Kültəpə kəndinin qəribə əhvalatları

Mədəniyyət

22.07.2022 - 20:21

"Söz boğçası"nın əhvalatı

Bu  əhvalat çox da uzaq olmayan keçmişdə Kültəpə kəndində baş verən qəribə əhvalatlardan sadəcə biridir.

Hər gün olduğu kimi dəniz sahilinə gedən Qurbanqulu bu dəfə sahildə, əlini vuranda içindən səslər gələn qəribə bir boğça tapır. Boğçanın üzərində yazılmışdı: "Söz boğçası".

Boğçanı açmağa ehtiyat edən Qurbanqulu fikirləşir ki, onu mollaya aparsın yəqin ki, bu sirri o aça bilər. O, belə də edir. Mollanın yanına gələn Qurbanqulu bütün əhvalatı mollaya danışır. Molla deyir:

– Məncə, sən bu işə baş qoşma, birdən şeytan əməli olar .

Mollanın yanından ayrılan Qurbanqulu yolda kəndin məşhur tacirlərindən biri ilə rastlaşır. Məsləhət almaq üçün eyni əhvalatı tacirə də danışır. Tacir deyir:

– A kişi, bunun sirrini açmaq müşkül məsələdir. Xərci iki boğça qızıl edir. Ancaq yenə də bu sirri tam açacağıma söz verə bilmərəm.

Yoluna davam edən Qurbanqulu bu dəfə qərara gəlir ki, kəndin ən varlı bəyi olan Vəli bəyin yanına getsin. Əhvalatı eşidən Vəli bəy deyir:

- Ay Qurbanqulu,  dəlisən, vallah. Get, balığını tut, sat rahat yaşa da. Nəyinə gərəkdir bu "Söz boğçası"?!

Bu söhbətdən sonra Vəli bəyin də haqlı olduğunu düşünən Qurbanqulu axşam "Söz boğçası"nı dəniz sahilinə atıb evə qayıdır .

Səhər isə "Söz boğçası"nı kəndin var-dövlət sahibi olmayan, ancaq kamallı bəylərindən olan Cəlil əfəndi tapır. Bu boğçanın əsl sirrini bilən Cəlil əfəndi "Söz boğçası"nın gücü ilə cəmiyyəti maarifləndirmək üçün çalışır.

Bunu eşidən Kültəpə kəndinin sakinləri isə onun fikirlərinə əhəmiyyət vermir, etmək istədiyi dəyişikliklərə qarşı çıxırlar.

Bir gün Cəlil əfəndi ilə qarşılaşan Qurbanqulu deyir:

–Ay Cəlil əfəndi, bu işlərin başını burax! Sənin "Söz boğça"nın yükü çox ağırdır, vallah...

Günel Natiqqızı,

AYNA üçün

Müəllif: Ayna.az