“Facebook” bəzi media orqanlarını “damğalayacaq”

Maraqlı

08.06.2020 - 23:14

Məqsəd oxucunu materialın mahiyyəti barədə əvvəlcədən xəbərdar etməkdir

 

Bu gün dünyada ən populyar sosial şəbəkə olan “Facebook” Çin, Rusiya, İran və digər ölkələrin hakimiyyətləri tərəfindən nəzarət edilən medianın səhifələrini xüsusi işarə ilə qeyd etməyə başlayır. DW xəbər verir ki, bu barədə şirkətin Kibertəhlükəsizlik şöbəsinin müdiri Nataniel Qleyxer öz "Facebook" hesabında məlumat verib. Onun sözlərinə görə, insanlar müəyyən xəbərlərin hər hansı bir hökumətin təsiri altına düşə biləcək media tərəfindən yayımlanmasını bu xəbəri oxumağa başlamazdan əvvəl bilməlidirlər.

 

Və burada onunla razılaşmamaq mümkün deyil. Son onillikdə bir çox qeyri-ciddi, məqsədli, yalançı media sosial şəbəkədə özünə yuva qura bilib. Yəni sırf texniki cəhətdən, əlbəttə ki, bunlar başqa media orqanlarından məzmunundan başqa heç nə ilə fərqlənmir. Məzmun isə ölkələrində hakimiyyəti mənimsəyən siyasi qrupların istəklərindən asılı olaraq fərqli dərəcədə dəyişir və nəticədə oxucuya siyasiləşmiş yalan informasiya təqdim edir. Məsələn, Çin və İran kimi birpartiyalı sistemə sahib olan totalitar dövlətlərdə, ümumiyyətlə, hər cür KİV-lər birmənalı olaraq dövlət nəzarəti altındadır. Belə ölkələrdə mətbuatın fəaliyyət göstərməsi üçün başqa yol yoxdur.

 

Rusiya kimi dövlətlərdə vəziyyət bir az fərqlidir. Azlıqda olsa da, müxalif düşüncəli mətbuat fəaliyyət göstərməyə davam edir - qəzetlər, jurnallar, onlarla onlayn nəşrlər oxucuya alternativ mövqe təqdim edir. Hətta, Rusiyada ən azı bir müxalif telekanal da var.

 

Bununla belə, dünyanın bu ən böyük ölkəsindəki media qurumlarının əksəriyyəti Kremldəki kuratorların birbaşa göstərişi ilə fəaliyyət göstərir. Bütün bunlar yalnız daxili auditoriyaya təsir etsəydi, yenə dərd yarı, buna birtəhər dözmək olardı. Amma, problem ondadır ki, Moskva artıq bir müddətdir ki, planetin bütün işlək dillərində özünə sərf edən prizmada təhrif olunmuş mesajları yayan media holdinqlərinin yaradılmasına külli miqdarda vəsait ayırır. Üstəlik, bu cür yalançı dövlət korporasiyalarının nümayəndəlikləri artıq müxtəlif ölkələrin paytaxtlarından həmin ölkənin öz dilində yalan, təhrif olunmuş informasiyalar yaymağa başlayıb. Rusiya üçün bu rolu, məsələn, “Sputnik” agentliyi və ya “Russia Today” telekanalı oynayır. Çin hakimiyyəti üçün eyni missiyanı rəsmi Pekinin tam nəzarətində olan, dünyanın bir çox dillərində hakimiyyətin ruporuna çevrilən “Sinxua” həyata keçirir.

 

Beləliklə “Facebook” “state-controlled media” (dövlət tərəfindən idarə olunan media) qurumlarının xəbərlərini xüsusi nəzarətə götürəcək və təxminən 200 belə səhifə məcburi işarələnəcək.

 

Bununla yanaşı, “Facebook” ABŞ-da yerləşən xəbər orqanlarına belə işarələr qoymayacaq. Qleyxerin sözlərinə görə, “Facebook” hesab edir ki, hətta, ABŞ hökumət təşkilatları tərəfindən yaradılan KİV-lərdə belə, redaksiya müstəqilliyi var. Bu, şübhəsiz ki, mübahisəli bir yanaşmadır. “Facebook”un doğma Amerika mediasını etiketləməməsi, əlbəttə, ümumi məqsəd üçün atılan addıma kölgə salır, amma, bununla belə, bütövlükdə belə bir addımın faydaları zərərindən daha çoxdur.

