Elektrik enerjisinə qənaət – xalqın genofonduna qəsd!

Cəmiyyət

18.06.2022 - 06:30

Həkimlər Klinikalar SEO Xidməti

Vətəndaşların diqqətinə: bizim sağlamlığımız onları maraqlandırmır, özümüz özümüzü qoruyaq

Havalar isindikcə istehlakçıların marketlərdə gecə saatlarında soyuducuların söndürülməsi ilə bağlı narazı səsləri də yüksəlməyə başlayır. Belə ki, alıcılar səhər saatlarında marketə daxil olduqlarında pis qoxunun olmasını, bəzi məhsulların ərimiş vəziyyətdə olduğunu müşahidə etdiklərini deyirlər. Onların fikrincə, marketlərdə gecə saatlarında soyuducular elektrik enerjisindən ayrılır. Soyuducudakı məhsullar isə səhər saatlarında ərimiş, istifadə üçün yararsız olur.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı AYNA-ya şərhində deyib ki, bu məsələ ilə bağlı neçə illərdir danışılmasına, yazılmasına baxmayaraq, hələ də öz aktuallığını qorumaqda davam edir: “Sosial şəbəkələrdə istehlakçılar tərəfindən bu barədə tez-tez şikayətlər yazılır. Bu hallar əsasən kiçik məhəllə dükanlarında baş verir. Səbəb də elektrik enerjisinə qənaət etməkdir. Digər səbəb də elektrik cərəyanına standartlara uyğun olmayan qoşulmaların nəticəsidir ki, bu zaman da elektrik şəbəkəsi yüklənməyə tab gətirə bilmir”.

“Lakin nəzərə almaq lazımdır ki, bu, çox təhlükəli haldır. Hazırda yay aylarıdır. Soyuducuda saxlanılmalı olan dondurma, eləcə də ağartı məhsulları cəmi bircə saat isti temperaturda qaldıqdan sonra yenidən dondurulursa, tərkibi dəyişir. Hər bir məhsulun öz saxlanma temperaturu var, buna da əməl olunmur”, - deyə həmsöhbətimiz bildirib.

O, bu məqamda istehlakçıları daha diqqətli olmağa çağırıb: “İstehlakçılar daim alış-veriş etdikləri mağazalarda özləri müşahidə apara bilərlər. Səhər erkən saatlarda mağaza açılan zaman soyuducudakı məhsullara əllə toxuna, əriyib-ərimədiyini yoxlaya bilərlər. Əgər məhsulların az da olsa əridiyini müşahidə edərlərsə, həmin yerdən alış-veriş etməsinlər. Çünki bu cür hallar ciddi zəhərlənməyə səbəb ola bilər”.

Mütəxəssis bildirib ki, bu məsələdən məsul olan qurum – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) monitorinq aparmır: “Bu yaxınlarda televiziya kanallarından birində AQTA-nın nümayəndəsinə bu cür faktların olduğunu bildirdim. Lakin məlum oldu ki, onlar bu halları yoxlamırlar. Yoxlanmırsa, deməli, market sahibləri, satıcılar da bu vəziyyətdən istifadə etməyə davam edirlər. Lakin bunun nəticəsi çox ağır ola bilər. Buna görə də istehlakçılar özləri daha diqqətli olsunlar. Bir dəfə bu halla rastlaşsalar, həmin yerdən alış-verişi dayandırsınlar, çünki bu halın təkrarlanma ehtimalı yüksəkdir”.

“İstehlakçılar məhsulların saxlanma temperaturlarına da diqqət göstərsinlər. Soyuducuda standart temperatur olsa da, oraya müxtəlif temperaturda saxlanılan məhsulları yığırlar. Bəzən, hətta soyuducuda saxlanılmalı məhsulu kənarda – digər qida məhsulları ilə eyni rəfdə saxlayırlar. Nəzərə almaq lazımdır ki, bəzi içkilər, şokoladlar və s. var ki, onlar xüsusi temperaturda saxlanılmalıdır. İstehlakçılar özləri də buna diqqət etməlidirlər”, - deyə Bayramlı vurğulayıb.

Qida üzrə mütəxəssis Məhsəti Hüseynova da AYNA-ya açıqlamasında sözügedən problemin aktuallığını qoruduğunu söyləyib: Bu hal həm iri, həm də kiçik mağazalarda müşahidə olunur. Soyuducuların gecə saatlarında elektrik enerjisindən ayrılmasını adətən enerjiyə qənaət etmək məqsədi ilə edirlər. Bir çox marketlərdə məhsulların saxlanma qaydalarına əməl olunmur. Məhsulları “mal qonşuluğu” prinsipi pozularaq saxlayırlar. Bu da o deməkdir ki, süd məhsulları ilə ət məhsulları, açıq məhsullarla paketlənmiş məhsullar bir yerdə saxlanılır. Ən böyük təhlükə də bu halda yaranır”.

“Bəzi məhsulların saxlanma temperaturu eyni olsa da, qarışıq saxlanılması düzgün deyil. Həmin soyuducular da söndürüldüyündə həm “mal qonşuluğu” prinsipi pozulduğu, həm də temperatur rejimi aşağı olduğu üçün, xüsusilə” süd, yüksək risk qrupuna aid olan ət məshullarının tərkibində bakteriyalar sürətlə çoxalmağa başlayır. Yenidən, bir neçə saat sonra soyuducunu yandırsalar da, həmin bakteriyaların çoxalmasının qarşısını almaq mümkün deyil”, - deyə müsahibimiz diqqətə çatdırıb.

“Bu məhsullarla qidalandıqda orqanizmdə nə baş verir” sualına gəlincə, müsahibimizin sözlərinə görə, bir çox insanlar bu məhsullarla qidalandıqlarında zərərli təsirlərini dərhal hiss etmirlər: “Bu məhsullarla qidalandıqda həzm sistemində, bağırsaqların mikroflorasında pozulma olur. İmmuniteti güclü insanlar bu qidalarla qidalandıqlarında kəskin zəhərlənmə baş verməyə bilər, amma ürəkbulanması, qusma, diareya, ishal kimi hallarla özünü göstərə bilər”.

“Marketə daxil olduqda xoşagəlməz qida qoxusu gəlirsə, bu halda bilinməlidir ki, həmin marektdə qida məhsulları düzgün, qaydalara uyğun şəkildə saxlanılmır. Bu cür marketlərdən məhsul almaq və istifadəsi yolverilməzdir. Xüsusilə də yaşlılarda, hamilə, südverən analarda və körpə uşaqlarda saxlanılma şəraitinə əməl olunmamış qidalardan istifadə öz təsirini daha tez gösətərir. Çünki həmin şəxslərdə orqanizm daha həssas olur. Buna görə daha diqqətli olmaq və bu cür qidalardan istifadə etməkdən çəkinmək lazımdır”, - deyə Hüseynova fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib