Odessaya PUA-larla hücum edilib: mülki obyektlər vurulub

Dünya

24.07.2023 - 12:45

Rusların bölgənin liman infrastrukturuna və ştatın cənubuna hücumları davam edir

Rusiya ordusu Ukraynanın Odessa vilayətinə kamikadze dronlarla hücum ediblər. AYNA xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri PUA-ların bir neçəsini vurub, amma dəqiq olan zərbələr də var.

Ukraynanın “Cənub” Könüllü Ordusunun rəsmisi Sergiy Bratçuk qeyd edib ki, Odessa vilayətində hava hücumu 3 saat 53 dəqiqə davam edib.

"Düşmən bölgəmizin cənubuna hücum etməyə cəhd edib. Hava hücumundan müdafiə sistemləri işləyib, bir neçə PUA vurulub. Lakin təəssüf ki, müvafiq infrastruktura da zərbə endirilib".

Onun sözlərinə görə, ruslar mülki hədəfləri vurmaqda davam edir.

Öz növbəsində, “Cənub” Əməliyyat Komandanlığının birgə mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib ki, bu gün ruslar Dunay limanı obyektlərində “Şahid” tipli İran PUA-larından istifadə etməklə hücum ediblər.

"Dunayın bütün sahilləri boyunca limanlar təhlükə altında idi. Üç PUA hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, lakin təəssüf ki, limanlardan birində - taxılın saxlanıldığı kənd təsərrüfatı anbarına zərbə endirilib. Daha bir neçə növ avtomobil çəni zədələnib”, - deyə Qumenyuk vurğulayıb.

Qumenyuk onu da əlavə edib ki, bəzi liman obyektləri, xüsusən də limanın fəaliyyətini təmin edən kranlar zədələnib: “Limanın üç işçisinin yaralandığı barədə məlumat var. Bu hücum düşmənin alternativ hesab edilən limanlara yönləndirməyə əl atdığını göstərir. Və bu onu deməyə əsas verir ki, onlar qarşılarına qoyduğu məqsədə - prioritet taxıl tədarükçülərinə ziyan vuranadək dayanmayacaqlar”.

Odessa Regional Hərbi Administrasiyasının məlumatına görə, gecə hücumu nəticəsində 6 nəfər yaralanıb.

"Dörd yaralı rayon xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti orta-ağır, digər ikisinin vəziyyəti daha ağırdır. Üç nəfərin isə yüngül qəlpə yaraları və bədən xəsarətləri var. Hamısına tam tibbi yardım göstərilib", - adminstrasiyadan bildirilib.

Həmçinin əlavə olunub ki, zərbə nəticəsində taxıl olan anbar məhv edilib, digər növ yüklərin saxlanması üçün çənlər sıradan çıxıb. Texniki otaqların birində artıq söndürülmüş yanğın baş verib.

Qeyd edək ki, Rusiya ordusu bir neçə gündür ki, Odessa vilayətini atəşə tutur. Xüsusilə, iyulun 23-nə keçən gecə vilayətə raket zərbələri endirilib. Odessada Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin Spaso-Preobrajenski kafedralına ciddi ziyan dəyib, bir çox tarixi bina və evlər dağılıb. Bir nəfər ölüb, 17 nəfər yaralanıb. Yaralananlardan üçü azyaşlıdır.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Odessaya gecə hücumunda iştirakını etiraf edib. Nazir Sergey Şoyqu bildirib ki, onlar Odessada "Rusiya Federasiyasına qarşı terror aktlarının hazırlandığı" obyektləri vurublar.

Müəllif: Turan Abdulla