Milli parkı bürüyən yanğın lokallaşdırılıb

Hadisə

21.08.2019 - 13:09

Mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək  hissələrində tüstülənmə müşahidə olunur

 

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) aviasiya dəstəsinin iki helikopteri və bir təyyarəsi də cəlb olunub.

 

Bu barədə AYNA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanğının ətrafa yayılmasının qarşısı alınıb.

 

“Lakin mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək  hissələrində tüstülənmə müşahidə olunur. Yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, yerli sakinlər əl əməyindən, mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstərirlər”, - deyə məlumatda qeyd olunub.

 

Nazirlikdən bildirilib ki, hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır. ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkür edir.

Müəllif: Ayna.az