Polis, əl saxla!

Cəmiyyət

26.06.2020 - 13:23

Əgər polisi bir qrup müəllim və ya həkim döyərsə...

 

Dəfələrlə qeyd etmişik və təsdiqləməkdə davam edirik ki, bəzi Azərbaycan vətəndaşlarında hər cür qadağalara, qanunla müəyyən edilmiş qaydalara bir növ allergiya var. Azərbaycanlıların qanunla hesablaşmaq istəməməsi bu gün - koronavirusun tüğyan etdiyi bir vaxtda özünü bir daha biruzə verdi. Belə qaydalara etinasızlıq və ölümcül virusa şübhə ilə yanaşmağımız bizi bugünkü mənzərə qarşısında qoyub: Hər gün koronavirusa yoluxanların sayı artır.

 

Belə yanaşmanın nəticəsidir ki, 21 iyun - 5 iyul tarixlərində ölkənin iri şəhər və rayonlarının əhalisinin əksəriyyəti yenidən evə “həbs edildi”. Evlərdən çölə çıxmaq yalnız SMS icazəsi ilə mümkündür. Ancaq bu gün biz koronavirusdan deyil, qanunlara kimin tərəfindən riayət edilməməsindən danışmaq məcburiyytəindəyik.

 

Bəzi vətəndaşlarımızın qanunlarla dostluq etməməsini bir fakt olaraq qəbul etdik. Bəs qanunları kobud şəkildə pozanların qanunun keşikçilərinin özləri olmasına nə deyirsiniz?

 

Bildiyiniz kimi, 26 may 2020-ci ildə ABŞ-da, Minneapolisin (Minnesota) mərkəzi bölgəsində etirazlar başladı və bir neçə gün ərzində ölkə daxilində yayıldı. Əvvəlcə polis zorakılığına və irqçiliyə qarşı dinc etiraz olaraq başlayan dalğa, getdikcə polis və milli qvardiya ilə qarşıdurmalara, dükanların yandırılması və qarət edilməsinə çevrildi.

 

Etirazlara səbəb bu il mayın 25-də qaradərili amerikalı Corc Floydun polis tərəfindən öldürülməsi idi. Floydun tutulması və baş verənlər videolentə alınaraq sosial şəbəkələrdə yayılıb.

 

Ancaq Azərbaycana qayıtsaq, çox şükür ki, ölkəmizdə asayiş keşikçiləri heç kəsi öldürməyib, amma qısa müddət ərzində qeydə alınmış iki fakt polisin qanunsuz əməllərinə qarşı ictimai etiraza səbəb oldu. Belə ki, ilk olaraq, iki həftə əvvəl sosial şəbəkələrdə Bakının Yasamal rayonunda polislərimizin qanunsuzluqları ilə bağlı görüntülərin lentə alındığı video geniş yayıldı. Məlumata görə, paytaxtın yuxarıda adı çəkilən ərazisində yerləşən evlərdən birinin sakinlərindən biri eyvandan zibilləri polislərin başına atıb. Fakt göz qabağındadır və bunun bəraəti üçün heç bir əsas yoxdur.

 

Buna cavab olaraq qəzəblənən Azərbaycan polisi evin bir neçə sakininə hücum etdi və onları yarıçılpaq formada mənzillərdən çıxarmağa başladı.

 

Qanun keşikçilərinin qanunun keşiyində necə dayandıqlarına dair son bir nümunə isə Masallıda lentə alınıb. Sosial şəbəkələrdə bir neçə yol polisi əməkdaşının yol hərəkəti qaydasını pozan şəxsi necə cəzalandırdığını əks etdirən videoya  (https://report.az/ru/proisshestviya/gdp-ob-izbienii-v-masalli-traktorista-sotrudnikami-policii/) Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi də münasibət bildirib.

 

DYP sözçüsü Kamran Əliyev bu videoda əks olunanların araşdırıldığını deyib: “Saxlanılan traktor sürücüsü idi. Polisin tələbinə əməl etmədi və saxlanılandan sonra da müvafiq sənədləri təqdim etmədi. Üstəlik müqavimət də göstərdi. Düzdür, əməkdaşlarımız da ona qarşı qanunsuz üsullardan istifadə etdilər. Faktla əlaqədar olaraq müvafiq araşdırma başlanılıb”.

 

İddialara görə, videoda göstərilən şəxsi döyənlər Masallı rayon yol polisi bölməsinin komandiri, baş leytenant Ariz İsmayılov və digər polis əməkdaşları olublar. Nədənsə, Kamran Əliyevin haqqında danışdığı “araşdırma”dan sonra polis formasında qanunu pozanların maksimum halda xidmətdən azad ediləcəyinə bir əminlik var ortada. Bu əminlik acı təcrübəyə əsaslanır. Təcrübə isə deyir ki, bizim ölkədə çox nadir hallarda belə qanun pozuntularına yol verən insanların cəzası məhkəmə hökmü ilə yekunlaşır.

 

Maraqlıdır, görəsən hansısa səbəbdən bir qrup müəllim, həkim və ya mühəndis bir polisi döyərsə, işdən çıxarılmaq onlar üçün ən ciddi cəza olacaq, yoxsa həmin insanlar əməllərinə görə müttəhimlər kürsüsündə oturmalı olacaqlar? Biz bir növ adətgərdə olmuşuq: bizdə bəziləri üçün qanun "zolaqlı səma"dırsa, digərləri üçün isə bu, sadəcə dost tənbehidir.

 

Və bu kimi hallardan sonra vətəndaşlardan hüquq mühafizə orqanlarının əməkdaşlarına hörmət və sevgi istənilir. Bəziləri heç vaxt polisə isti münasibət bəsləməyiblər və bu kimi hadisələrin sayının artması ilə neqativ münasibət düşmənçiliyə çevrilə bilər. Vətəndaşı saxlayan hər bir polis, mundirini daşıdığı qurumun imicinə zərbə vurmamaq üçün bu amili yaxşıca düşünməlidir...

Müəllif: Fed Bakinski