Koronavirus Bakının sahibsiz itlərini vəhşiləşdirir

Cəmiyyət

17.04.2020 - 16:46

“Küçə heyvanlarının əksəriyyəti aclıqla üz-üzə qalır, bu da onların daha aqressiv, təcavüzkar olmasına səbəb olur”

 

Koronavirus epidemiyası insan ölümünü, zəifləyən iqtisadiyyatı, sərhədlərin bağlanmasını, kütləvi tədbirlərin ləğvi və bir çox başqa problemləri özü ilə birgə gətirdi. Bütün dünya özünü təcridetmə rejiminə keçdi. Bakı da həmçinin.

 

Şüurlu vətəndaşlar təmasdan qaçaraq evdə oturublar, bunun nəticəsində şəhərin küçələri boşalıb. Bunun əksinə olaraq, küçələrdə sahibsiz itlərin sayı çoxalıb. İnsan nə qədər az olsa, itlərin sayı bir o qədər də çox olar.

 

Lakin bu amil heç də itlər üçün əlverişli deyil. Çünki insan olmayan yerdə heyvanların qidalanması da çətinləşir. Axı, itlərin də qorunmaya ehtiyacı var.

 

Heyvan hüquqları müdafiəçisi Oksana Yeqorovanın AYNA-ya dediyinə görə, Azərbaycanda koronavirusun yayılması və karantin elan edilməsi sahibsiz itləri əsas qida mənbələrindən məhrum edib: “Axı, bu heyvanlar əsasən kafe və restoranların ətrafında qidalanırdı. Onları da müxtəlif xeyirxah vətəndaşlar yedizdirirdilər. Lakin bu gün koronavirus pandemiyası səbəbindən restoran və kafelər bağlanıb. Evdən çıxmaq üçün vətəndaşlar xüsusi icazə almalıdırlar. Küçə köpəklərini qidalandırmaq üçün indi bunların heç biri yoxdur”.

 

“Biz heyvan hüquqlarının müdafiəçisi olaraq küçə heyvanlarını bəsləməyə çalışırıq. Ancaq bütün heyvanlara qayğı göstərmək imkanımız yoxdur. Buna görə küçə heyvanlarının əksəriyyəti aclıqla üz-üzə qalır. Bu da onların daha aqressiv, təcavüzkar olmasına səbəb olur”, - Yeqorova bildirib.

 

Hövsan qəsəbə bələdiyyəsinin sədri Elbrus Xəlilov da AYNA-ya açıqlamasında problemi təsdiq edib: "Koronavirusun yayılmasından sonra həqiqətən küçələrdə çoxlu sayda sahibsiz itlər peyda olub və onlar daha aqressiv davranmağa başalyıb. Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi strukturu sahibsiz itlərin problemi ilə məşğuldur. Bu qurumun işçiləri sahibsiz itləri tuturlar. Bundan sonra həmin heyvanlara nə etdiklərini bilmirəm”.

 

Heyvan hüquqları müdafiəçisi Fərid Mansurov isə qeyd edib ki, ən yaxşı vəziyyətdə, sahibsiz itləri zərərsizləşdirirlər: “Azərbaycan dövləti beynəlxalq qanunlara uyğun olaraq, sahibsiz itləri tutmaq, sterilizasiya etmək və peyvənd etmək məcburiyyətindədir. Bundan sonra heyvanları küçələrə sərbəst buraxmaq olar. Lakin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tutulan itlər heç vaxt yenidən küçələrə qaytarılmır”.

 

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) İctimai-siyasi şöbəsinin əməkdaşı Mirtural Mirsultanov AYNA-ya açıqlamasında Fərid Mansurovun dediklərini təkzib edib: “Heç kim itləri öldürmür. Onlar xüsusi heyvan sığınacaqlarında saxlanılır”.

 

Küçə itlərinin tutulması təcrübəsi Amerika və Avropanın bir çox inkişaf etmiş ölkələrində tətbiq olunur. Çox istərdik ki, Mirtural Mirsultanovun dedikləri doğru olsun və həqiqətən də onlar xüsusi sığınacaqlarda saxlanılsın. Təəssüf ki, heyvanlara insanlığın problemlərini izah etmək mümkün deyil. Məsələn, onlara koronavirus və özünü təcridetmə rejimini anlatmaq iqtidarında deyilik.

 

Lakin itlərin ac olduğunu xatırlayın. Onları yedizdirin, qarşılarına bir qab su qoyun və o, öz minnətdarlığını sizə quyruğunu bulayaraq bildirəcək...

Müəllif: Rəşad Rüstəmov