Paytaxtda təhlükəli səyahət – <font color=red> Allaha əmanət olun!</font>

Cəmiyyət

04.09.2020 - 19:19

“Prinsipcə, BNA-nın nümayəndəsi düz deyir, amma...- hüquq müdafiəçisi məmurun qalmaqallı çıxışı barədə

 

"Taksi xidmətlərindən əvvəllər olduğu kimi imkanlı insanlar istifadə etməlidir", - deyən Bakı Nəqliyyat Agentliyinin (BNA) keçmiş səlahiyyətlisi (artıq bu gün işdən çıxarıldığı açıqlandı) Hikmət Babayevin bugünlərdə verdiyi açıqlamadan çoxları hiddətləndi. Taksinin gündəlik istifadə olunan bir vasitəyə çevrilməsinin yanlış olduğuna vurğulayan Babayev, bunun üçün müntəzəm sərnişin daşımaları növlərinin olduğunu söylədi (avtobuslar, metro nəzərdə tutur).

 

Yəni bir məmur özü kimi azad vətəndaşlara hərəkət etmək üçün nələrdən istifadə etmələri lazım olduğuna göstəriş vermək istəyir. Bu, artıq əndazıni aşan bir şeydir.

 

Dövlət qurumunda vəzifə tutan bir şəxs, heç kimin ona vətəndaşların taksidən istifadə etmək hüququnun nə qədər olduğuna qərar vermək səlahiyyətinin verilmədiyini anlamırsa, şərhə ehtiyac qalmır. Belə bir bəyanat insan haqlarının pozulması baxımından necə qiymətləndirilə bilər? Bu, göründüyü kimi, təhqiramiz və ya yanlış bir bəyanat kimi qəbul edilə bilər.

 

Əslində, BNA şəhərdəki nəqliyyatın hərəkət keyfiyyətini yaxşılaşdırmağı düşünməlidir, nəinki insanları sosial vəziyyətinə görə alçaldan məsləhət verməyi.

 

AYNA-nın mövzuya dair suallarını Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru Eldar Zeynalov cavablandırıb:

- Əslində, BNA məmuru haqlıdır: taksi bir avtomobildir və ona çəkilən xərc şəxsi avtomobil sahiblərinin çəkdikləri xərclərdən aşağı ola bilməz. Yəni, bu məbləğ həmişə avtobusda gediş haqqından xeyli yüksək olacaq. Beləliklə, yaxın gələcəkdə də heç kim, populyar Sovet filmində deyildiyi kimi, “taksi ilə çörək mağazasına gedə bilməyəcək”. Amma bəzən taksidən istifadə lüks həyatın göstəricisi yox, məcburi bir ehtiyaca çevrilir: məsələn, yaşlı və xəstə insanlar, əlillər, kəndlərarası məsafə qət edənlər, bəzi uzaq həbsxanalara gedənlər, gecə hara isə yollananlar və s. Belə vəziyyətdə, əlverişli nəqliyyatın olmamamsı imkansız insanlar üçün yüksək xərclərə çevrilir. Və bu fonda BNA məmurunun istifadə etdiyi sözügedən ifadə etik deyil.

 

Bu, həm də ona görə olduqca qeyri-etikdir ki, icraedici orqan statusu ilə BNA Prezidentin fərmanı ilə "Bakının inzibati ərazisindəki nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etmək" üçün yaradıldı. Yəni, paytaxtda nəqliyyatın işini elə təşkil etmək lazımdır ki, bir təqaüdçü və ya əlil özünü paytxtda ikinci dərəcəli bir şəxs kimi hiss etməsin. Beləliklə, BNA-nın qeyd etdiyim şəxslərin ictimai nəqliyyatdan istifadə etməsinə mane olan səbəbləri təhlil etməsinə ciddi ehtiyac var.

 

- Bəs, qarşıya qoyulan vəzifə layiqincə icra olunurmu?

 

- Əvvəlcə ondan başlayaq ki, avtobuslar çox vaxt çox ağzına qədər dolu olur, qadınlar üçün bu sıxlıqda avtobusla getmələri diskomfortdur, avtobusların çoxu əlil arabası istifadəçiləri üçün uyğunlaşdırılmayıb və pandemiya zamanı avtobuslarda sosial məsafənin qorunması müşahidə olunmur. BNA tərəfindən gətirilən avtobuslar, bilinməyən səbəblərdən tez-tez qəzaya uğrayır və ya yanır. Bəzən narkotik aludəçiləri və ya avtobus idarə etmək hüququ olmayan insanların BNA-nın tövsiyə etdiyi avtobusların sükanı arxasında oturduqlarına rast gəlirik. İctimai nəqliyyatın "təhlükəsizliyi və rahatlığı" barədə deyilənləri sual altına alan bir neçə məlumatı xatırladım.

 

2017-ci ilin aprel ayında 160 nömrəli marşrutun sürücüsü (bu nömrəni xatırlayın!) Elşən Məmmədov avtobusu idarə edərkən mobil telefonunda nərd oynadığı üçün işdən çıxarıldı. Sentyabr ayında 39 saylı avtobus bir qızı vuraraq öldürdü. Sürücü Hakim Saatov hadisə yerindən qaçdı və yalnız tutulandan sonra "nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmadığı" ortaya çıxdı.

 

2018- ci il narkotik aludəçilərinin iştirakı ilə baş verən bir çox hadisələrlə yadda qaldı: iyul ayında avtobus sürücüsü Natiq Əhmədov qarşıdan gələn sürücüləri uzaq işıqla “kor etdiyi” üçün saxlanıldı və məlum oldu ki, o, narkotik vasitələrin təsiri altında olub. 202 saylı avtobus marşrutunda sürücü İlkin Tağıyev nəqliyyat vasitəsini idarə edərkən narkotik qəbul etdiyi üçün tutuldu. Üstəlik, onun artıq 3 aydır nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edildiyi ortaya çıxdı.

