Bu qeyri-adi mənzərəni təsvir etmək üçün söz acizdir
Pəri qalası Zaqatala rayonunun Yuxarı Çardaqlar kəndində yerləşən tarixi abidədir. Strateji baxımdan çox mükəmməl yerdə tikilmiş qalaya yalnız bir istiqamətdən yol var - sıldırım qayalıqlarla.
Qalanın dəqiq tikilmə tarixi bəlli deyil. Ancaq tikilmə üslubuna görə tədqiqatçılar qalanın Qafqaz Albaniyası dövründə inşa edildiyini ehtimal edirlər. Bura çox güman ki, ilkin xristianlıq dövründə ibadət məqsədilə tikilmiş məbəd olub, əlçatmazlığına görə sonradan qala adlanıb.
Tikili elə bir mövqedə yerləşir ki, əraziyə gələn bütün yollar oradan aydın görünür. Ehtimal olunur ki, düşmən ordusunun yaxınlaşdığını görən gözətçilər dərhal elin gəlin və qızlarını, uşaqları bu qalaya qaldırar, düşmən getmədən aşağı endirməzdilər. Əfsanəyə görə, qalanın adı da elə bununla bağlıdır.
Başqa bir əfsanədə isə qeyd olunur ki, Teymurləng 14-cü əsrin axırlarında bu əraziyə hücum edəndə ona qalanın alınmaz olması haqqında məlumat verirlər. Qalaya isə Pəri adlı qızın başçılıq etdiyi bildirilir. Bu zaman Əmir Teymur qalaya hücuma şəxsən özünün rəhbərlik edəcəyini və həmin qadını da özünün xanımı edəcəyini elan edir. Qalaya hücum zamanı Pəri ələ keçəcəyini gördükdə özünü qayadan atır. Elə o zamandan da qala Pəri qala adı ilə tanınır.
Hazırda bir çox hissəsi, əsasən də yolu dağılıb. Bununla belə, yenə də öz əlçatmazlığını, əzəmətini və qeyri-adiliyini qoruyub saxlayır.
Qalaya baxanda aydın şəkildə görünür ki, qayaların bir hissəsi çapılaraq cığırlar açılıb, xüsusi hörgü materialları daşınaraq çoxlu sayda otaqlardan ibarət inşaat işləri aparılıb. Qala 5 mərtəbədən ibarətdir və hər mərtəbəsini keçmək xüsusi bacarıq tələb edir.
Hazırda qalaya qalxan cığır təhlükəli vəziyyətdədir. Hündürlük qorxusu olmayan və dırmanma təcrübəsi olan insanlar üçün qalaya çıxmaq mümkündür. Lakin qalxarkən təhlükəsizliyi mütləq təmin etmək lazımdır. Yaxşı olar ki, təcrübəli şəxslərin rəhbərliyi və xüsusi vasitələrlə qalaya dırmanılsın. Çünki burada ani bir səhv ölümə səbəb ola bilər.
Aşağı sıldırımlı qayalıqdan ibarət olduğu üçün düşən şəxsin sağ qalmaq ehtimalı sıfıra yaxındır. Sağ qalınsa belə, oradan evakuasiya olunmaq da asan başa gəlməyəcək. Odur ki, gedərkən bilənlərlə məsləhətləşin, sizi gözləyən təhlükələrdən xəbərdar olun, ondan sonra hərəkət edin.