Müxalifət sürprizlə qarşı-qarşıya: kim seçkidə iştirak edəcək?

Siyasət

13.12.2023 - 10:11

İqtidar: “Birmənalı proqnoz ondan ibarətdir ki, seçkilərin qalibi İlham Əliyev olacaq”

Müxalifət: “Ölkədə bir qayda olaraq azad və ədalətli seçkilər keçirilmir”

2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) dərc etdiyi təqvim planına əsasən, prezidentliyə namizəd olmaq istəyən şəxslər 2023-cü ilin dekabrın 19-dan, 2024-cü il yanvarın 8-i axşam saat 18:00-dək namizədliyin qeydə alınması ilə bağlı seçki sənədlərini MSK-ya təqdim etməlidirlər.

Prezidentliyə namizədlərin seçkiqabağı təşviqatlarını aparmaları üçün 22 gün ayrılıb. MSK-nın məlumatına görə namizədlərin təşviqat kampaniyası 2024-cü il yanvarın 15-dən fevralın 6-na qədər davam edəcək.

Azərbaycanda sonuncu prezident seçkiləri 2018-ci il aprel ayının 11-də keçirilib və növbəti seçkilər 2025-ci ilin aprelində keçirilməli idi. Göründüyü kimi, seçkilər bir ildən bir az artıq müddətə geri çəkilib.

Siyasi gündəmi məşğul edən əsas mövzulardan biri də seçkilərdə hansı siyasi partiyaların iştirak edəcəyi ilə bağlıdır. Bəzi partiyalar, o cümlədən Yeni Azərbaycan Partiyası (YAP) artıq öz namizədini açıqlayıb. YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov hakim partiyanın prezidentliyə namizədinin İlham Əliyev olacağını bildirib.

2024-cü il seçkilərində hansı partiyalar iştirak edəcək? AYNA bir neçə siyasi partiyanın mövqeyini öytənib.

YAP-çı deputat Elman Nəsirov hakim partiyanın seçkilərdə qələbə qazanacağına şübhə etmir: “Məlumdur ki, ötən dövr ərzində cənab Prezident İlham Əliyev tarixdə görünməmiş uğurlara imza atdı. 44 günlük Vətən müharibəsi zamanı 30 ildir düşmən tapdağında olan torpaqlarımız azad edildi. Lokal antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu. Bu gün İlham Əliyevin reytinqi ən yüksək səviyyədədir. Xalqımız İlham Əliyevə xilaskar lider, torpaqları işğaldan azad edən müzəffər Prezident kimi baxır. Müharibə dövründə və ondan sonra bütün dünya gördü ki, Azərbaycanda Prezident-xalq həmrəyliyi ən yüksək səviyyədədir. Təbii ki, seçkilərin favoriti İlham Əliyevdir. Əminəm ki, 2024-cü ilin prezident seçkiləri də tam demokratik şəraitdə keçiriləcək və İlham Əliyev qələbə qazanacaq. Azərbaycan oturuşmuş seçki ənənəsi olan, demokratik dəyərlərə sadiq bir ölkədir və hər dəfə olduğu kimi, bu dəfə də seçkilər xalqın iradəsini ifadə edəcək. Birmənalı proqnoz ondan ibarətdir ki, seçkilərin qalibi İlham Əliyev olacaq”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə qarşıdan seçkilərə nikbin yanaşmır: “Ölkədə bir qayda olaraq azad və ədalətli seçkilər keçirilmir. Seçki qanunvericiliyinin demokratik standartlara cavab verməməsi, seçki komissiyalarının iqtidarın nəzarəti altında olması, seçki kampaniyası dövründə iddiaçı tərəflərin bərabərhüquqlu təbliğat imkanlarının təmin edilməməsi, səsvermə və səslərin sayılması prosesinin kobud qanun pozuntuları və kütləvi saxtakarlıqla müşayiət olunması, son illərdə siyasi hakimiyyətin növbədənkənar seçkilər təcrübəsindən geniş istifadə etməsi, cəmiyyəti hazırlıqsız yaxalaması normal seçki mühitini mümkünsüz edir. Bu səbəbdən cəmiyyətdə seçkilərə inam yoxdur. Seçki kampaniyasının tətillərin çox, günlərin qısa, havanın soyuq dövrünə düşməsi əhalinin seçki prosesində aktivliyinin azalmasına səbəb olacaq. Bu da öz növbəsində seçkini formal bir seçki təşkil etməyə çalışan iqtidarın maraqlarına uyğundur. Müsavat Partiyası seçkilərdə iştirakla bağlı fəal müzakirələr aparır. Hazırda müzakirələr davam edir. Cəmiyyətin mövqeyini öyrənir, sorğular keçiririk. Yekun qərar bundan sonra veriləcək”.

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov da seçkilərdə iştirakla bağlı yekun qərar vermədiklərini deyib: “Partiyanın Siyasi Komitəsində bununla bağlı müəyyən fikir ayrılıqları mövcuddur. Partiyanın rəhbərliyində təmsil olunan bəzi dostlarımız seçkilərdə iştirakı labüd saysalar da, əks qənaətdə olanlar, əsas diqqətin parlament seçkilərinə yönəldilməsinin tərəfdarı olanlar da var. Yaxın günlərdə Siyasi Komitə yenidən toplaşacaq və seçkilərdə iştirakla bağlı yekun qərar verəcək”.

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa seçkilərdə iştirak edəcəklərini bildirib: “Təbii ki, seçkilərdə iştirak edəcəyik. Ümumiyyətlə BQP olaraq bütün seçkilərdə fəal iştirak edirik. Bu seçkilər də istisna olmayacaq. Seçki prosesinin təşkilində, müşahidəçi, seçki komissiyalarının üzvləri kimi, eləcə də təbliğat prosesində aktiv rol alacağıq. Konkret namizədlə iştiraka gəldikdə isə, bu barədə qəti qərarımız yoxdur. Məsələ partiyamızın səlahiyyətli qurumu tərəfindən müzakirə olunacaq və ictimaiyyətə elan ediləcək”.

Müəllif: Azər Niftiyev