Hadisə sentyabrın 28-i axşam saatlarında İmbabura vilayətinin girişində baş verib
Ekvadorda yanacağın qiymətləri ilə bağlı etirazlar zamanı nümayişçilər Prezident Daniel Noboanın kortejinə hücum ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə CNN rəsmilərə istinadən məlumat yayıb.
Qeyd edilib ki, hadisə sentyabrın 28-i axşam saatlarında İmbabura vilayətinin girişində baş verib.
Xarici diplomatlar humanitar yardım çatdırmaq üçün Ekvador Prezidenti ilə birlikdə gedirdilər.
Təxminən 350 nəfər dövlət başçısının kortejinə hücum edib. Etirazçılar onu fişənglər, molotov kokteyli və daşlarla atıblar. Maşınları qoruyan 50-yə yaxın əsgər hücumu dəf etməyə çalışıb.
Ekvador Prezident Administrasiyasından bildirilib ki, karvanda yüksək vəzifəli şəxslər, o cümlədən Vatikan diplomatı Andres Karraskosa, Avropa İttifaqının səfiri Yekaterina Dorodnova və İtaliya səfiri Covanni Davoli də var.
İtaliyanın Ekvadordakı səfirliyi, səfirin Noboanı hədəf alan "terror aktı" kimi qiymətləndirdiyi hücumda xəsarət almadığını bildirib.
Telekanalın məlumatına görə, ölkədə iğtişaşlar səkkizinci gününə qədəm qoyub. Hökumətin dövlət xərclərini azaltmaq, yanacaq qaçaqmalçılığı ilə mübarizə aparmaq və sosial proqramlar üçün vəsaiti boşaltmaq məqsədilə yanacaq subsidiyalarını dayandıracağını elan etdikdən sonra nümayişçilər küçələrə çıxıb.