Sərnişinlər marşrutda boğulur, rəsmilər “kondisioner olmaz” deyir

Cəmiyyət

10.06.2020 - 11:35

İnsanlar avtobusdakı basabasda necə məsafə gözləsin, istidə necə maska taxsın?

 

Koronavirus pandemiyası səbəbindən ölkəmizdə karantin rejimi davam etsə də, hazırda həftəiçi hər kəs istənilən saat evdən çıxır, işə, gəzməyə, dostları ilə görüşə, alış-verişə gedə bilir. Bu vəziyyətdə ictimai nəqliyyatda,  xüsusilə də səhər və axşam saatlarında sıxlıq yaşanır. Sosial məsafəni gözləmək tövsiyə olunsa da, müşahidələr onu göstərir ki, bu tövsiyəyə əməl edilmir.

 

Məsələdə insanları qınamaq da olmur. Hər kəsin özünə görə evdən çıxmaqla bağlı əsaslı səbəbi var. Kimi işə, kimi alış-verişə, kimi xəstəxanaya və s. getmək məcburiyyətindədir.

 

Qapalı yerlərdə olduğu kimi ictimai nəqliyyatda da maska taxmaq məcburidir və taxmayanlar cərimələnir. Havalar isindikcə maskadan istifadə isə çətinləşir. Bir tərəfdən də yaşanan sıxlıq və boğanaq hava insanlarda diskomfort hissini artırır. Bakının köhnə avtobuslarındakı toz-torpaq, çirkabdan şikayətçi olanlar kimi, komfortlu hesab olunan “Bakubus” avtobuslarından da şikayətlər var. Bu avtobuslarda havalandırma sistemi və kondisioner işləmədikdə az qala nəfəs almaq olmur. Hələ sıxlıq və basabasdırsa, vəziyyət daha da dözülməz hal alır. Sərnişinlərin isə şikayətləri günü-gündən artır. Bir tərəfdən panademiya şəraiti və onunla mübarizə, digər tərəfdən gündəlik qayğılarla evdən çölə çıxmaq məcburiyyətində qalan insanların sinirləri hər gün bir az da tarıma çəkilir.

 

Sosial şəbəkədə vətəndaşlar bildirirlər ki, “Bakubus” avtobuslarında kondisionerlər işləmir, avtobuslar gec gəlir, gələndə də sıxlıq olur. Sürücülər yollardakı tıxacı bəhanə gətirir, kondisioneri qoşmağı deyənlərə isə cavab verilir ki, buna rəhbərlik icazə vermir. Bəs belə olduqda çörəkpulu arxasınca evdən çıxmaq məcburiyyətində olan, ictimai nəqliyyatdan istifadə edən sadə vətəndaşlar nə etsin?

Insider

“Buna qədər avtobuslarda pəncərələri açıq saxlamaqla təbii havalandırmanın təmin olunması göstərişi verilib

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev AYNA-ya bildirilib ki, TƏBİB-in tövsiyəsinə əsasən avtobuslarda kondisenerlərin işə salınmasına məhdudiyyət qoyulub: “Mövcud pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahla TƏBİB məsləhətləşmələr aparır. TƏBİB-in tövsiyəsinə əsasən avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin olduğundan, onların işə salınmasına məhdudiyyət qoyulub. Bildirilib ki, havanın daxildə dövr olunması COVID-19 infeksiyasının yayılma riskinin artırır.

 

“Həmçinin, bildiririk ki, avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır”, BNA rəsmisi bildirib.

 

M.Ağayev deyib ki, bununla bağlı yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək: “Buna qədər avtobuslarda pəncərələri açıq saxlamaqla təbii havalandırmanın təmin olunması göstərişi verilib. Qeyd olunanları nəzərə alaraq sərnişinlərimizdən məsələlərə anlayışla yanaşmalarını xahiş edirik”.

Müəllif: Aləmdə Nəsib