Deputatlardan maaş artımına reaksiya: “Sanki bütün problemlərin günahkarı parlamentdir”

Cəmiyyət

21.06.2022 - 15:21

Həkimlər Klinikalar SEO Xidməti

Rüfət Quliyev: “Azərbaycanda deputatlar o qədər də yüksək maaş almırlar”

Razi Nurullayev: “Bütün məsələlərdə parlamentə yüklənmək doğru yanaşma deyil”

Mətbuatda gedən xəbərə görə, Milli Məclisin deputatlarının maaşı artırılır. Belə ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında" qanuna dəyişiklik edilir.

Hazırki qanunvericiliyə əsasən, Milli Məclisin Sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis Sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır. Bundan başqa, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar.

İndiki dəyişikliyə görə, Milli Məclisin Sədri 3550 manat miqdarında aylıq vəzifə maaşı alacaq. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis Sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq. Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Bu xəbər ictmaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkənin Azərbaycan seqmentində gedən müzakirələrdən belə başa düşülür ki, deputatların maaş artımı çoxları üçün yersiz qərar hesab edilir. Bəs deputatlar özləri necə, onlar indiki halda maaş artımına lüzum görürlərmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev AYNA-ya açıqlanmasında deyib ki, bu, əvvəla, ölkədə gedən ümumi islahatların bir parçasıdır: “Bəli, əlbəttə, bu xəbərdən məlumatlıyam. Düşünürəm ki, bu, ölkədə gedən ümumi islahatların bir parçasıdır. Eyni zamanda da inflyasiyanın nəticəsidir”.

Deputat digər ölkələrdə deputatların maaşları ilə müqayisə apararaq bildirib ki, bizdə deputatlar o qədər də yüksək maaş almırlar: “Biz deputatların maaşını bir neçə ölkə ilə müqayisə etsək, görəcəyik ki, bizdə deputatlar o qədər də yüksək maaş almırlar. Bizdə maaşlar orta səviyyədədir. Ona görə düşünürəm ki, bu, lazım idi. Əgər dövlət bu qərarı qəbul edəcəksə, deməli, bu lazım idi”.

Parlamentin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev isə AYNA-ya açıqlamasında bu xəbərdən məlumatsız olduğunu söyləyib. Buna lüzum olub-olmamasına gəlinci: “Hazırda Azərbaycanın neft-qazdan gələn gəlirləri artdığına, bahalaşma olduğuna görə müavinət və pensiyalarda, müəyyən əməkhaqlarında artım nəzərdə tutulub. Hesab edirəm, bu yanaşmanın fonunda deputatların əməkhaqqına da əlavə edilməsi nəzərdə tutulub”.

“Bu məsələ ilə bağlı verilən suallara həmişə cavab vermişəm, danışmışam. Lakin necə danışmağından asılı olmayaraq, cəmiyyətin mövqeyi əvvəlcədən bəlidir. Bu baxımdan bu mövzuda uzun-uzadı danışmağa da ehtiyac görmürəm”, – deyə deputat qeyd edib.

Nurullayev cəmiyyətin bir çox məsələlərdə parlamentə yüklənməsini düzgün hesab etmir: “Şəxsən özüm gecə-gündüz vəzifəmi yerinə yetirmək üçün çalışıram. Nəticələr də var. Bir çox hallarda paylaşmasam da, bölüşdüyüm nəticələr olur. Yaxından tanıdığım digər deputat yoldaşların öz vəzifə borclarını yerinə yetirmək üçün çalışdıqlarını da müşahidə edirəm. Hesab edirəm ki, bu gün bütün məsələlərdə parlamentə yüklənmək doğru yanaşma deyil”.

“Sanki cəmiyyətdə belə bir fikir var ki, onların bütün problemlərinin hamısının baiskarı parlamentdir. Axı belə deyil. Parlament qanunları qəbul edir, vətəndaşların xeyirinə nə qədər fikirlər səsləndirilir, qanunlar qəbul olunur. Məncə, vətəndaşlarımız da bu yanaşmanı bir qədər dəyişsələr, yaxşı olar”, - deyə müsahibimiz vurğulayıb.

Müəllif: Aləmdə Nəsib