Xatirəsi qəlblərdə qalan sənət fədaisi

Mədəniyyət

02.02.2021 - 14:59

Ağaxan Şərifov yaşadığı ömrün 30 ilini sevdiyi teatr sənətinə fəda etdi

 

2020-ci il həm pandemiya, həm də Qarabağın 30 illik işğalına son qoyulması ilə yaddaşlara əbədi həkk olundu. Pandemiya bizə müəyyən narahatlıqlar yaşatsa da, ən böyük sevincimiz, söz yox ki, mənfur düşmən üzərindəki şanlı qələbəmizdir. Buna görə Ali Baş Komandan İlham Heydər oğlu Əliyevə, silahlı qüvvələrin qorxmaz döyüşçülərinə və bir an belə qələbəyə inamını itirməyən xalqımıza sonsuz minnətdarıq. Keçən il ölkədəki pandemiya və müharibə şəraiti ilə bağlı saysız-hesabsız insanlar,o cümlədən sənət adamları stres və gərginlik keçirib, dünyalarını dəyişdilər. Dünyalarını dəyişmiş sənət adamlarının hər birini hörmətlə yad edirəm. Bu gün onlardan biri haqqında kövrək xatirələrimi hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm.

 

Bu sənət adamı,daha doğrusu,sənət fədaisi haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Çünki onun dünyasını dəyişməyinə bu günə qədər inana bilmirəm. Haqqında danışmaq istədiyim sənətkar Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Ağaxan Şərifovdur. Bu sənətkar, yaşadığı ömrün 30 ilini sevdiyi teatr sənətinə fəda etdi.

 

Ağaxan Şərif oğlu Şərifov 1962-ci il oktyabr ayının 22-də Ağsuda dünyaya gəlib. Hamımız yaxşı bilirik ki, Ağsu milli teatr və kino sənətinə Səməndən Rzayev,Mikayıl Mirzə və Rasim Balayev kimi sənətkarlar bəxş edib. Bu bölgədən neçə-neçə cavanlar məhz bu sənətkara baxaraq sənətə gəliblər. Ağaxan da istisna deyildi. Orta təhsilini başa vurandan sonra bir müddət istehsalatda çalışdı. 1986-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil oldu. Artıq Ağaxanın sənət yolu müəyyən olunmuşdu. Sevincinin həddi-hüdudu yox idi. Ürəyi sənət arzuları ilə aşıb-daşan Ağaxan 1990-cı ildə Universiteti bitirdi. Onun bəxtindən elə bu ərəfədə mərhum sənət dostum Hüseynağa Atakişiyev baş rejissoru olduğu Akademik Milli Dram Teatrından uzaqlaşdırıldı və dərhal müstəqil “Gənclər” Teatrını yaratdı. Teatra aktyor və digər sənət adamlarının çox böyük axını var idi. Hamı,o cümlədən cavanlar, Tofiq Kazımovdan sonra,məhz Hüseynağa Atakişiyevin milli teatr prosesinə yeni nəfəs gətirəcəyinə inanırdı. Dostum Hüseynağa tam yeni teatr konsepsiyası əsasında dövrünü qabaqlayan yeni teatr yaratmağa çalışırdı. Teatrın ətrafında yeni düşüncə tərzinə malik dramaturqlar, bəstəkarlar və rəssamlar dəstəsi toplanmışdı. Teatr Xadimləri İttifaqının Aktyor Evinin səhnəsini yeni teatr üçün ayırdılar. Hüseynağanın gecəsi-gündüzü yox idi. O, gecəni-gündüzə qatıb yeni bir teatr yaradırdı. Onun üçün çətin günlər başlamışdı. Mən belə çətin bir dövrdə təbii ki, dostumu tək qoymayıb, onun yanında olmalı idim. Mən Akademik Milli Dram Teatrındakı fəaliyyətimlə paralel olaraq, yeni yaradılmış “Gənclər”teatrında da çalışmağa qərar verdim. Teatra müraciət edən aktyorların sayı-hesabı yox idi. Çox ciddi seçim prosesi gedirdi. Mən də təbii ki, dostumun yanında idim. Hüseynağa peşəkar olaraq,bircə baxışla ictedadlı insanla qeyri-istedadsızı dərhal ayırd edə bilirdi. Ağaxan dərhal seçimdən keçdi və məhz bu illərdən başlayaraq, dörd il mən onunla bu tearda bir çox tamaşalarda birlikdə çalışdıq. Bu teatrın səhnəsində Ağaxan çox maraqlı və yaddaqalan obrazlar qalereyası yaratdı.

