İrəvan-Bakı birbaşa dialoqundan faydalanmaq lazımdır

Aktual

23.12.2021 - 13:58

Rusiyanın vasitəçilikdə inhisarçı mövqeyini azaltmaqda fayda var

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, erməni tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır. 

Qriqoryan eyni zamanda, Azərbaycan və Türkiyə nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazır olduqlarını da səsləndirib. Qeyd edib ki, Ermənistan tərəfi regional məsələlər üzrə işləməyə və müzakirə təşkil etməyə hazırdır. 

Qriqoryanın bu açıqlaması nəyə hesablanıb? Birincisi, məlumdur ki, Moskvadan sonra “3+3" platformasının növbəti görüşü Ankarada keçiriləcək. Ermənistan təmsilçisi Ankaraya gedəcək. Ona görə də Ermənistan hökuməti Təhlükəsizlik Şurasının katibi vasitəsilə indidən erməni cəmiyyətinə mesaj yollayır ki, Ankaraya gedəcəklər. 

İkincisi, Armen Qriqoryannı mesajı həm də beynəlxalq aləmədir, özləri haqqında müsbət imici formalaşdırmağa çalışırlar. Demək istəyirlər ki, müharibədə Azərbaycana məğlub olmalarına və xeyli itki vermələrinə baxmayaraq, qonşularıyla birbaşa dialoqa hazırdılar. 

Əgər İrəvan Bakı ilə birbaşa dialoqa hazır olduğunu nümayiş etdirirsə, bundan faydalanmaq olar. Rusiyanın vasitəçilikdə inhisarçı mövqeyini azaltmaqda fayda var. Ona görə birbaşa dialoq imkanlarından da istifadə etmək lazımdır.

Müəllif: Elxan Şahinoğlu, politoloq