 

2018-ci ilin oktyabr ayı Binədəki 160 saylı avtobusun qatarla toqquşması ilə başladı. Bir uşaq hadisə yerində öldü, daha sonra digər bir sərnişin öldü, daha 34 nəfər xəstəxanaya yerləşdirildi. Sürücü Elxan Şirəliyevin narkotik maddələrin təsiri altında olduğu və üstəlik ölümlə nəticələnən daha bir yol qəzasından əvvəllər məhkum olunduğu ortaya çıxdı! Üç həftə sonra 131 saylı avtobusun sürücüsü Zaur Quliyev avtobusla qadını vurdu. Onun həm də bir narkotik aludəçisi olduğu ortaya çıxdı - bunu BNA yox, polis müəyyənləşdirdi.

 

Və 2018-ci ilin noyabr ayında, eyni 160 nömrəli marşrut avtobusu təhlükəli bir şəkildə qatar yoluna yaxın bir keçiddə ilişib qalmışdı (bütün bunlar lentə alınmışdı). Ertəsi gün “Koroğluda”da eyni 160 nömrəli marşrut avtobusu 139 saylı avtobusla toqquşdu. Bu, BNA-nın bu marşruta xidmət göstərən şirkəti dəyişdirdikdən bir həftə sonra baş verdi.

 

2019-cu ildə də, yeni “BakuBus” avtobusları daxil olmaqla, il ərzində BNA avtobuslarının iştirakı ilə qəzaların olması barədə çoxlu məlumatlar yayılırdı. Belə ki, yanvar ayında Zığ şossesində 171 saylı avtobus çevrilərək yamacdan aşdı - 12 nəfər xəsarət aldı. Aprel ayında bir avtobus zibil daşıyan maşınla toqquşdu - 24 yaralı. May ayında avtobus yük maşını ilə yolu paylaşmadı - 6 yaralı. 2019-cu ilin noyabr ayında iki avtobus toqquşdu - 57 və 7A nömrəli, nəticədə 8 nəfər yaralandı.

 

“Bəlkə, pandemiya avtobus sürücülərini daha diqqətli olmağa vadar edir”, - kimi ümidlər də boşa çıxdı. 27 Mart 2020-ci ildə Bakıda sərnişin dolu bir avtobusla yol polisləri ilə yarış təşkil edən sərxoş sürücü Tabin Hətəmov tutuldu. May ayında Əhmədli qəsəbəsində 44 saylı avtobus mikroavtobusla toqquşdu - bir nəfər öldü. İyun ayında Ziya Bünyadov prospektində 211 saylı avtobus səkiyə çırpıldı - iki nəfər yaralandı. Avqust ayında virusdan müdafiə çərçivəsində magistral yola çıxan "metro" avtobusu M-2, yüksək sürətlə bir yük maşınını vurdu - 3 yaralı. Belə avtobusların sərnişinləri üçün metroya minmək belə, "virus təhlükəsizliyindən" daha yaxşı olardı...

 

Dediklərim onu sübut edir ki, BNA-nın 5 illik fəaliyyət müddətində hələ təmiz ürəklə avtobusun təhlükəsiz və rahat nəqliyyat vasitəsi kimi tövsiyə etməyimiz mümkün olmayıb. Belə hallarda xüsusilə maraqlı cəhət BNA-nın avtobus sürücülərinin davranışına görə məsuliyyətdən imtina etməsidir. Onlar "bəzən peşəkar olmayan sürücülərin sürücülük vəsiqəsinə də sahib olmadıqlarını, ancaq Bakıda sərnişin avtobusları sürdüyünü" etiraf etsələr də, BNA bunda öz günahını görmür. BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bir neçə il əvvəl mətbuata verdiyi müsahibəsində rahatlıqla deyirdi: “Sürücüləri daşıyıcılar özləri işə götürürlər və işəgötürülənlər üçün tam məsuliyyət daşıyırlar”.

 

- Bu cür hallarda icra orqanı olan BNA-nın məsuliyyəti və rolu nədən ibarətdir?

 

- Onlar işçilərinin təkliflər hazırladıqlarını, daşıyıcılarla mütəmadi görüşlər keçirdiklərini, bu tələblər haqqında xəbərdar etdiklərini söyləyirlər. Məlum olur ki, nəqliyyat şirkətləri ilə işləyən və Agentliyin nizamnaməsinə görə təhlükəsizlikdən məsul olan BNA avtobusları dayandırmaq və sürücülük vəsiqəsini yoxlamaq səlahiyyətinə belə, malik deyil. Bundan əlavə, daşıyıcıların agentliyə göndərdiyi muzdlu sürücülər barədə məlumatlarda sürücülərin məhkumluğu, psixoloji durumları, narkotik asılılığı olub-olmadığı barədə məlumat yoxdur.

 

Hansısa şirkətlər, əvvəllər ölümlə nəticələnən qəzalara görə məhkum edilmişləri, narkotik aludəçilərini və keçmiş cinayətkarları sürücü kimi işə götürür və BNA təvazökarlıqla kənarda dayanır, sərnişinlərin taleyi əmanət olunan sürücülər barədə hansısa bir sual verməyə də cürət etmir. Birdən narkotik aludəçisi olan sürücü incik düşər deyəmi? Odur ki, belə bir sürücü ilə tərəddüd etmədən, "gəliri aşağı olan" sərnişinləri təhlükəli bir səyahətə göndərmək olar...

Müəllif: Rauf Orucov