Nazirlər Kabinetinin yeni qərarının üstün, ziddiyyətli və çatışmayan tərəfləri

Cəmiyyət

15.04.2020 - 10:56

Bəzi kateqoriya tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi barədə qərar təqdir olunur, lakin məsələnin görünməyən hissəsi də var

 

Nazirlər Kabineti (NK) sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verdi. Baş Nazir Əli Əsədovun imaladığı qərara əsasən, təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

 

Təhsil ekspertləri ilə yeni qərarın üstünlüklərinə və çatışmazlıqlarına AYNA tutmağa çalışdıq.

 

Elçin Əfəndi düşünür ki, NK-nın sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qəbul etdiyi qərar hazırkı dövr üçün olduqca əhəmiyyətlidir: “İndiyə qədər də bir qrup şəxs təhsil haqqından azad idi və bunun da əsas mahiyyəti ondan ibarətdir ki, tələbələr mütəmadi olaraq təhsil alsınlar və maddi vəziyyətlərinin ağır olması səbəbindən təhsildən yayınmasınlar. Nazirlər Kabinetinin dünən verdiyi qərar da məhz bu baxımdan təqdirəlayiqdir. Verilən yeni qərara əsasən, ünvanlı dövlət sosial yardımı alanlar, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri işsiz kimi qeydiyyatda olanlar, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri yaşa görə əmək pensiyaçıları olanlar, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri yaşa görə sosial müavinət alanlar, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlilliyi olan şəxslər təhsil haqqından azad olundu”.

Ekspres Müsahibə - Ekspert Elçin Əfəndi koronavirusun təhsil ...

Ekspertin sölərinə görə, I və II dərəcə əlilliyi olanlarla bağlı verilən qərar vətəndaşlarda çaşqınlıq yaradır: “Bundan əvvəlki imtiyazlarda birinci bölmədə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum edilmiş uşaqların sosial müdafiəsi haqqında” qanuna görə, hər iki valideynini itirmiş, valideynlərindən biri vəfat edən, digər valideyni valideynlik hüququndan məhrum edilmiş və ya valideynlərindən biri vəfat edib, digər valideyni I və II qrup əlil şəxslərin övladları təhsil haqqından azad idisə, indi tək valideyni, habelə qanuni nümayəndəsinin (himayədar) I və II dərəcə əlilliyi varsa, o zaman tələbə təhsil haqqından 2020-ci ilin yarımillikləri üzrə azaddır və bunu dövlət qarşılayır. Həmçinin 2019-cu ilin may ayının 3-də qəbul edilmiş Sərəncama əsasən, I və II qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar da təhsil aldıqları müddətdə tam şəkildə təhsil haqqından azad olunanlarla indi qeyd olunan I və II dərəcə əllilik məsələsi qarışdırılmamalıdır. Bunlar fərqli anlayışlardır”.

 

E.Əfəndi yeni qanundan kənarda kimlərin qalacağına da aydınlıq gətirib: “İkinci dəfə ali təhsil alan şəxslər, ikinci dəfə orta ixtisas təhsili alan şəxslər, yuxarıda təhsil haqqından azad olunanlar üçün müəyyən edilmiş kriteriyalara aid olmayan şəxslər, qiyabi formada təhsil alan şəxslər. Qeyd edim ki, bu qərara əsasən, qərarın şamil olunduğu şəxslər 2019-2020-ci tədris ilinin 2020-ci il üzrə düşən II yarımil - yaz semestrinə görə (fevral-iyun), həmçinin 2020-2021-ci tədris ilinin I yarımil - qış semestri üzrə (sentyabr-yanvar) düşən təhsil haqlarından azaddırlar. Məsələn, ali məktəb tələbəsi 2000 AZN təhsil haqqı ödəyəcəkdisə, indi 1000 AZN ödəyəcək”.

 

“Həmçinin, qərara görə, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin də illik təhsil haqqının 50 faizi miqdarı dövlət büdcəsi hesabına ödəniləcək. Verilən qərar subbakalavr dərəcəsi olan və ilk dəfə ali təhsil alan şəxslərə də şamil olunur. O halda ki, qeyd olunan kriteriyalara uyğun gəlsinlər. Bundan əlavə, cari ildə ali təhsil müəssisələrinə qəbul olan tələbələr də qeyd olunan meyarlara görə bu qərardan faydalana bilərlər. Yəni 2020-2021 tədris ilinin I yarımil - qış semestri üzrə düşən təhsil haqqından azad oluna bilərlər”, - müsahibimiz vurğulayıb.

 

Mütəxəssis onu da bildirib ki, II semestr üçün təhsil haqqı ödəyən tələbələr, əgər qeyd olunan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvləridirsə, onların təhsil haqqı geri qaytarılmalıdır: “Qərarın üstünlükləri çoxdur və bu, dövlətin əhalinin həssas təbəqəsinə maddi və mənəvi dəstəyinin təzahürüdür. Bu qərar 20 min tələbəni əhatə edir və buna görə dövlət büdcəsindən 40 milyon manat vəsait ayrılacaq. Yeganə sezdiyim əskiklik və ya çatışmazlıq güzəştin magistratura səviyyəsində təhsil alanlara şamil olunmamasıdır”.

Kamran Əsədov ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə ...