 

O, obrazın təsviri zamanı maraqlı və ən əsası da baxımlı oyun tərzi nümayiş etdirirdi. Ağaxan sənətlə bağlı çətinliyi olanda çəkinmədən mənə müraciət edirdi. Mən də hər zaman onun bütün suallarını cavablandırır, ona yardım etməyə çalışırdım. Sonrakı illərdə mən “İlham”miniatür tearı yaratdım. Ətrafıma gənclərdən ibarət çox böyük bir kollektiv topladım və dərhal Ağaxanı teatra dəvət etdim. O, tez bir zamanda kollektivdə hörmət qazanaraq,hamının sevimlisi oldu. Aktyorlar problemləri ilə bağlı məndən əvvəl ona müraciət edirdilər. Mən Ağaxanın bu keyfiyyətlərini əsas götürərək,onu truppa müdiri təyin etdim.

 

O, 1993-cü ildən 2007-ci ilə qədər teatrın trupa müdiri olub,bu işin öhdəsindən bacarıqla gəldi. Ağaxan teatrın həm truppa müdiri,həm də aparıcı aktyoru idi. O,bu teatrın səhnəsində Anarın “Əl əli yuyar”, Rəhman Əlizadənin ”Dünyanın axırı” və “Bəxtimin kələyi” Cahangir Aslanoğlunun ”Karnaval və ya şifonerdə eşq-məhəbbət”, Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah, Rafiq Səməndərin” İlhamın sərgüzəştləri”, ”Başsındıran məsələ” və ”Yorğanına baxıb, ayağını uzadan teatr”, Ramiz Əkbərin”Qulaq” və digər tamaşalarda baş rollarda tamaşaçıların görüşünə gəldi. O, tamaşadan tamaşaya daha artıq püxtələşir və daha artıq sənətkarlıq nümunəsi göstərirdi. Onun yaratdığı obrazlarda səmimilik, dəqiq ifa tərzi və peşıkarlıq yüksək idi. Ağaxan istedadlı və peşəkar sənətkar olmaqla yanaşı, həm də əxlaqlı və tərbiyəli,böyük-kiçik yeri bilən bir insan idi.

 

Ağaxan 2007-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bir-birindən maraqlı obrazlar yaratdı. O, eyni zamanda mənim təklifimlə Mədəniyyət və İncəsənət Universitetində başçılıq etdiyim Musiqili Teatr Aktyoru kafedrasında baş lobarant vəzifəsində çalışdı. Ağaxan sözün əsl mənasında, zəhmətkeş və punktual bir insan idi. Ona tapşırılan hər bir işi yüksək səviyyədə görürdü. Teatrda olduğu kimi, vaxtilə tələbəsi olduğu təhsil müəssisəsində də çox qısa bir vaxtda müəllim və tələbə heyətinin hörmətini qazana bildi.

 

Ağaxan Akademik Musiqili Teatrında çalışdığı 13 il ərzində onlarla tamaşada irili-xırdalı neçəneçə obraz yaratdı. O.Rəcəbovla A.Babayevin ”Əlin cibində olsun”da 1-ci oğlan, R.Hacıyevin “Talelər qovuşanda” Evlər müdiri,R.Mirişli ilə M.Haqverdiyevin”Qısqanc ürəklər”də ofisiant, O.Rəcəbovla A.Babayevin “Şeytanın yubileyində” inzibatçı, O.Zülfüqarovla R.Heydərin ”Şəngülüm, Səngülüm, Məngülüm”də çaqqal, S.Ələsgərovla Ş.Qurbanovun ”Milyonçunun dilənçi oğlu”da 2-ci xidmətçi, R.Mirişli ilə M.Haqverdiyevin” Amerikalı kürəkən”də Qədeş Cəfər, Coni və Xanım, S.Fərəcovla Ə.Nesinin ”Şəhərdə manyak var”da komendant, M.Məmmədəvun ”Matəm marşı və yaxud gözünüz aydın”da Nadir, Ü.Hacıbəyovun “Ər və arvad”da süpürgəci, S.Kərimi ilə Ə.Olun ”Kimyagər”də Şeyx Salah, E.Sabitoğlu ilə C.Məmmədovun ”W.W.W.Fərzəlikefkom”da dayıoğlu, Ü.Hacıbəyovun ”O olmasın, bu olsun”da hambal, F.Allahverdi ilə Elçinin ”Baladadaşın toy hamamı”da Şofer və sair obrazlar sənətsevərlərin və teatr tədqiqatçılarının diqqətini cəlb etmişdi. Ağaxan bu tamaşalarda bir-birindən fərqli, maraqlı və rəngarəng obrazlar dünyası yaratmışdı.

