kəskinləşmənin qarşısını almağa imkan verdi. Bəzi yerlərdə yaşlı nəslin nümayəndələri arasında heç kimin heç bir obyektə hücum etməyəcəyi barədə razılıq əldə olundu”.
Müsahimiz saxlanılanların deportasiyası məsələsinə də toxunub: “Sərhədlərin bağlanmasına görə indi kimisə deport etmək mümkün deyil. Ancaq Daxili İşlər Nazirliyinin açıqlaması var ki, bu hadisələrdə iştirak etmiş bütün şəxslər öz cəzalarını çəkdikdən sonra Rusiyadan deport ediləcəklər”.