Sağa çıxırsan qəza, sola çıxırsan cəza – NONSENS

Cəmiyyət

26.11.2023 - 10:26

Nəqliyyat eksperti: “Problemi həll etmək əvəzinə vətəndaşı cəzalandırırlar”

Hüquqşünas: “Vətəndaşlar kütləvi şəkildə cərimlənir və dövlət qurumlarının məsuliyyəti nəzərə alınmır”

Bakı-Qazax, Bakı-Quba magistral yollarının dəfələrlə təmir olunmasına, asfalt örtüyünün yenilənməsinə baxmayaraq, yollarımızın problemləri bitib tükənmir. Bu dəfə konkret bir problemə işıq tutmağa çalışacağıq.

Belə ki, ağır tonnajlı yük maşınlarının qədərindən artıq şəkildə yüklənərək yollara buraxılması və DYP-nin buna göz yumması nəticəsində yolların sağ hərəkət hissəsində asfalt örtüyü dağılıb. Uzun kilometrlərlə məsafədə magistralda sağ zolaq bərbad vəziyyətdədir. Nəzərə alaq ki, asfalt qatı onsuz da lazımi standartlara uyğun çəkilməyib, keyfiyyətsizliyi yolun təmirindən qısa müddət sonra üzə çıxır.

Və burada hansı mənzərə yaranır? Avtomagistralda saatda 90-110 km sürətlə avtomobil idarə edən sürücü sağ zolaqla hərəkət edərsə, asfaltda yaranmış çuxurlar, aşınmalar, yarğanlar səbəbindən ya qəzaya düşəcək, ya da avtomobilinin dağılması səbəbindən xərcə düşəcək.

Deməli, məcbur qalan sürücü yolun sol hərəkət hissəsinə keçməlidir. Aha, burada da başqa “əmma” var. Qarşıda hazır vəziyyətdə avtomobilin sol xəttə çıxmasını gözləyən yol polisi sürücünü cərimələyir ki, xüsusi təyinatlı avtomobillər üçün nəzərdə tutulan zolaqla hərəkət edirsən.

Göründüyü kimi, müvafiq qurumlar mövcud problemi aradan qaldırmaq əvəzinə, özləri üçün daha sərfəli, vətəndaş üçün ziyanlı variantı seçirlər. Axı niyə? Niyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yollara nəzarət etməməli, Baş Dövlət Yol Polisi İdarəsi (DYP) bundan yararlanaraq, sürücüləri cərimələməlidir?

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev mövzuya dair AYNA-ya şərhində deyib ki, dövlət qurumları arasında koordinasiya aşağı səviyyədədir: “Beynəlxalq təcrübədə qayda belədir ki, aidiyyəti qurumlar əlaqəli şəkildə fəaliyyət göstərir. Misal üçün, hər hansı yol çəkilirsə və yaxud o yolda problem varsa, birlikdə müzakirə olunur və qərar verilir. Bizdə nə baş verir? Magistral yollarda hərəkət zamanı sürücü yolun sağında hərəkət edəndə avtomobil aşınır, solda hərəkət edəndə isə ona cərimə gəlir”.

“Sağda ona görə maşın aşınmaya məruz qalır ki, yük maşınları bu yolları yararsız hala salıb. Vətəndaş DYP-yə müraciət edəndə deyirlər ki, “bu, bizim deyil, digər qurumun səlahiyyətinə aid olan məsələdir”. Əgər belədirsə, birlikdə müzakirə edin, çıxış yolu tapın. Daha hər şeyi sürücünün, vətəndaşın boynuna qoymaqla iş bitmir axı. Beton yol nəzərdə tutulmuş vaxtdan daha tez dağıldı. Ciddi tikinti səhvləri də buraxılmışdı. İstismarında da ciddi səhvlər var idi. Normadan artıq yüklənmə də yolun dağılmasına təsir göstərdi”, - deyə həmsöhbətimiz bildirib.

Ekspertin sözlərinə görə, 20 ilə yaxın müddət ərzində ölkəmizdə 20 min kilometrə yaxın yol inşa olunub və istismara verilib: “Təbii ki, yolların çəkilməsi və təmir olunması müsbət addımdır. İnsaf naminə söyləmək lazımdır ki, ölkəmizdə bu istiqamətdə ciddi işlər görülüb. Qabaqlar Bakıdan Astaraya gedərkən ciddi çətinliklər çəkən sürücülər və sərnişinlər indi bir neçə saat ərzində yolu qət edirlər”.

“Respublika əhəmiyyətli, regionlarımızı əlaqələndirən yollara da diqqət ayrılıb. Son illərdə turizmin inkişafı hədəf qoyulub. Bu istiqamətdə yerli əhəmiyyətli yolların tikintisinə də diqqət ayrılır. Bunlar hamısı müsbət məqamlardır və alqışlanmalıdır. Əsas problem qeyd etdiyim kimi, müvafiq qurumlar arasında kordinasiyanın zəif olması ilə bağlıdır”, - deyə Ağamirzəyev fikrini yekunlaşdırıb.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Osman Kazımov mövzu barədə AYNA-ya açıqlamasında söyləyib ki, “Yol Hərəkəti Haqqında” qanuna yenidən baxılmalıdır: “Çox qəribə presedent yaranıb. Vətəndaşlar kütləvi şəkildə cərimlənir və dövlət qurumlarının, aiddiyəti orqanların məsuliyyəti nəzərə alınmır. Şikayət edəndə də bildirirlər ki, “bu məsələ bizlik deyil, gedin digər quruma şikayət edin”. Amma nəzərə almırlar ki, hər ikisi hökumət orqanıdır və əlaqəli, koordinasiyalı şəkildə işləməlidirlər”.

“Qanunda boşluqlar var. Yolun sol zolağında hərəkət o zaman məhdudlaşdırıla bilər ki, sağ zolaqda normal hərəkət mümkün olsun. Bəzi magistral yolların sağ zolaqları yük maşınlarının hərəkəti səbəbindən aşınıb. Buna çıxış yolunu kim tapmalıdır? Müvafiq qurumlar tapmalıdır da. Zəhmət çəkin, normal sağ zolaq çəkin, orada hərəkətin təhlükəsizliyinə zəmanət verin, sürücülər də sol zolağa keçməsinlər və bundan sonra sol zolağa keçənləri cərimə edin”, - deyə müsahibimiz vurğulayıb.

Kazımov əlavə edib ki, yük maşınlarının hərəkəti üçün tədbirlər görülməlidir: “Yük avtomobillərini yollardan yığışdırmaq da çıxış yolu deyil. Elə etmək lazımdır ki, heç bir tərəfin hüquqları pozulmasın. Yük maşınları sağ zolaqda hərəkət edir, yollarda təbii olaraq aşınma yaranır və digər avtomobillər məcburən sol zolağa çıxır. Onları da cərimə edirlər ki, qanunun tələblərini pozmusan. Belə idarəetmə olmaz axı”.

Müəllif: Azər Niftiyev