Tiflis Şəhər Məhkəməsi hücumu təşkil edənlərin barəsində həbs qətimkan tədbiri seçib
Tiflis Şəhər Məhkəməsi oktyabrın 4-də Gürcüstan Prezidentinin iqamətgahına basqın təşkil edən və 30-a yaxın polis əməkdaşının yaralanması ilə nəticələnən hücumu təşkil edənlərin barəsində həbs qətimkan tədbiri seçib. Bu barədə AYNA.AZ gürcü mediasına istinadən bildirir.
“Rustaveli prospekti” ictimai hərəkatının liderləri – opera müğənnisi Paata Burçuladze, keçmiş baş prokuror Murtaz Zodelava, müxalif “Vahid Milli Hərəkat” Partiyasının üzvü İrakli Nadiradze, müxalifətdə olan “Strategiya Ağmaşenebeli” Partiyasının liderlərindən biri Paata Mancqaladze və təqaüddə olan polkovnik Laşadeai həbs edilib. Onlar strateji və xüsusi obyektlər, qrup zorakılığının təşkili və onlara rəhbərlik etmək, Gürcüstanın konstitusiya quruluşunun dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə çağırışlarda ittiham edilirlər. Təqsirləndirilən şəxsləri 9 ilə qədər həbs gözləyir.
Oktyabrın 6-da saxlanılan hücumun 13 iştirakçısı da məhkəmə qarşısına çıxarılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşın daha iki iştirakçısı hələ də axtarışdadır.
Qeyd edək ki, oktyabrın 4-də Gürcüstan Daxili İşlər Nazirliyi yerli seçkilərin nəticələrinə etiraz edənlərin Tiflisdəki prezident iqamətgahının hasarlarını zədələyərək içəri girməyə cəhd etdiyini bildirib. Daha sonra polis etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.