 

Onun sonuncu işi S.Rüstəmlə M.S.Ordubadinin “Beş manatlıq gəlin” tamaşası oldu. Pandemiya səbəbindən bu tamaşanı və onun oynadığı obrazı tamaşaçılar görə bilmədi. Pandemiyadan sonra tamaşaçılar adı çəkilən tamaşanı təəssüf ki, Ağaxanın oynadığı obrazsız görəcəklər.

 

Mən iki tamaşa və bu iki tamaşada onun yaratdığı fərqli obrazlar haqqında ayrıca yazmaq istəyirəm. Bunlar “İlham” Miniatür Teatrında Mirzə Fətəli Axundzadənin“ Müsyo Jordan və Dərviş Məstəli şah” və Akademik Musiqili Teatrında Marat Haqverdiyevin “Amerikalı kürəkən” tamaşalarındakı maraqlı obrazlardır. Hər iki tamaşanın müəllifi və quruluşçu rejissoru mən idim.

 

Ağaxan M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasında Müsyo Jordan obrazını yüksək peşəkarlıqla yaratmışdı. Mən bu tamaşanı nağıl-oyun prinsipi əsasında qurmuşdum. Həm tamaşa,həm də Ağaxanın yaratdığı obraz mənm gözlədiyimdən də maraqlı, baxımlı və cazibadar alınmışdı. Bu, söz yox ki, aktyorun peşəkarlığından və tamaşanın janrına uyğun oyun tərzi nümayiş etdirməsindən irəli gəlirdi. Aktyor səhnəyə daxil olduğu andan diqqət mərkəzində ola bilirdi. Onun ifasında hərəkət-mizan toplusu tamaşanın ümumi ahənginə tam uyğun idi. Mən tamaşanın birinci hissəsini rejissor olaraq onun obrazının üzərində qurmuşdum. O, bu işin öhdəsindən məharətlə gəlmişdi. Onun ifasında şitlikdən əsər-əlamət belə yox idi. O, sadəcə olaraq, yad bir mühitə düşmüş insanın komik vəziyyətinə uyğun oyun tərzi nümayiş etdirirdi. Kətillə onun ardınca qaçan qulluqçu onu yıxanda və ya özü təzim edərkən yıxılanda belə, o, dərhal vəziyyətdən çıxmağa çılışır və daha artıq komik vəziyyətə düşürdü. Aktyor ifa zamanı hərəkətmizan toplusu ilə danışıq tərzinin vəhdətini yarada bilirdi. Nəticədə maraqlı bir obrazın nümayişi ilə qarşılaşırdıq. Mənim rejissor olaraq onun üçün tapdığım mizanlara əlavə cizgilər taparaq, onları daha artıq rəngarəng və baxımlı edirdi.

 

