Media nümayəndələrindən müraciət: "Tarixi missiyanı başa çatdırın"

Cəmiyyət

31.08.2021 - 10:17

“Özəlləşdirmə çeklərinin tədavül müddəti artırılmalı, yüzminlərlə vətəndaşın haqqı bərpa edilməlidir”

 

Ölkəmiz müstəqillik əldə etdikdən sonra Sovetlər İtiffaqından qalan dövlət mülkiyyətinin özəlləşdirməyə çıxarılması ilə bağlı qanun qəbul olundu. Mərhum Prezident Heydər Əliyevin 1996-cı ilin martında imzaladığı fərmanda dövlət mülkiyyətinin əsas hissəsinin əvəzsiz olaraq vətəndaşlara verilməsi nəzərdə tutulurdu. Bu məqsədlə hər biri dörd çekdən ibarət özəlləşdirmə payları vətəndaşlar arasında paylandı.

 

Gözləntilər kifayət qədər yüksək olsa da, lazımi nəticə əldə olunmadı. Əksər vətəndaşlar vauçerləri dəyər-dəyməzinə satdı, bəziləri isə hələ də özəlləşdirmə çeklərini özlərində saxlayırlar. Lakin 2011-ci ildə çeklərin tədavül müddəti başa çatıb və vətəndaşların əlində qalan vauçerlər dəyərsiz qiymətli kağız olaraq qalır. Rəsmi məlumatlara istinad etsək, bu gün Azərbaycanda 1 milyon 600 mindən çox özəlləşdirmə çeki ayrı-ayrı vətəndaşlarda saxlanılır.

 

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması, əksər dövlət qurumlarının Holdinqin tərkibinə verilməsi, bəzi dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılması ilə bağlı öhdəlik götürməsi özəlləşdirmə çeklərinin tədavül müddətinin yenidən uzadılacağı ilə bağlı ümidləri artırıb. Çünki əlində özəlləşdirmə payı olan, dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək istəyən vətəndaşlar öz qanuni haqlarından yararlanmaq istəyirlər.

 

AYNA-ya danışan mətbuat nümayəndələri də özələşdirmə çekləri, vauçerlərin gələcək taleyi ilə bağlı təəssüratlarını bölüşüblər.

 

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:

Картинки по запросу Rəşad məcid

“Tədavül müddəti bitənə qədər məndə hər biri dörd çekdən ibarət 7 vauçer olub. Bunlar mənim ailə üzvlərinə və valideynlərimə məxsus vauçerlər idi. Açığını desəm, o zaman həmin özəlləşdirmə çeklərini satmağa tələsmədim. Gözləmə mövqeyinə üstünlük verdim. Bunun da əsas səbəbi çeklərin dəyərinin artacağı ilə bağlı ümidlərin olması idi. Digər yandan vaxt da tapa bilmirdim. Bu gün də həmin çeklər məndə qalır.

 

Bu gün həmin çeklərin tədavül müddətinin artırılacağına ümid edirəm. Müşahidələrimə rəğmən deyə bilərəm ki, bu gün sosial mediada bununla bağlı səhifələr mövcuddur. Mətbuatda və internet xəbər resurslarında çoxsaylı məqalələr dərc olunur. Arzu edərdim ki, tədavül müddəti yenidən artırılsın. Bu, baş verərsə, yüzminlərlə vətəndaşın hüquqları bərpa edilmiş olar”.

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı:

“Açığını desəm, şəxsimə və ailə üzvlərimə məxsus çekləri istifadə edib-etmədiyimizi xatırlamıram, dəqiq xatirimdə deyil. Bu çeklərlə bağlı gözləntilər böyük idi. Bəziləri bu çekləri dövlət mülkiyyətinə aid olan müəssisələrə yerləşdirdi, bəziləri “qara bazar”da mübadilə etdi, bəziləri isə hələ də qoruyur. Bu barədə təfsilatı ilə məlumatlara malik deyiləm. Bildiyim odur ki, çeklərin tədavül müddəti artıq başa çatıb.

