“Bir neçə oyunçunun xüsusi olaraq yeri görünür” - <font color=red> Qurbanov</font>

İdman

19.08.2020 - 00:22

“Qarabağ”ın baş məşqçisi: “Futbolçularımdan ən yaxşı oyunu gözləyə bilmərəm”

 

“Vacib qələbə qazandıq. Neçə aydan sonra ilk rəsmi oyunda qələbə qazanmaq çox yaxşı oldu. Yeganə təəssüfləndirici məqam azarkeşlərimizin olmaması idi. Onlarsız bizə həmişə çətin olur”. AYNA bildirir ki, bu sözləri Çempionlar Liqasının I təsnifat mərhələsinin “Sileks”lə oyunundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə deyib. Təcrübəli baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Maksim Medvedev oyunun gedişatında zədələndi, onun vəziyyəti necədir? “Qarabağ” tempsiz, formasından uzaq çıxış etdi. Düzəlmək, normal formaya düşmək üçün nə qədər zaman lazımdı?

 

- Maksimin vəziyyəti haqqında sabah dəqiq məlumat biləcəyik. Bu gün biz futbolçulardan sürətli oyun gözləyə bilmərik. Biz sürətdən daha çox topla oynamağa çalışırdıq. Uzun fasilədən sonra heç bir futbolçudan ən yaxşı oyunu gözləyə bilmərik. Məncə, normal oyun oldu.

 

- Növbəti mərhələdə hansı komandanı görmək istərdiniz?

 

- Fikir bildirmək istəmirəm. Hansı rəqib olsa, ona uyğun hazırlaşacağıq.

 

- Hesab nə qədər böyük olsa da, meydanda hansısa səhvlər var idimi? Əgər var idisə, bunlar hansılar idi? Qarşıdakı oyunlar üçün yeni transferlər gözlənilirmi?

 

- Səhvlər daim olur. Hər zaman bunu görə bilərik. Əsas məsələ onların üzərində işləyib aradan qaldırmaqdır. Qaldı ki, transferlərə, bu çox çətindir. Xüsusilə də pandemiya dönəmində işimiz çox çətinləşib. Amma yenə də cəhd edirik. Mütləq bir neçə transfer etmək istəyirik.

 

- Qapıçı seçimində həlledici məqam nə oldu? Və yeni qapıçı transferi hələ də gündəmdədirmi? 

 

- Emil çoxdandır meydana çıxmırdı. Şahruddin isə uzun müddətdir komandadadır. Ancaq yenə də hər ikisinin şansı var. Qapıçı transferi isə gündəmdə qalıb. Bir neçə oyunçu ilə danışıq aparırıq.

 

- Meydançanın ot örtüyü idealdan uzaq vəziyyətdədir. Ola bilərmi ki, növbəti oyunu başqa stadionda keçirəsiniz?

 

- UEFA-ya bununla bağlı məlumat vermişik. Ola bilər ki, növbəti oyunu “Azərsun Arena”da keçirək. Amma deyim ki, meydançanın bundan da pis vaxtlarında oynamışıq. İstənilən halda, ola bilsin növbəti oyunun yeri dəyişsin.

 

- Məcburi fasilə dönəmində komandada bir sıra dəyişikliklər oldu. Bu gün Qurban Qurbanov ən çox kimin yoxluğunu hiss etdi?

 

- “Qarabağ”dan gedən bütün futbolçular bizim üçün əzizdir, doğmadır. Hər birinin yeri görünür. İstənilən oyunçunun yenidən bizimlə olmasını, oynamağını istərdim. Ad çəkmək istəmirəm, amma bir neçə oyunçunun xüsusi olaraq yeri görünür.

Müəllif: Ayna.az