Hər kəsə qismət olmayan pensiya: azın öz dərdi var, çoxun öz

Cəmiyyət

19.01.2023 - 14:07

Azərbaycanda ən aşağı pensiya almaq üçün nə qədər kapital toplamaq lazımdır?

Pensiyaların artırılması təbii ki, əhalini sevindirir. Ancaq burada yan təsirlər olmadan keçmir. Axı, daha yüksək minimum pensiya, bildiyiniz kimi, həm də onun gələcək alıcıları üçün artan maliyyə tələbləri deməkdir.

Söhbət əmək pensiyası almaq üçün tələb olunan pensiya kapitalının məbləğindən gedir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin sözlərinə görə, 2022-ci ildə minimum pensiya kapitalı artırılaraq 34,560 manat, ondan əvvəl isə 28,8 min manat səviyyəsində olub.

İqtisadçı Eldəniz Əmirov məsələyə belə şərh verib ki, pensiyanın minimum məbləğindən aşağı olmayan pensiya almaq üçün pensiya kapitalı bu məbləği 144-ə vurmaqla müəyyən edilir: “Məsələn, minimum pensiya kapitalı 34 560 manat olanda onu 144-ə bölüb 240 rəqəmi alırıq, yəni minimum pensiya 240 manat olub. Əgər bu il pensiya minimumu 16,7 faiz artaraq 280 manata çatarsa, onda 144-ü 240 əvəzinə 280-ə vurmaq lazımdır. Və belə bir düstur alırıq: 280 * 144 = 40 320. Beləliklə, nəticə - yeni ildə pensiya kapitalı 40 min 320 manata qədər artırılacaq”.

Müstəqil analitiklərin hesablamalarına görə, 500 manat maaşla (ölkədə orta əməkhaqqı həddi 400 manatdan bir qədər yuxarıdır) bu məbləği toplamaq üçün təxminən otuz il işləməli olacaqsınız. Amma pensiyaların illik indeksasiyası ilə də pensiya kapitalına olan tələblər artır.

Deyək ki, bu il minimum pensiya 280 manat olanda pensiya kapitalı 40 320 manat olub, gələn il isə pensiya 320 manata qalxsa, minimum pensiya kapitalı 46 min manatı keçəcək. Sonra isə 500 manat maaşla bu məbləği yığmaq üçün 34 il işləməli olacaqsan. Əgər minimum pensiya 500 manata qalxsa, onu toplamaq üçün 48 ildən çox işləmək lazım gələcək. Bu cür yanaşma və maaşlarla vətəndaşlara sonda başlanğıc pensiyasını almaq üçün bütün həyatları boyu bu məbləğə işləmək qalır.

Bir sözlə, ildən-ilə pensiya minimumunun artması ilə pensiyaçıların gələcək nəsillərinə qarşı maliyyə tələbləri də artır. Minimum pensiya kapitalının artırılması müsbət haldır, lakin artdıqca pensiyaya çıxanların sayı azala bilər. Axı minimum pensiya 300 manata qaldırılarsa, fərdi sığorta hesabına 34 min 500 manat, hətta daha çox 43 min 200 manat toplamaq asan olmayacaq.

Düzdür, nə biri, nə də digəri yoxdursa, sadəcə olaraq yaşa görə pensiyası üçün müraciət etmək qalır. Sonuncu qərarla 180 manatdan 220 manata qaldırılıb.

Qeyd edək ki, minimum pensiya kapitalı gözlənilən orta pensiya müddəti ilə bağlı müəyyən edilir. Gözlənilən orta pensiya müddəti indiyədək sabit qalıb - 12 il və ya 144 ay. Amma minimum pensiyanın həcmi tez-tez dəyişir. Hər dəfə minimum pensiyanın məbləği dəyişdikdə, pensiya kapitalının minimum məbləğinə dair tələblər də dəyişəcək. Pensiya yaşına çatdıqda 25 il iş stajı və ya qanunla müəyyən edilmiş məbləğdə, indi 40 320 manat pensiya kapitalı olan vətəndaşlar əmək pensiyası təyin etmək üçün müraciət edə bilərlər.

Müəllif: Emma Rzayeva