 

Bundan sonra artıq dünyada insanlar açıq şəkildə təblğatla məşğul olan mənbələri normallardan ayırd edə biləcəklər. Əvvəllər belə bir fərqliliyi yalnız bu mövzularla maraqlanan insanlar ayırd edə bilirdisə, bundan sonra istənilə adam, zaman keçdikcə yalan təbliğatın qurbanı olmamaq üçün bəri başdan hansısa medianın xəbər başlığına klik edib-etməmək seçiminə malik olacaq.

 

Yalan, qərəzli məlumat yaymaqda Rusiya mediası xüsusilə irəli gedib. Onların səyləri sayəsində, demək olar ki, rus dilinin işləndiyi bütün ölkələrdə öz dövlətlərinin mənafelərini arxa plana çəkən və Putinin fərqli vəziyyətlərdə nə etməli olduğunu onların hökumətlərindən daha yaxşı bildiyinə inanan vətəndaş qrupları meydana gəlib. Bu “çirkli texnologiyalar” xüsusilə 2013-cü ilin sonundan, Ukraynanın Rusiyadan ciddi şəkildə üz döndərməsindən sonra Kreml tərəfindən dəstəkləndi və geniş vüsət aldı.

 

“Facebook” yalnız Rusiya, Çin və digər dövlətlərin medialarının səhifələrini xüsusi işarələrlə qeyd etməklə məsələni bitmiş hesab etmir. Bu yaydan işarələnmiş resursların ABŞ-a yönəlik bütün reklam xarakterli paylaşımlarının da bloklanacağı bildirlir.

 

“Reuters” xəbər verir ki, dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” Rusiyanın “Sputnik” agentliyi, İranın “Press TV” telekanalı və Çinin “Sinxua” agentliyinin yaydığı materiallar üçün müvafiq işarədən istifadə edəcək. Ümumilikdə birinci mərhələdə təxminən 200 səhifə işarə ilə qeyd olunacaq.

 

Eyni zamanda, “Facebook” ayrı-ayrı siyasətçilər və ya partiyalarla əlaqəli media üçün sözügedən etiketdən istifadə etməyəcək. Nataniel Qleyxerin fikrincə, bu, "çox sürüşkən sərhədləri" genişləndirəcək. "İlk olaraq, ən kritik hallardan başlamaq istəyirik", - deyə şirkət nümayəndəsi bildirib.

 

“Facebook” qeyd edir ki, işarələmə bütün dünyada, həmçinin ABŞ-da yayılan xəbər lentlərində görünəcək. Şirkət, həmçinin noyabr ayında keçiriləcək prezident seçkisi öncəsi, "önləyici tədbir olaraq", ABŞ-a yönəlmiş dövlət qurumlarına bağlı reklam materiallrının qarşısını alacağını bəyan edir. Digər ölkələrdə görünən eyni məzmunlu reklamlar etiketli olacaq.

 

ABŞ-da sonuncu prezident seçkilərinə Rusiyanın müdaxilə etməsinin qarşısını almaq üçün sosial şəbəkə platformalarından istifadənin dayandırılmasının mümkünsüzlüyünü etiraf edən “Facebook”, sonralar müdafiəsini gücləndirdi və səhifə şəffaflığı və reklam üçün daha sərt tələblər tətbiq etməyə başladı.

 

Bir sözlə, “Facebook” hesab edir ki, istifadəçilər oxuduqları xəbərləri yayan medianın hökumətin təsiri altında olub-olmadığını əvvəlcədən bilməlidirlər. Bununla yanaşı, “Facebook” bildirir ki, etiketlərin verilməsi ilə bağlı qərarlar media, hüquq və siyasət sahəsindəki onlarla mütəxəssisin rəyi əsasında qəbul edilir. “Facebook”un qərarı ilə razılaşmayan və etiket alan media orqanları dövlətin nəzarətində olmadıqlarını sübut etmək üçün apellyasiya şikayəti verə bilərlər.

Müəllif: Rauf Orucov