“Bakkuş” modelindən dövlət-məmur modelinə doğru - İndi ölkə yol ayrıcındadır

İqtisadiyyat

12.12.2021 - 20:50

Ya hökumət öz sosial yükünü artıraacaq və yükün altında əziləcək, ya da islahatlar yolu ilə dövlət-məmur modelindən imtina edəcək

Müstəqilliyimizdən 2006-ci ilə, denominasiya olan zamana qədər bərqərar olan modeli “Bakkuş” iqtisadi modeli adlandırmaq olar. 1993-cü ildə mərhum Prezident Heydər Əliyev hakimiyyətə gələndən sonra əsas hədəfi böyük neft müqavilələrinin tezliklə bağlanması idi. Heydər Əliyev anlayırdı ki, neft müqavilələri olmadan ölkədə sabitlik, sonra isə iqtisadi yüksəliş mümkün deyil. O, həm də anlayırdı ki, böyük neft pulları gələnə qədər ölkəni dolandırmaq, iqtisadi azadlıqları özünəməxsus şəkildə təmin etmək lazım idi.

Həmin illərdə ölkədə pul yox idi, kəskin inflyasiya, pulun dəyərdən düşməsi ilə paralel olaraq SSRİ-nin çökməsindən qaynaqlanan ənənəvi iqtisadi və təsərrüfat əlaqələrin dağılması prosesi gedirdi. Ölkədə istehsal yox dərəcəsində idi, bolluqdan söhbət belə getmirdi, qıtlıq və işsizlik hökm sürürdü. 

Rəhmətlik Heydər Əliyev liberal bazar iqtisadiyyatı tərəfdarı deyildi, zatən ola da bilməzdi, sovet iqtisadi modelindən çıxan bir şəxs idi. Amma zəkası və analitik qabiliyyəti ona imkan verdi ki, sərhədləri açsın, sərhədyanı ticarəti liberallaşdırsın, “Sədərək” və “Binə” kimi primitiv, amma bütün bölgə ölkələrini mallarla təmin edən bazarların yaranmasına göz yumsun. Nəticədə ölkədə çox primitiv, amma o zaman üçün işsizliyin qarşısını alan, dövlətin təmin edə bilmədiyi sosial xidmətləri əvəz edən “Bakkuş” modeli işə düşdü. Millət əlinə keçəni İrana, Türkiyəyə, Rusiyaya, Gürcüstana aparıb satır, ordan isə gündəlik təlabat malları gətirib ölkədə realizə edirdi. Beləliklə, “Bakkuş” modeli vətəndaşlara sərbəst ticarətə imkan yaratdı, o zaman vergi-gömrük, hüquq-mühafizə orqanları biznesin işinə çox da müdaxilə etmirdi, öz payını alıb kənara çəkilmişdilər. O zaman gömrük işçilərinə bir maşın mala bir “göy əlliminlik” verəndə 10 dəfə “sağ ol” deyib yola salırdılar. Vergi gəlib haqqını alıb gedirdi, polis 5-10 manata qane olurdu, millət isə özü-özünü dolandırmağa başlamışdı.

2006-ci ildə ölkədə denominasiya baş verdi, böyük neft pulları gəlməyə başladı, ilk dəfə ölkə büdcəsi 3,5 milyard manata çatdı – o zaman üçün böyük rəqəm idi. Elə həmin ildən, artıq Prezident İlham Əliyevin hakimiyyətdə möhkəmlənməsi də başladı, iqtisadi fürsətlərin daraldılmasına start verildi. Dövlət sosial yükü öz çiyninə götürəcəyini bəyan etdi. Nəticədə şişirdilmiş idarəçilik modeli qurulmağa başlanıldı, iş yerləri dövlət sektorunda yaradılırdı. Hər il kiçik-orta sahibkarlığın daha çox sıxışdırılmasına başlanıldı, iri holdinqlərin yaranmasına, iqtisadiyyatın təmərküzləşməsinə strat verildi.

Büdcə artdıqca, dövlət-məmur iqtisadi modelinin çəkisi də artmağa başladı. Təsəvvür edin ki, cəmi 5 il sonra, 2011-ci ildə büdcəmiz 16 milyard manata yaxınlaşdı – 5 ilə 3 dəfədən çox artan büdcə iqtisadiyyatın bütün çarxlarını büdcə xərcləməliri üzərinə inşa etməklə nəticələndi.

Yəni 1993-2006-cı ilə qədər olan primitiv də olsa, özünəməxsus da olsa “liberal Bakkuş” iqtisadi modeli tarixə qovuşdu, əvəzinə dövlət-məmur iqtisadi modeli gəldi. 2015-ci il böhranından sonra (neft kəskin ucuzlaşdı, manat 3 addımda devalvasiyaya uğradı) hökumət islahatlardan danışmağa başladı, yeni model axtarışına çıxdı, bir çox proqramlar qəbul olundu, amma heç biri yerinə yetirilmədi – çünki islahatı iqtisadiyyatdan başlamaq yanlışdır, problemlərin kökü idarəetmə modelində və məhkəmə sistemindədir.

Bu gün dövlət sosial yükü öz üzərinə götürsə də, bunu daşıya bilmir, çünki vətəndaşa güvənmir, vətəndaşın təşəbbüskarlığını təhlükə sayır. İqtisadi nəzarət mexanizmlərinin əlindən çıxdığı zaman problemlərin (özləri üçün) artacağını düşünür. Bu gün gömrük-vergi siyasəti doğru qurulmadığından vətəndaşın da sosial problemlərini özünün həll etməsinə imkan yoxdur – məhz bu çıxılmaz vəziyyətə görə ölkədə indi sosial narazılıqlar artır. Həm də, əvvəllər dövlətin sosial yükünün böyük bir hissəsini ailə institutu öz üzərinə götürmüşdü, hökumət də arxayınlaşmışdı – yəni xaricdən, əsasən də Rusiyadan ailələrə gələn pul sosial vəziyyətin pisləşməsinə mane olan əsas amillərdən biri idi. Dövlətin yükünü ailələr özləri çəkirdi, ailədaxili yardımlaşma da var idi. İndi bu mexanizm də zəifləyib – xaricdən gələn pul azalıb (son 10 ildə azı 4 dəfə), ailələrin özlərinin də təpəri qalmayıb ki, ailə fərdlərinə daxili resurslar hesabına kömək etsinlər.

İndi ölkə yol ayrıcındadır – ya hökumət öz sosial yükün artırmaq yolu ilə çəkə bilməyəcəyi yükün altında əziləcək, bu isə daha çox narazıçılıq yaradacaq, ya da idarəetmə və məhkəmə islahatları yolu ilə dövlət-məmur modelindən imtina edəcək. Görək...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert