AZAL-ın xroniki inhisarçılığı – Rəsmi rəqəmlərin dili ilə

İqtisadiyyat

26.07.2023 - 16:53

Quru sərhədləri bağlı saxlamaqla hava nəqliyyatını inkişaf etdirmək tezisi içiboş və mənasızdır

Azərbaycanda bu ilin yanvar-iyun aylarında hava nəqliyyatından 2 milyon 464 min nəfər istifadə edib, 2022-ci ilin 6 ayında bu göstərici 1 milyon 634 min nəfər təşkil edirdi – deməli, sərnişindaşıma 1,5 dəfə artıb.

Rəsmi məlumatlara görə hava nəqliyyatı ilə sərnişindaşımanın yarısından çoxunu, 50,18%-ni AZAL həyata keçirib, yerdə qalan 49,82%-i isə müxtəlif xarici şirkətlərin payına düşüb. Amma, xarici şirkətlərin bir çoxu öz reyslərini AZAL-la birgə həyata keçiriblər, yəni o reyslərdə də AZAL-ın payı var - ən çox sərnişin “Turkish Airlines”, “Utair”, “Aeroflot”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri tərəfindən daşınıb.

Bundan başqa, qiymətin formalaşmasına təsir göstərən yerüstü xidmətlər də AZAL-ın nəzarətindədir, onlar xarici şirkətləri yerüstü xidmət qiymətlərini diktə edirlər, bu isə biletlərin baha olmasına birbaşa təsir göstərir.

Qonşu Gürcüstanda 2022-ci ildə hava limanlarından 4,4 mln. sərnişin istifadə edib – Gürcüstanda quru sərhədlər həmişə açıq olub, amma təyyarələrdən istifadə edənlərin sayı 2021-ci ilə görə 78% artıb – deməli, quru sərhədləri bağlı saxlamaqla hava nəqliyyatını inkişaf etdirmək tezisi içiboş və mənasızdır.

Gələk Gürcüstanda şirkətlərin bazar payına: Gürcüstan bazarında 41 avia-şirkət 60-dan çox istiqamət üzrə uçuşlar həyata keçirirlər. Birdən düşünərsiz ki, bu ölkənin dövlət şirkəti olan “Georgian Airways” da yəqin böyük bazar payına malikdir – etməyin, yanılarsız, “Georgian Airways” şirkətinin sərnişindaşımada bazar payı cəmi 3%-dir, 1-ci yerdə 12,9%-lə “Wizz Air” şirkətidir. Hətta AZAL belə bazarda 5%-lə “Georgian Airways” şirkətindən öndədir. Gürcüstan hava limanlarında yerüstü xidmətləri özəl şirkətlər həyata keçirir, yəni bu sahə dövlət şirkətinin əlində deyil.

Rəsmi rəqəmlərlə 50%-dən çox birbaşa bazar payına malik AZAL inhisarçıdır, mən yox ha, qanun belə deyir – “Antiinhisar fəaliyyəti haqqında” qanunun 4-cü maddəsində yazılıb ki, bazarda payı 35%-dən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur və ona qarşı qanun işə düşür. Bəs yaxşı AZAL-a qarşı bu qanun nədən işləmir?! Qanunla dövlət AZAL-ın qiymətqoyma siyasətinə müdaxilə edə, tənzimləyə bilər, amma etmir.

P.S. Növbəti yazıda, “sərhəddi bağlayıb daxili turizmi inkişaf etdiririk”, kimi mənasız, içiboş, ziyanlı tezisi rəsmi rəqəmlərlə neçə çürüdüyü haqqında yazacam.

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert