Azərbaycan – Lüksemburq görüşü rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb
Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxıb.
AYNA xəbər verir ki, Millətlər Liqasının yeni mövsümü çərçivəsində baş tutan ilk qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilib və saat 20:00-da start götürüb.
C liqasının 1-ci qrupunda mübarizə aparan komandamız ilk oyununda Lüksemburqla görüşüb.
Qarşılaşma həmçinin italiyalı baş məşqçi Canni de Byazinin debütü ilə əlamətdar olub.
Azərbaycan - Lüksemburq görüşünün 25-ci dəqiqəsində millimiz azlıqda qalıb. Mahir Emreli rəqib oyunçunu vurduğu üçün qırmızı vərəqə ilə cəzalandırılıb.
Görüşün 43-cü dəqiqəsində hesab açılıb. Namiq Ələsgərovun sağ cinahdan ötürməsini Ramil Şeydayev başla qapıdan keçirib.
İkinci hissəsində rəqib hesabı bərabərləşdirib. 48-ci dəqiqədə Anton Krivotsyuk avtoqolla komandamızı məyus edib. Qarşılaşmanın 67-ci dəqiqəsində əvəzetmədən meydana daxil olan Adil Nağıyev beş dəqiqə sonra əllə oynayaraq rəqibə penalti qazandırıb. Cerson Rodrigez dəqiq zərbə ilə rəqibi hesabda önə çıxarıb.
Qeyd edək ki, millimiz ikinci oyununu sentyabrın 8-də səfərdə Kiprə qarşı keçirəcək.