Kamran Əliyev Həsənovanın övladları ilə birlikdə Azərbaycana gəlməsində köməklik göstərilməsini xahiş edib
Son günlər bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Türkiyənin Ankara şəhərində yaşayan Nailə Həsənovanın 3 azyaşlı övladları ilə birlikdə 8 il qeyri-rəsmi nikahda yaşadığı Türkiyə vətəndaşı Ercan Kapan tərəfindən işgəncə və zorakılığa məruz qalması, onun və azyaşlı övladlarının həyatının təhlükədə olması, bundan başqa uşaqların bioloji anası olduğu halda E.Kapanın rəsmi nikahda olduğu arvadını saxtakarlıq yolu ilə üç uşağının anası olaraq rəsmiləşdirdiyindən övladlarının qəyyumluğunu əldə edə bilməməsi, bununla əlaqədar olaraq onların vəsiqələrini dəyişdirə bilməməsi, bu faktorun təhsil hüquqlarını həyata keçirməyinə və eləcə də tibbi xidmətdən yararlanmalarına mane olması barədə məlumatlar yayılıb.
Baş Prokurorluqdan AYNA-ya verilən məlumata görə, bununla əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Ankara Cümhuriyyət Baş prokuroru Yüksel Kocamana rəsmi qaydada müraciət edərək qanunun aliliyi prinsipini rəhbər tutmaqla qeyd edilən məsələnin nəzarətə götürülüb araşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsini və Nailə Həsənovanın övladları ilə birlikdə Azərbaycan Respublikasına gəlməsində köməklik göstərilməsini xahiş edib.