Son günlər Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Ağaxan Şərifovun ağır xəstəlikdən əziyyət çəkməsi ilə bağlı xəbər yayılıb
AYNA-ya danışan aktyor məlumatı təsdiqləyib. A.Şərifov bildirib ki, xəstəliyi ilə əlaqədar olaraq teatr kollektivi ona davamlı olaraq dəstək olur: "Müalicə davam edir. İstər rəhbərlik, istərsə də aktyor kollektivi tərəfindən mənə hər zaman dəstək var. Hətta digər teatrlar belə, əlaqə saxlayır, səhhətimlə maraqlanırlar. Teatrdakı fəaliyyətimi də bir neçə günlük dayandırmışam. Müalicəyə başlayan kimi yenidən səhnəyə çıxmağı planlaşdırıram. Rəhbərlik də sağ olsun ki, bu səbəbdən mənə müvəqqəti imkan yaradıb".
Aktyor bildirib ki, müalicə üçün yaxın günlərdə İran İslam Respublikasına üz tutacaq: "Hələ ki, müalicəyə fasilə vermişəm. Yaxın 3-4 gün ərzində yenidən müalicə almağa başlayacağam. Bu yaxınlarda bununla bağlı İrana səfər də etdim. Analizlər verib, bir neçə müayinədən keçdim. Hazırda nəticələri gözləyirəm. Düzü buranın müalicəsinə o qədər də etibar etmirəm deyə, xarici ölkəyə üz tutmağa məcbur oldum. Düşünürəm ki, İranın müalicəsi daha etibarlıdır. Çünki burda bir neçə həkimə müraciət etdim, hərəsi bir diaqnoz qoydu. Mən də dəqiqləşdirmək üçün İrana getməyə məcbur oldum. Əgər diaqnozlar üst-üstə düşsə, müalicəyə yenidən başlayacağam".
Qeyd edək ki, Ağaxan Şərifov 22 oktyabr 1962-ci ildə Ağsu rayonunda anadan olub. 1986-1990-cı illərdə İncəsənət İnstitutunda dram-kino aktyorluğu şöbəsində təhsil alıb. Müxtəlif dövrlərdə Gənclər Teatrında, İlham Miniatür Teatrında fəaliyyət göstərib. Aktyor 2007-ci ildən Akademik Musiqili Teatrının uğurları üçün çalışır.