 

Təklif edir ki, çeklərin tədavül müddəti artırılsın. Bunun yalnız faydası ola bilər. Çünki yüzminlərlə vətəndaşın vauçerləri hələ də özündədir. Digər yandan, qarşıda dövlət müəssisələrinin yenidən özəlləşməyə çıxarılması gözlənilir. Bu xüsuda vətəndaşlara yenidən şans verilməsi, müddətin yenidən artırılması və vauçerlərin yenidən dövriyyəyə qaytarılması yaxşı olardı”.

 

Tanınmış teleaparıcı, əməkdar jurnalist Mətanət Ağamirli:

 

“Mən öz vauçerlərimiz saxlamamışam. Daha doğrusu, həmin vauçerləri alan kimi valideynlərimə verdim. Onların sonrakı taleyindən isə xəbərim olmadı. Ulu Öndər Heydər Əliyevin bununla bağlı fərmanı böyük sevinc yaratmışdı. Çünki fərmanda bilavasitə qeyd olunurdu ki, özələşdirməyə çıxarılacaq dövlət mülkiyyətinin əsas payçıları vətəndaşlar olacaq. Mütərəqqi addım olsa da, məmur oliqarxiyasının qurbanına çevrildi.

 

2011-ci ildə tədavül müddəti başa çatan vauçerlərin yenidən dövriyyəyə qaytarılmasını labüd sayıram. Çünki proses tam başa çatmayıb. Digər yandan, iki milyona yaxın çek hələ də əllərdədir. Onların hüquqlarını bərpa etmək, bu tarixi missiyasını başa çatdırmaq, eyni zamanda qarşıdakı özəlləşdirmə prosesində vətəndaşların iştirakını təmin etmək məqsədilə bu addım atılmalıdır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu layihə məntiqi yekuna çatmalıdır”.

 

Tanınmış teleaparıcı Fira Cəlilova:

 

“Səhv etmirəmsə, mən vauçerləri ümumiyyətlə, götürməmişdim. 2008-ci ildə ABŞ-da olarkən rastlaşdığım mənzərə bu inkişaf etmiş dünya dövlətində vətəndaşların hüquqlarına daha ciddi yanaşıldığı faktını ortaya qoydu. Deməli, amerikalılar onlara verilən hüquqlardan və imtiyazlardan lazımi səviyyədə istifadə edirdilər. Bizdə isə bu çeklər verilsə də, sonrakı taleyi qaranlıq oldu.

 

Bizdəki çeklər hələ “soyuducudadır” və “buzu” hələ də açılmayıb. Bizdə çox vaxt belə olur. Bu gün çeklər də digər sənədlər kimi, “soyuducuda” saxlanılır. Hələlik “buzu” açılmayıb. Ümumiyyətlə “buzu” açılacaq, ya yox - bu barədə qəti söz demək də mümkün deyil. Amma nəzərə alanda ki, “buz dolabında”  saxlanılan çeklər çoxlarının “qidasıdır”, bu mənada zəruridir ki, onların “donu” açılsın. Yəni, çeklərin tədavül müddəti artırılsın”.

 

“Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev:

 

“Vaxtilə mənim də əlimdə özəlləşdirmə vauçerləri vardı. Əslində, gözləntimiz böyük idi. Uzun müddət saxladıq və ümid edirdik ki, dəyəri artacaq. Görəndə ki, dəyəri artmır, dostlardan birinə hədiyyə etdim. Çünki tədavül müddəti bir neçə dəfə uzadılsa da, qiymətləri artmırdı. Halbuki, bununla bağlı fərmanda vətəndaşlar üçün böyük imtiyazlar nəzərdə tutulurdu. Təəssüf ki, bu, baş vermədi. Bundan sonra saxlamaqda da bir məna görmədik.

 

Onların tədavül müddətinin yenidən artırılmasını vacib sayıram. Nəzərə alanda ki, yüzminlərlə insan hələ də bu çekləri özündə saxlayır, bu mənada tədavül müddətinin yenidən artırılması labüddür. Bunun üçün xüsusi dövlət proqramı işlənib hazırlanmalıdır. Hansı formada həyata keçiriləcəyi isə müvafiq qurumların səlahiyyətində olan məsələdir”.

Müəllif: Aydın Gəray