Çindən gələn 4 azərbaycanlı tələbə nəzarətə götürülüb, başqa iddialar da var

Cəmiyyət

30.01.2020 - 18:21

"Hamımız narahatıq ki, xəstələri niyə bizim rayonun xəstəxanasına yerləşdiriblər”

 

Qobustan sakinləri iddia edirlər ki, Çindən gətirilmiş 4-5 nəfər koronavirusa yoluxmuş azərbaycanlı xəstə Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bu barədə AYNA-ya adının açıqlanmasını istəməyən rayon sakinlərindən biri məlumat verib.

 

“Məlumat var ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasına Çindən gətirilmiş koronaviruslu xəstə yerləşdirilib. Bu xəbər artıq rayona yayılıb, ancaq heç bir rəsmi məlumat verilmir. Hamımız narahatıq. Maraqlıdır ki, xəstələri niyə, məhz bizim rayonun xəstəxanasına yerləşdiriblər”, - rayon sakini deyib.

 

Sözügedən iddiaya aydınlıq gətirmək məqsədilə əvvəlcə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, ölkədə koronavirusa yoluxma və ya bu virusa yoluxmuş şəxsin ölkəyə gəlməsi faktı qeydə alınmayıb: “Ümumiyyətlə, Azərbaycan ərazisində belə xəstə qeydə alınmayıb. Buna baxmayaraq, TƏBİB tərəfindən bütün tibb məntəqələrində ciddi tədbirlər görülüb, bütün heyət hazır vəziyyətə gətirilib, koronavirus faktı aşkarlanacağı təqdirdə lazımi tədbirlər görüləcək. Həmçinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən də gömrük məntəqələrində, keçidlərdə postlar qurulub, ölkəyə girib-çıxan hər kəsə ciddi nəzarət olunur”.

“Konkret bu məsələyə gəldikdə isə, bu barədə TƏBİB heç bir açıqlama verə bilməz. Çünki Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair keçirilən iclasda Səhiyyə nazirinin rəhbərliyi ilə işçi qrupu yaradılıb. Ona görə də bu barədə ancaq Səhiyyə Nazirliyi hər hansı bir açıqlama verə bilər”, - deyə qeyd olunub.  

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə, hər zaman olduğu kimi, bu dəfə də nə zənglərimizə cavab ala bildik, nə də sorğumuza. Dəfələrlə həm Nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirova, həm də mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyevə zəng vursaq da, zənglərimiz cavabsız qaldı. 

 

Öyrəndik ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov bu gün yerli mətbuata açıqlamasında, dünən gecə saatlarında Çindən dörd azərbaycanlı tələbənin ölkəyə gətirildiyini deyib. O bildirib ki, həmin tələbələrin başqa şəxslərlə ünsiyyətdə olmaması üçün Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən ayrılan xüsusi keçiddən keçirilərək ölkəyə buraxıblar.

 

“Daha sonra həmin tələbələr tibb müəssisələrindən birində ayrılan qapalı palataya aparılıb. Onların valideynlərinə izah olunub ki, tələbələrdə hər hansı bir xəstəlik əlamətləri aşkar edilməyib”, - Nazirlik sözçüsü qeyd edib.

 

“Tədbirlər ona görə görülür ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun inkubasiya müddətini 14 gün təyin edib. Yəni koronavirus 14 gün ərzində özünü büruzə verə bilər. Tələbələrin yerləşdirildiyi tibb müəssisəsində onlar üçün hər cür şərait yaradılıb. Bu barədə onların yaxınlarına da məlumat verilib ki, əgər 14 gün ərzində tələbələrin səhhətində hər hansı bir dəyişiklik olmasa, rahatca evlərinə yola salınacaqlar”, - Abubəkirov vurğulayıb.

Müəllif: Rumiyyə Miraslan