O, öz obrazının həm ifaçısı,həm də rejissoru idi. Mən onun bir çox tamaşalarda olduğu kimi, bu tamaşada yaratdığı obrazdan da tamlıqda çox razı qaldım. Tamaşadan tamaşaya obraz daha artıq tamamlanırdı. O, zalın obraza olan reaksiyasını hiss edərək, onu daha artıq baxımlı təqdim edirdi. O, obrazın təsviri zamanı jestlərdən, intonasiyalardan yerində və bacarıqla istifadə etməyi bacaran azsaylı sənətkarlardan idi. Qeyd etməliyəm ki, ”İlham”Miniatür Teatrının M.F.Axundzadənin ”Müsyo Jordan və Dərviş Məstəli şah”tamaşası Azərbaycan TXİ-nın “Qızıl Dərviş”mükafatına layiq görülmüşdü. Bu mükafatın qazanılmasında yaradıcı kollektivlə birlikdə Ağaxanın da payı var idi. Mənim haqqında yazmaq istədiyim ikinci səhnə əsəri Ramiz Mirişli ilə Marat Haqverdiyevin “Amerikalı kürəkən” tamaşası idi. Mən Ağaxanın bacarığına, peşıkarlığına və potensial imkanlarına inanaraq bu tamaşada ona üç fərqli və bənzərsiz obraz həvalə etdim. Mən onun bu çətin işin öhdəsindən gələcəyinə inanırdım. İnamımda yanılmadım. Ağaxan Qədeş Cəfər, Cangüdən Coni və Xanım obrazlarını çox böyük məharətlə yaratdı. Onun oynadığı səhnələr tamaşanın ən maraqlı və baxımlı hissələri idi. Mən tamaşada Yanğınsöndürmə idarəsinin işçisi Orxan bəy obrazında çıxış edirdim. Ağaxan tamaşanın janr, ideya və oyun tərzinə uyğun dəqiq ifa tərzi nümayiş etdirirdi. Bu obrazların birincisi Qədeş Cəfər obrazı idi. Heç bir konkret işlə məşğul olmayan Cəfər dostu Bilalla asan qazanc yeri axtarır. Yalançı Ametikalı milyonçu kürəkən obrazında istədiyi qızın anasının qarşısına çıxmaq istəyən Kamran müəyyən pul müqabilində onları özünə cangüdən tutur. Hər iki dost onlardan nə tələb olunursa, dərhal razılaşırlar. Bilal özündən çıxsa da Cəfər vəziyyətə uyğun hərəkət edir. O, Bilalı da nəzarətdə saxlaya bilir. Aktyor tərəfindən Cəfər obrazının daxili keyfiyyətləri və ona uyğun xarici portret cizgiləri dəqiqliklə təsvir olunurdu. Mən özüm səhnədə ola-ola onun obrazını seyr etməkdən həzz alırdım. Hadisələrin inkişafı boyu Ağaxan Şərifov üçüncü obrazda səhnəyə gəlir. Bu obraz qeyri-adi konfiqurasiyalı Xanım obrazıdır. Aktyor tərəfindən dəqiq hərəkət-mizan toplusu ilə baxımlı bir obraz təqdim olunur. Xanım obrazı baxımlı və komik cizgiləri ilə tamaşaya rəngarənglik gətirir desək, heç də səhv etmərik. Aktyor obrazın yumoristik mahiyyətini dərindən duyub, daxili və xarici təsvirin vəhdətini dəqiqliklə təqdim edirdi.

 

Ağaxan teatr səhnəsində olduğu kimi kino ekranlarında bir neçə maraqlı obrazlarla tamaşaçıları sevindirə bilmişdi. 1999-cu ildə “Nə gözəldir bu dünya”, 2010-cu ildə”Əlavə təsir”və 2013-cü ildə çəkilmiş “Yazıçı” filmlərində maraqlı obrazlar yaratmışdı. Hər üç obraz aktyorun səhnədə olduğu kimi ekranda da bacarıq və istedad nümayiş etdirməsinin bariz nümunəsi idi.

 

Ağaxan həyatda həmişə hər yerə tələsən, narahat bir insan idi. Tələsə-tələsə gəldiyini və tələsə-tələsə də getdiyini çox görmüşdüm. Elə bil harasa gecikəcəyindən, harasa özünü çatdıra biməyəcəyindən qorxurdu. Elə bil ona ayrılmış zamanın ona çatmayacağından qorxub,daha artıq tələsirdi. Tələsdiyi üçün bir oğul və bir qız balasının xeyir işlərini də çox tez etmişdi. İşinə tələsə-tələsə gəlib, evinə də tələsə-tələsə gedirdi. Tələsmək artıq onun xarakterinə və vərdişinə çevrilmişdi. Ona ayrılmış ömür payını da tələsə-tələsə yaşadı. Yaşamağına tələsdiyi kimi dünyasını dəyişməyinə də tələsdi, yaman tələsdi.

 

Ağaxan, mən sənin hər yerə tələsməyini hormal qəbul etsəm də,bu dünyadan tez-tələsik köç etməyini heç cür qəbul edə bilmirəm. Sənin dünyanı tez-tələsik dəyişməyin tez oldu, çox tez oldu. Mən bu tələsməyini sənə bağışlaya bilməsəm də, artıq olan olmuşdu. Yeganə təsəllim səndən sonra qalan və heç vaxt məni tərk etməyəcək xoş xatirərindir.

 

İlham Namiq Kamal - Xalq artisti, ”Şöhrət”ordenli

Müəllif: Ayna.az