Alayarımçıq müayinələr, süründürməçilik, “yolavermə” - İTS-in “Azərbaycan modeli”

Cəmiyyət

10.08.2023 - 10:20

Tibb üzrə fəlsəfə doktoru: “Hansı zamanda yaşayırıq ki, poliklinikalarda exo-kardioqramma edilmir?!”

Fransa təhsilli cərrah: “Bu sistemin tətbiqi ilə bağlı boşluqlar mövcuddur, görüləsi işlər çoxdur”

Ötən ilin aprel ayının 1-dən bütün ölkə ərazisində icbari tibbi sığortanın (İTS) tətbiqinə başlanılıb. Bununla da, əhali İTS-in Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə etmək imkanı qazanıb.

Tibbi sığorta zərfinə müəyyən bahalı əməliyyatlar da daxil edilib. Ürək-damar xəstəlikləri, beyin anevrizması, periferik damar əməliyyatları, yemək borusu, qapalı və açıq ürək əməliyyatları da sığorta təminatına daxil olub. Azərbaycanda “İcbari tibbi sığorta haqqında” qanun 1999-cu ildə qəbul edilsə də, uzun müddət bundan yalnız xarici şirkətlərdə çalışanlar yararlana bilib.

İddialara görə, ölkə miqyasında icbari tibbi sığortanın tətbiqinə başlanılsa da, İTS zərfindən istifadə əlçatan deyil. Dövlət və özəl xəstəxanalara üz tutan pasiyentlərin süründürməçiliyə salınması, bəzi hallarda isə dolayı üsullarla ödənişə təşviq edilməsi barədə narazılıqların ardı-arası kəsilmir.

Bütün bunlar icbari tibbi sığorta sahəsində görüləsi işlərin çox olduğunu söyləməyə əsas verir. Aiddiyəti dövlət qurumları isə bu iddialarla razılaşmır, İTS-in tətbiqi zamanı hər hansı süründürməçiliyə yol verilmədiyini bəyan edir.

Tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, icbari tibbi sığorta ilə bağlı gözləntilər özünü doğrultmur: “İcbari tibbi sığorta tətbiq edilməmişdən öncə poliklinikalarda hansı müayinələr aparılırdısa, indi də o müayinələr aparılır. Misal üçün, ultrasəs müayinəsi var, amma tutalım, qalxanvari vəzdəki problemi müəyyənləşdirmək üçün antitellərin analizi vacibdir, bunu isə edə bilmirlər. Ya da böyrəyin funksiyalarını göstərəcək analizlər yarımçıq aparılır, böyrəküstü vəz isə ümumiyyətlə yoxlanmır. Çünki bu analiz üçün lazım olan avadanlıq, tibbi ləvazimatlar yoxdur”.

“Hansı zamanda yaşayırıq ki, poliklinikalarda exo-kardioqramma edilmir?! Dövlət tabeliyində olan tibb müəssisələrində xroniki xəstəliklərin müayinəsi, müalicəsi aparılır, daha dəqiq müayinə lazım olduqda isə pasiyenti ya özəl klinikalara göndərirlər, ya da göndəriş verirlər ki, filan yerə get. Məsələn, doğuş prosesi, təxirəsalınmaz tibbi müdaxilələr mütləq icbari tibbi sığorta paketinə daxil edilməlidir. Poliklinikalarda müalicə-müayinə metodları genişlənməlidir, tibbi avadanlıqlar yenilənməlidir, analizlərin aparılması təkmilləşməlidir”, - deyə həmsöhbətimiz bildirib.

Namazlı müasir avadanlıqlarla işləyə biləcək kadrların olmasını vacib hesab edir: “Məzmun və mahiyyət dəyişməlidir. Ümumi sistem və mühit yaxşılaşmalıdır. Vətəndaş tibb müəssisəsinə daxil olanda ürəyi açılmalıdır, həkimdən, tibb bacısından xoş münasibət, gülər üz görməlidir. Həkim deontologiyası çox aşağı səviyyədədir. Həkim pasiyenti onun anlayacağı dildə başa salmalı, sağlamlığı haqqında dolğun izahat verməlidir. Bəlkə, pasiyentin həmin anda müalicə olunmaq üçün maddi imkanı yoxdur, yüksək etikaya malik həkim pasiyenti incitmədən, şəxsiyyətinə toxunmadan maddi durumunu ayırd etməyi bacarmalıdır”.

Fransada tibbi təhsili almış azərbaycanlı cərrah Araz Bayramov məsələ ilə bağlı AYNA-ya şərhində söyləyib ki, İTS-in oturuşması zaman məsələsidir: “Ötən əsrin sonlarında Azərbaycanda “İcbari tibbi sığorta haqqında” qanun qəbul edilib. İlkin dövrlərdə bundan yalnız xarici şirkətlərdə və çox az sayda yerli şirkətlərdə çalışan insanlar yararlana biliblər. Uzun müddət bununla bağlı müzakirələr aparılıb. Müxtəlif dövlətlərin təcrübələri öyrənilib. Nəhayət, 2022-ci ilin aprelindən ölkə miqyasında icbari tibbi sığorta tətbiq edilib”.

“İddia etmək ki, icbari tibbi sığorta işlək deyil, bu, əsassız olardı. Kifayət qədər vətəndaş - istər paytaxtda olsun, istərsə də regionlarda - bu xidmətlərdən yararlanır. Lakin o da həqiqətdir ki, İTS-in tətbiqi ilə bağlı müəyyən boşluqlar mövcuddur. Bu da əsasən onunla bağlıdır ki, sistem hələ oturuşmayıb. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, hər yerdə bu, belə olub. Yəni, İTS-in yayılması zamanla inkişaf edib və bəlli bir nöqtəyə gəlib”, - deyə mütəxəssis vurğulayıb.

Bayramov əlavə edib ki, özəl tibb müəssisələri də bundan istifadə edir: “Müəyyən xəstəliklər var ki, İTS zərfinə daxil deyil. Misal üçün, onkoloji, stomotoloji, androloji xəstəliklər. Onkoloji xəstəliklər və böyrək çatışmazlığı ilə bağlı dövlət yardım proqramları mövcuddur. Ona görə də bu xidmətləri həmin siyahıya əlavə etməyiblər. Əksər xəstəliklər İTS zərfinə aiddir. Təbii ki, xəstəliklər zənzirvari bağlı olduğu üçün bəzən xəstələr tam mayinə və müalicələrə yönləndirilə bilmir. Hesab edirəm ki, yaxın gələcəkdə bu problem aradan qalxacaq. Həm tibb sektorunda, həm də cəmiyyətdə İTS ilə bağlı vahid yanaşma formalaşacaq. Hazırda bunlar baş vermədiyinə görə, müəyyən problemlər ortaya çıxır”.

Müəllif: Azər Niftiyev