Kamran Əsədov isə, əsasən qərarın çatışmazlıqlarına toxunub: "Qərarda deyilir ki, hər iki valideyni I və II dərəcə əlilliyi olan tələbələrin təhsil haqqını dövlət ödəyəcək. Bu da “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunun əhatə dairəsinə girir. Belə ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında qanuna görə, onsuz da, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər təhsil haqqından azad edilirlər. Yəni indi bunun hər iki valideynə şamil olmasına ehtiyac yoxdur. Çünki köhnə qanunla bunun birinin olması yetərlidir. Bununla belə, əlilliyə görə pensiyaçıların sayı 380 000 nəfərdir və bu, ümumi pensiyaçıların 30%-ini təşkil edir”.

 

Ekspertin sözlərinə görə, qərarda ikinci çatışmazlıq hər iki valideyni işsiz kimi qeydiyyatda olanlara güzəştin edilməsi ilə bağlıdır: “Belə ki, bu da reallığı əks etdirən kateqoriya deyil. Çünki 2020-ci il fevral ayının 1-nə olan rəqəmə görə, Azərbaycanda işsiz şəxslərin sayı 86,2 min nəfər təşkil edib. Onların da 40 faizini qadınlar təşkil edib. Deməli, hər iki valideyni işsiz kimi qeydiyyata düşən çox az ailə olacaq. Baxmayaraq ki, dövlət bu günlərdə 190 manat birdəfəlik yardımla bağlı genişmiqyaslı qeydiyyata başlayıb. Amma həmin qeydiyyat sadəcə olaraq yardım üçündür, heç də işsiz kimi qeydiyyata düşmək demək deyil”.

 

“Qərarda üçüncü çatışmazlıq isə hər iki valideyni yaşa görə əmək pensiyaçıları olan tələbələrə güzəştin edilməsidir. Belə ki, yaşa görə pensiyaçıların sayı 750 000 nəfərdir və onlar pensiyaçıların 60%-ni təşkil edirlər. Amma hər iki valideyni yaşa görə əmək pensiyaçıları olanlar olduqca azdır və onların da ödənişli təhsil alan övladları yox dərəcəsindədir. Bir məqamı da qeyd edim ki, Azərbaycanda pensiyaçıların sayı 1 280 000 nəfərdir. Bu da ölkə əhalisinin 13%-ni təşkil edir”, - deyə K.Əsədov vurğulayıb.

 

Müsahibimiz bildirib ki, qərarda dördüncü çatışmazlıq hər iki valideyni yaşa görə sosial müavinət alan tələbələrə güzəştin edilməsidir: “Belə ki, Azərbaycanda 378 min nəfərə sosial müavinət təyin olunub. Amma heç də ailələrdə hər iki valideynə yaşa görə sosial müavinət təyin edilməyib və onların da ödənişli təhsil alan övladları yox dərəcəsindədir”.

 

"Pandemiyanın vurduğu zərərə görə təhsil haqqı ödənişi dövlət tərəfindən ödəniləcək tələbə kateoriyasına aid olan tələbələr var ki, onlar təhsil haqlarını ödəyiblər. Qərarda deyilir ki, həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu, o deməkdir ki, hətta həmin kateqoriyaya aid olan şəxslər təhsil haqqını ödəyibsə, onların da təhsil haqları ödəniləcək. Bu kateqoriyaya aid olan tələbələr təhsil haqlarını ödəyiblərsə, onların ödədikləri təhsil haqları geri qaytarılacaq. Bu, həm indi davam edən ikinci semestrə, həm də 15 sentyabrdan başlayacaq semestrə şamil olunur", - ekspert əlavə edib.

Pullu oxuyan tələbələrə hansı güzəştlər ediləcək?

Qeyd edək ki, indiyə qədər təhsil haqqı ilə bağlı aşağıdakı güzəştlər tətbiq olunmuşdu:

 

1. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum edilmiş uşaqların sosial müdafiəsi haqqında” qanuna görə, hər iki valideynini itirmiş, valideynlərindən biri vəfat edən, digər valideyni valideynlik hüququndan məhrum edilmiş və ya valideynlərindən biri vəfat edib, digər valideyni I və II qrup əlil şəxslər, habelə bu kateqoriyadan olan digər şəxslər dövlət və özəl təhsil müəssisələrində təhsil alarkən təhsil haqlarından dövlət hesabına azad olunurlar.

 

2. “Şəhid adının əbədiləşdirilməsi haqqında” qanuna uyğun olaraq, şəhid ailəsinin üzvləri bakalavr və magistratura səviyyəsində, habelə AMEA-nın magistratura səviyyəsində təhsil alarkən dövlət hesabına təhsil haqqından azad olunurlar.

 

3. Azərbaycanın ərazi bütövlüyü, Konstitusiya quruluşu və torpaqların müdafiəsi zamanı həlak olmuş və itkin düşmüş şəxslərin övladları da qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil haqqından azad olunurlar.

 

4. Məcburi köçkünlər dövlət təhsil müəssisələrində təhsil alarkən Nazirlər Kabinetinin müəyyən etdiyi miqdarda təhsil haqqından azad edilirlər.

 

5. 2019-cu ilin may ayının 3-də qəbul edilmiş Sərəncama əsasən, I və II qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar da təhsil aldıqları müddətdə tam şəkildə təhsil haqqından azad olunurlar.

Müəllif: Rumiyyə Miraslan