“Kreml sülhməramlı qiyafəsində də təcavüzkar rolunu oynaya bilər” – <font color=red> KOPÇAK</font>

Siyasət

06.12.2020 - 10:26

Ukraynalı analitik: “Azərbaycan vəziyyətdən maksimum dərəcədə xeyirlə çıxdı, üstəlik, Türkiyə “sığortasını” da unutmayaq”

 

NATO-nun yeni strateji hesabatında Rusiyanın Ukrayna və Gürcüstanda təcavüzkar siyasətinə davam etdiyi deyilir. Alyans, Moskvanın NATO-ya qoşulmaq istəyən “keçmiş Sovet respublikaları üzərində hegemonluq etmək istədiyini və onların suverenliyi və ərazi bütövlüyünü pozduğunu” düşünür. Bununla əlaqədar olaraq, Şimali Atlantika Alyansında hesab edirlər ki, bu “həssas demokratiyalarla” tərəfdaşlığın gücləndirilməsi lazımdır.

 

Hesabatda Rusiya Federasiyasının müntəzəm olaraq NATO üzvü olan ölkələrin yaxınlığında təhlükəli hərbi əməliyyatlar həyata keçirdiyi və onların təhlükəsizliyini təhdid etdiyi də qeyd olunur. Yəni, Qərb birmənalı şəkildə Rusiyanı təcavüzkar və postsovet qonşuları üçün təhdid adlandırır.

 

Halbuki, sözügedən ölkə bizim ərazimizdə - Qarabağda sülhməramlı missiya icra etdiyini düşünür. Burada açıq bir uyğunsuzluq varmı? Eyni bir ölkə praktik olaraq həm təcavüzkar, həm də sülhməramlı ola bilərmi?

 

Qərb nəşrləri qeyd edir ki, Gürcüstanı və Ukraynanı Rusiyanın qatı düşməninə çevirən “dəmir yumruq” taktikaları, artıq açıq şəkildə yumşaq və sərt gücün daha incə qarışığından istifadə edən Kremldə populyar deyil.

 

Bir məqam da var: NATO-nun yeni hesabatında niyə Azərbaycan ayrıca qeyd edilməyib? Axı, ölkəmizin Alyansla əlaqələri var - NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının üzvüyük. Rusiyanın silahlı kontingentinin Azərbaycan Respublikası ərazisində (Dağlıq Qarabağda) peyda olması ilə ölkəmizin təhlükəsizliyinə və bütövlüyünə təhdidlərin artdığını qeyd etmək mümkün deyildimi? Belə bir fərqli münasibətin səbəbi nədir?

 

Ukraynanın Ordu Araşdırmaları, Konversiya və Silahsızlaşdırma Mərkəzinin Cənubi Qafqaz şöbəsinin (Tbilisi) rəhbəri Vladimir Kopçak AYNA-ya şərhində deyib ki, bu cür sualların Azərbaycan mediasında və ekspert platformalarında qaldırılmasının özü müsbət bir haldır: “Bu, Rusiyanın “sülhməramlı rıçaq”ının yaratdığı çətinlik və risklərin öyrənilməsinə Bakıda ciddi yanaşmanın sübutudur. Eyni ölkə praktik olaraq həm təcavüzkar, həm də sülhməramlı ola bilərmi? Rusiya ilə əlaqəli bu sual ya ritorik səslənir, ya da tamamilə düzgün tərtib olunmamış kimi görsənir. Çünki Kreml təcavüzkar rolunu “sülhməramlılar” qiyafəsində də oynaya bilər”.

Vladimir Kopçak: Saakaşvilinin Ukraynada yeni təyinatı - Motivlər,  paradokslar, yüksək gözləntilər | Eurasia Diary

“Əslində, Kremlin məntiqinə görə, Qarabağdakı bütün “amma”lara baxmayarq, Rusiya yenə də öz sevimli formulu - “eskalasiya yolu ilə deeskalasiya”nı tətbiq etməyi bacardı. Baş verənləri sadalamaq istəmirəm, onlar hamıya bəllidir. Axı, 9 noyabr 2020-ci ilədək, Azərbaycanda 30 il ərzində Rusiyanın “sülhməramlıları”nın Qarabağa yerləşdirilməsi fikrini hamı qəti şəkildə rədd edirdi. 44 gün ərzində Qarabağ uğrunda döyüşlər zamanı rusiyalı “sülhməramlılar”ın iştirakı ilə hansısa həll yolundan danışmaq  - Azərbaycan ekspert cəmiyyətində yaxşı ton əlaməti hesab edilmirdi. İndi, yenə də diqqətlə düşünsək ki, əslində rus “sülhməramlıları” mövcud variantların – zəruri güzəştlərin içərisində ən az ağrılısı idi, Azərbaycan, əlbəttə ki, öz əsgəri sayəsində vəziyyətdən maksimum dərəcədə xeyirlə çıxdı. Üstəlik türk “sığorta”sını unutmayaq”, - ekspert bildirib.

 

Bununla yanaşı, o düşünür ki, döyüş meydanındakı qələbədən gələn eyforiya sayıqlığa kölgə salmamalıdır: “Çünki Qarabağdakı Rusiyanın “sülhməramlı dastanında” bu, yalnız bir müqəddimədir və Bakı üçün müvafiq çətinliklər və risklər ayrıca bir araşdırmanın mövzusudur”.

 

Kopçaka görə, NATO-nun hesabatında Azərbaycanın xüsusi olaraq göstərilməməsinin iki aydın səbəbi var: “Birincisi, “konsolidasiya olunan Qərbin” Qarabağ problemini qəsdən və səssizcə ATƏT-in Minsk Qrupunun çətiri altında Kremlin inhisarına verdiyi iyirmi illik rahatlığın ətaləti. Bəli, bu gün bu inhisar Türkiyənin hərbi varlığı ilə məhv edildi, lakin rahatlıq ətaləti hələ də aradan qalxmayıb; İkincisi, Azərbaycan özü “mandatını” öz ərazisindəki rus kontingentinə verdi ki, bu da, sanki Qərbin gözündə Rusiya müdaxiləsinə müəyyən qədər haqq qazandırır”.

 

“Əgər hərbi məğlubiyyəti fonunda heç kim İrəvanın fikrini də soruşmayıbsa, Bakıya tətbiq olunan bazarlıq - təzyiq rıçaqları, əslində, Qarabağda Rusiya “sülhməramlı” kontingentinin olması fonunda Azərbaycan üçün yeni çağırışlar və risklər sistemi yaradır. “Mandat” sözünü təsadüfən dırnaqda işlətmədim. Məncə, hələ mandat formalaşmayıb: “Sülhməramlıların” xüsusi təyin olunmuş funksiyaları və mandata riayət olunmasına nəzarət sistemi ilə birgə. Müstəqil və ya Türkiyənin köməyi ilə - fərqi yoxdur. Bunun üçün də, mənim fikrimcə, Bakının xaricdən gələn hər hansı bir xüsusi göstəriş və mesaja ehtiyacı yoxdur”, - analitik vurğulayıb.

Müəllif: Rauf Orucov