Təhsil eksperti: “Bizdə dini dərsləri sağlam formada tədris edə biləcək ziyalı, təhsilli, peşəkar ilahiyyatçılar varmı?”
İlahiyyatçı: “Zamanla bu sahədə hazırlanacaq mütəxəssislərin hesabına problem aradan qaldırılacaq”
Son günlərdə orta məktəblərdə dini dərslərin tədris olunması məsələsi yenidən gündəmə gəlib. Bununla bağlı Milli Məclisdə də məsələ qaldırılıb. Əslində bir neçə ildir ki, bu istiqamətdə müzakirələr getsə də, məsələ hələ də konkret həllini tapmayıb.
AYNA-ya açıqlamasında təhsil eksperti Elvin Bədirov deyib ki, məktəblərimizdə dini dərslərin təşkil edilməsi və keçirilməsinin dünyəvi tədrisə problem yaradacağını zənn etmir: “Ancaq indiki şəraitdə dərslərin aparılmasının qaydaları hələ müəyyən edilməyib. Bu dərslər layihə kimi müəyyən pilot məktəblərdə və pilot siniflərdə aparılacaqsa, buna heç bir etirazım yoxdur. Lakin əgər bütün ümumtəhsil məktəbləri üçün nəzərdə tutulursa, o halda bir neçə sual yaranır”.
“Məsələn, bizdə dini dərsləri sağlam formada tədris edə biləcək ziyalı, təhsilli peşəkar ilahiyyatçılar varmı? Heç kimə sirr deyil ki, hazırda ölkəmizdə ciddi dini təbliğat aparan və müxtəlif dövlətlərin maraqlarına xidmət edən ocaqlar var və əgər bu kəslərin məktəblərimizə yolu açılmış olarsa, hansı nəticələri verə biləcəyini heç kim proqnozlaşdıra bilməz”, - həmsöhbətimiz bildirib.
Onun fikrincə, hər şeydən öncə ölkəmizdə dünyəvi təhsilin inkişafına çalışmaq lazımdır: “Məktəblərimizin təhsil göstəricilərinin hansı vəziyyətdə olması heç kimə sirr deyil. Məktəblərimizin tədris işində ciddi tərəqqiyə nail olunmalıdır. Yalnız bununla paralel məktəblərdə dini dərslərin də təşkilini getmək olar”.
Bədirov əlavə edib ki, dini dərslərin tədris edilməsini məktəblərə aparmaqdan öncə milli maraqlarımıza, dövlətçiliyimizə sadiq olan çox sayda ciddi ilahiyyatçılar yetişdirilməsinə nail olmaq lazımdır: “Yalnız bu prosesin tərkib hissəsi kimi məktəblərdə dini dərslərin aparılmasına yol vermək olar”.
İlahiyyatçı Rəsul Mirhəşimli isə AYNA-ya şərhində söyləyib ki, orta məktəblərdə hazırda da dinlər haqqında məlumat verən fənn tədris olunur və bu dərsliyi təkmilləşdirməklə dinlər haqqında daha çox bilgi verilməsini təmin etmək olar: “Yaxud dini orta məktəblərdə ayrıca fənn kimi də tədris etmək mümkündür. Bu fənn dinlər və onların tarixi barədə şagirdlərə ətraflı biliklər verilməsini təmin etməlidir”.
Həmsöhbətimiz dinin bizim mənəvi dəyərimiz olduğunu deyib: “Azərbaycan xalqı kiminsə etirazı ilə bu dəyərdən imtina etməyəcək. Bir neçə il əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərslər keçiriləcəyini açıqlamışdı. Ola bilsin ki, ötən ildən dünyada baş verən pandemiya bunun həyata keçirilməsinə imkan vermədi. Mübariz Qurbanlı o zaman bu təşəbbüsü irəli sürəndə bəzi insanlar bunu etirazla qarşıladı. Anlamaq lazımdır ki, din bizim mənəvi dəyərimizdir və kiminsə etirazı ilə Azərbaycan öz mənəvi dəyərindən imtina etməyəcək”.
“Ali və orta məktəblərdə tələbə və şagirdlər dinin gerçək mahiyyətini o işin mütəxəssislərindən öyrənəndə artıq hazırlıq səviyyəsi də yüksək olur və istənilən radikal təbliğat həmin vətəndaşımıza mənfi təsir eləmir. Bu baxımdan, din haqqında məlumatı olanlar buna mənəvi dəyər kimi yanaşır və öz həyatında da radikallığa meyllənmir. Azərbaycan neçə əsrlərdir ki, müsəlman ölkəsi olaraq yaşayıb və kiminsə inanclı olub-olmamasından asılı olmayaraq, bu amil heç bir təhlükə yaratmayıb”, - deyə Mirhəşimli vurğulayıb.
Dinin tədrisində kadr çatışmazlığı məsələsinə toxunan ilahiyyatçı hesab edir ki, zamanla bu sahədə hazırlanacaq mütəxəssislərin hesabına problem aradan qaldırılacaq: “Bu gün Azərbaycanda dini tədris edən yetərincə kadr olmaya bilər. Onun üçün də ilkin mərhələdə orta məktəblərdə dinin tədris olunması problem yarada bilər. Lakin zaman keçdikcə bu sahədə hazırlanacaq mütəxəssilərlərin hesabına problemi aradan qaldırmaq mümkün olacaq. Əgər orta məktəblərdə dinin ayrıca fənn kimi keçirilməsi ilə bağlı qərar verilsə, onun baza hissəsinə də fikir veriləcək və təkmilləşdiriləcək. Bu gün Azərbaycanda İlahiyyat İnstitutu fəaliyyət göstərir, bu ali məktəbin hazırladığı kadrlar orta məktəblərdə dini tədris edə bilərlər”.