“Azərbaycan tələsməlidir, böhran qapıdadır” – <font color=red> ŞEVÇENKO</font>

Siyasət

16.12.2020 - 19:20

Rusiyalı politoloq: “Bu, həm Rusiyada, həm də Azərbaycanda tam başa düşülməyən çox vacib bir məqamdır”

 

Qarabağ müharibəsi və nəticələri yeni fürsətlərə və yeni dünyaya qapılar açmaqla yanaşı, eyni zamanda bir çox risklər yaradır. Tanınmış rusiyalı jurnalist, politoloq Maksim Şevçenko AYNA-ya müsahibəsində Qarabağ müharibəsinin nəticələri, bundan sonra regionda hansı proseslərin cərəyan edəcəyi barədə danışıb.

 

- Noyabrın 10-dakı razılaşmalar çərçivəsində əldə etdiyimiz əsas geosiyasi nəticələr nələrdir?

 

- Nəticələri yox, yaxşı fürsətləri əldə etdiniz. Azərbaycanın milli maraqları çərçivəsində Qarabağ münaqişəsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həll edildi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və millətin inkişafı üçün böyük perspektivlər qazanıldı: insanların azad edilmiş ərazilərə qayıtması, təbii ehtiyatlara, su mənbələrinə çıxışın bərpası və s. Bildiyiniz kimi, Azərbaycanın böyük problemi kəskin su çatışmazlığında idi ki, su mənbələri də Kəlbəcərdə işğalçılar tərəfindən idarə olunurdu. Bu problemin həlli Azərbaycanın öhdəsindən gəldiyi çox vacib bir vəzifədir.

 

Ancaq Azərbaycanın hüdudlarından kənara çıxsaq, onda çox diqqətlə danışmağa üstünlük verərdim. Bütün yaranan imkanların realizasiyasının münaqişələrlə müşayiət olunacağını anlamalısınız, çünki həm Türkiyədə, həm də Rusiyada buna fərqli baxan qüvvələr var. Qərb, ABŞ və Fransa da kənarda qalmayacaq və bu da asan bir gəzinti olmayacaq. Təzyiqlər göstərməyə davam edəcəklər. Qərbin təsirinin hələ də güclü olduğu və hətta, bir sıra məmurların Fransa vətəndaşları olduğu Gürcüstanı xatırlamalıyıq. Bu səbəbdən Cənubi Qafqaz bölgəsindəki fransız təsirləri gözardı edilə bilməz. Bu təzyiq təkcə Azərbaycana deyil, Ermənistana da olacaq.

 

Bu səbəbdən nəticələrə sevinməyə davam etməyə ehtiyac yoxdur, Azərbaycanın bu qələbə nəticələrini möhkəmləndirməsi lazımdır. Mümkün olan ən sürətli inkişaf və insanların bu ərazilərə qayıtması üçün bütün səyləri birləşdirin. İnsanlar ərazilərinə nə qədər tez qayıtsalar, bir o qədər asan olacaq, proses təxirə salınarsa, daha çox problem yaranacaq.

 

- Bu bölgədə daha hansı proseslərin inkişafını görürsünüz?

 

- Azərbaycanın fərqli ölkələrlə münasibətlərini yeni bir şəkildə strateji modelləşdirməsi lazımdır. Məsələn, eyni İranla. Tehran uzun müddətdir belə bir çətin vəziyyətdədir. Ona görə də Tehran üfüqdə görünən fürsətlərdən bərk yapışacaq. Ərdoğan da eyni təzyiq altındadır. Qərb ölkələri, Türkiyə Prezidentini Vaşinqtonda və Parisdə bir növ cani elan etməyə hazırdır. Bununla birlikdə, Parisin özündə indi vəziyyət stabil deyil - Fransa inqilabın astanasındadır. Buna görə də deyərdim ki, indi strateji vəzifələrimizi sürətlə həll etməliyik, çünki dünya böhran ərəfəsindədir.

 

- Nə böhran? Hansı dünya münaqişəsindən danışırsınız?

 

- İndi dünyada elitaların qarşıdurması yaşanır. Söhbət dünyanın inkişafı üçün fərqli strategiyalara sahib olan qüvvələr arasındakı ziddiyyətdən gedir. Həm siyasət formatı olaraq dövlətlərə, həm də transmilli qurumlara “stavka” edən qüvvələr var.

 

- Bölgəmizə qayıdırıq. Bir çox ekspertlər Rusiya və Türkiyəni düşmən, bəziləri rəqib hesab edir, digərləri isə onları fərqli bölgələrdə “yaxşı” və “pis” polis zabiti kimi görür. Bu dəyərləndirmələrlə razısınızmı?

 

- Rusiyanın bir polis olmasını istəməzdim, Türkiyənin də bir polis olmasını istəməzdim. Hər iki dövlətin içində bu ölkələrin fərqli inkişaf konsepsiyalarına görən fərqli qüvvələr var. Rusiyada ölkənin Qərbin əlavəsi olduğunu düşünən bir siyasi elita üstünlük təşkil edir. Türkiyədə Ərdoğanın xətti üstünlük təşkil edir, ölkəsini Qərbin əlavəsi saymır. Bununla yanaşı, Türkiyədəki müxalifət, xüsusən respublikaçılar Türkiyənin Qərbin bir hissəsi olduğuna inanırlar. Buna görə də çətin bir oyundur və asan bir seçim yoxdur.

 

- İndi postsovet məkanında baş verən geopolitik dəyişikliklərdən çox danışılır. Belarus, Qırğızıstan, Moldovada inkişaf edən proseslər, Qarabağ müharibəsi. Sizcə, postsovet məkanında proseslər hansı istiqamətdə cərəyan edir?

 

- İndi əminliklə deyə bilərik ki, Sovet epoxasının tam olaraq sonu müşahidə olunur: o dövrün siyasətçiləri və geopolitikası tarixə qovuşur. Əsl postsovet dövrü indi başlayır. Qarabağ müharibəsi və Azərbaycanın qələbəsi postsovet dövrünün əsl başlanğıcıdır. Üstəlik, Azərbaycan Sovet dövrünün davamlılığını, Siyasi Büro üzvlüyünə namizəd Heydər Əliyev kursunu qorumağı bacardı. Artıq, indi Azərbaycan Sovet dövrünün məhvi, sonunun başlanğıcı olan problemi həll etdi. Rusiyadan, Ukraynadan və bütün digər dövlətlərdən fərqli olaraq, postsovet dünyasının start mövqelərinə daxil olan ilk dövlətsiniz.

 

Bu, hələ nə sizin, nə də ola bilsin ki, Rusiyanın tam anlamadığınız çox vacib bir məqamdır. Sovet İttifaqından Roma İmperiyası kimi danışacağıq, həm də postimperiya dövründə orta əsrlərin dərslərini təyin edən Roma dəyərlərindən danışacağıq. Orta əsr Avropası Romanı təqlid edirdi. Buna görə də Azərbaycan postsovet məkanının bu mərhələsinə başladı.

Müəllif: Nicat Hacıyev