Bakıda da İstanbul kimi yanlış rahatlama var

Cəmiyyət

28.04.2020 - 10:48

Rahatlama (?)

 

Deyəsən, Bakıda da İstanbul kimi bir rahatlama var, yanlış bir rahatlama...

 

Əvvəlcə Türkiyə üçün son durum haqda:

 

Müalicə olunan xəstələrin sayı 30% artdı, bu indiyə qədər əldə edilən ən yüksək rəqəmdir. Reanimasiya ilə intubasiya sayında düşüş davam etdi. Reanimasiyadakı xəstə sayı son 2 həftənin ən aşağı səviyyəsində düşdü.

 

Ancaq çox-çox təəssüf ki, son 3 gündür göstəricilərin yaxşı çıxması ilə xalq təmkinini və tədbirini pozdu - bu gün İstanbulun küçə və meydanları qaynayırdı. Gəzənlər, skamyalarda oturub dondurma yeyənlər (kafe və restoranlar, park və sahillər bağlıdır), veyil-veyil gəzənlər İstanbulun koronavirus öncəsindəki günlərinə bənzəyən tablo yaratdılar.

 

Bir az əvvəl Bakı ilə danışdım, şəhərdəki tıxacdan, küçələrin dolub-daşdığını dedi dostum...

 

Düşünürəm ki, Türkiyə və Azərbaycan Avropa ölkələrinin gerisindən gəlirlər, yəni bizdəki ilk xəstə və ilk ölümlər İtaliya, İspaniya, Almaniya və b. ölkələrdən bir ay sonra baş verdi. Təbii olaraq yumşalma da bu ölkələrdən sonra olmalıdır. Azərbaycan hətta Türkiyədən də geridən gəlir. Ancaq Türkiyə Ramazan Bayramına - 25 maya qədər bu rejimi belə saxlamaqda qərarlıdır. 

 

Nə qədər az təmasda olsaq və nə qədər çox izolyasiyada qalsaq, bu, ümumi nəticə üçün çox önəmlidir.

 

Əldə etdiyimiz bu göstəriciləri korlamğa, yaranmış normallaşma trendini pozmağa haqqımız olmamalıdır.

Müəllif: İbrahim Nəbioğlu