“Qara qızıl” orta hesabla 2,6 faiz bahalaşıb
Birjalarda xam neftin qiymətləri keçən həftəni artımla tamamlayıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, neftin qiyməti 6 həftə ard-arda yüksəlib və 2018-ci ilin may ayından bəri ən uzun həftəlik artım tempini nümayiş etdirib. Nəticədə qiymət orta hesabla 2,6 faiz bahalaşıb.
Bu həftə isə “Brent” markalı xam neftin qiyməti “OPEC+” ölkələrinin mövcud hasilat məhdudiyyətlərinin iyulun sonunadək uzadılmasına (may-iyun göstəricilərinin saxlanılması) dair qərar qəbul etməsi fonunda 43 dollar/barreli ötüb.
Qiymətin artmasına may ayında Çinin xam neft idxalının maksimum səviyyəyə yüksəlməsi təsir edib. Bu proseslər fonunda isə Səudiyyə Ərəbistanı xam neft qiymətlərində azı 20 ilin ən böyük artımlardan birini reallaşdırıb.
Qeyd edək ki, hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 42 dollardan, “Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 39 dollardan baha satılır.