Möhtəşəm yüzilliklərimiz olub, bəs hanı “Diriliş”imiz, “Fəth”imiz, “Hökmdar”ımız?

Mədəniyyət

10.11.2019 - 11:00

Dövlət tərəfindən ayrılan maddi vəsait bayağı seriallara və komediya filmlərinə sərf edilir

 

Müasir dövrdə bir çox ölkələrin kinematoqrafiyaları öz tarixlərini, abidələrini, mədəniyyətlərini ökələrində və dünyada təbliğ etmək üçün tarixi film janrına tez-tez müraciət edir. Lakin Azərbaycanda keyfiyyətli və səs-küy yarada biləcək tarixi filmlər ərsəyə gətirilmir. Ən yaddaqalan və hələ də izlənilən yerli filmlər isə “Azərbaycanfilm”in SSRİ dönəmində çəkdiyi filmlərdir.

 

Yerli film və serial istehsalı üçün dövlət tərəfindən ayrılan maddi vəsaitlər isə, əsasən bayağı seriallara və komediya filmlərinə sərf edilir. Milli-mənəvi dəyərlərimizdən, tariximizdən bəhs edən filmlər isə yox dərəcəsindədir. Geridə, bir neçə sənədli filmlə tamaşaçını aldatmaqla keçən zaman var.

 

Ümumiyyətlə, tarixi filmlərin çəkilməməsi bir yana, Azərbaycan tamaşaçısı, kifayət qədər zəngin və əhəmiyyətli tarixə malik olan, hazırda isə dağılıb xaraba qalan abidələr haqqında da yerli filmlərin üzünə həsrət qalıb. Belə olan halda nəinki dünya, hətta yeni nəsil Azərbaycan gənci də öz tarixini və milli-mənəvi dəyərlərini unudacaq.

Mərahim Nəsib