Yenə sosial şəbəkələr, yeni ictimai qınaq və yenə təqsirkar bəlli deyil
Bu dəfə sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, avtomobil parklama yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayıldı. İctimai qınaqdan sonra məsələ böyüdü və o həddə çatdı ki, işbilməzlərin etdiyi səhvə dövlət başçısı müdaxilə etdi.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bu barədə məlumat yayaraq bildirdi ki, ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb: “Qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) tərəfindən yaradılıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır”.
ARKİ-nin mətbuat katibi Əli Vəliyev jurnalistlərə açıqlamasında deyib ki, hansısa yaşıl ağacın kəsilməsindən söhbət gedə bilməz: “Kəsilən bir quru ağac olub. Onun kəsilməsi də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında olub”.
İttifaqın rəsmisi onu da əlavə edib ki, parklanma yerinin salınmasından bütün aidiyyəti qurumların xəbəri var: “Ağacın kəsilməsi ilə bağlı rəy mart ayında verilib. Parklanma yeri də bundan sonra Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılıb. Biz yer qazan deyilik, ictimai təşkilatıq. Biz sadəcə müraciət etmişik, onlar da gəlib parklanma yeri yaradıblar”.
Qeyd edək ki, məsələ ictimailəşdiyi gün Əli Vəliyev “Facebook” hesabından paylaşım edərək parklanma yerinin onun təşəbbüsü ilə yaradıldığını yazmışdı.
Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi isə qanunsuz parklanma yerindən xəbərsiz olduqlarını bildirib: “Nə Bakı Şəhər İcra Hakimiyyəti, nə Bakı Nəqliyyat Agentliyi, nə də Nəsimi Rayon İcra Hakimiyyətinin bu parklanma yerindən xəbəri var. Edilən müraciətlərə də müsbət rəy verilməyib. Parklanma yeri qurularkən dəfələrlə müdaxilə etdik, işi dayandırdıq. Lakin gecə saatlarında işi davam etdiriblər, biz xəbərsiz olmuşuq”.
Qeyd edək ki, artıq Nəsimi Rayon Bələdiyyəsinin sədri 5 min manat məbləğində cərimə olunub.
Göründüyü kimi, şəhərin mərkəzi küçələrindən birində ağac kəsilir, parklanma yeri yaradılır, lakin ictimai qınaqdan sonra aidiyyəti qurumlardan heç biri məsuliyyəti öz üzərinə götürmür. Yenə ötür-ötür başlayır. Təbii ki, baş vermiş olay nə birincidir, nə də sonuncu. Problem olduğu halda məsələnin həllindən aidiyyəti qurumu tapmaq çox vaxt qəliz işə çevrilir. Məsələnin digər məyusedici tərəfi də odur ki, aidiyyəti üzrə işini yerinə yetirə bilməyənlərin bu cür əməlləri ictimai qınaq, dövlət başçısı səviyyəsində müdaxilələrlə öz həllini tapır.
Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran keçmiş deputat, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev söyləyib ki, hansı qurumun səlahiyyətinin harada başlayıb, harada bitməsi ilə bağlı qarışıqlıq var və bu cür halların yaşanması da bununla bağlıdır: “Bu istiqamətdə konkretliyə ehtiyac var. Qaydalar dəqiqləşdirilməli, müəyyənləşdirilməlidir ki, hansı məsələlərə görə hansı ərazidə cavabdeh olan qurum hansıdır. Bu baxımdan hər bir qurumun səlahiyyət, cavabdehlik dairəsi müəyyənləşdirilməlidir. Lakin paralellik olduğunda qurumlar nəyisə həm edir, həm də deyir ki, ona aid deyil. Belə halda da yazılı razılıq olmadığından hansısa işləri həyata keçirmək üçün sövdələşmələr olur. Ona görə də səlahiyyətlər dəqiqləşdirilməlidir”.
Həmsöhbətimiz qeyd edib ki, ağacın kəsilməsi və ya başqa yerə köçürülməsi məsələsi qanunericiliklə tənzimlənir: “Ağac kəsilməsinə dair rəy vermək səlahiyyəti yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsusdur. Eyni zamanda qanunvericiliyə görə, həmin ərazidən kommunikasiya xətləri keçirsə, lakin ağacın kəsilməsi üçün əsas yoxdursa, o zaman ağac başqa yerə köçürülməlidir. Onsuz da Bakıda yaşıllıqla bağlı problemlər var. Bu məsələlərdə diqqətli olmaq lazımdır”.
Ayrı-ayrı qurumlar tərəfindən parklanma yerlərinin yaradılması məsələsinə toxunan həmsöhbətimiz bunun yolverilməz olduğunu vurğulayıb: “Ayrı-ayrı dövlət qurumları, supermarketlər ərazini alır, deyir ki, “mənimdir, burada bizim maşınlar dayanmalıdır”. Parklanma yerləri yaradırlar. Təbii ki, bu da yolverilməzdir. Çox təəssüf ki, onların arxasında yüksək vəzifəli şəxlər dayanır. Onlar heç müvafiq qurumlardan icazə almağı özlərinə rəva bilmirlər”.
“Parklanma ilə bağlı səlahiyyət Bakı Nəqliyyat Agentliyinə (BNA) verilmişdi. Lakin səlahiyyətlərin icrasına müxtəlif formalarda çox ciddi şəkildə mane olurlar. Yoxsa BNA bu işi çox yaxı tənzimləyə bilərdi. Bu qurum prosesin həm elmi, həm iqtsadi tərəflərini çox gözəl bilir. İndi də BNA bu prosesləri tənzimləməyə başlayanda müxtəlif yerlərdən təzyiqlər göstərirlər. Təəssüf ki, təzyiqlər elə yerlərdən olur ki, BNA bunlara tab gətirə bilmir. Bakı şəhərində parkinqlər iki quruma məxsusudur. Həmin iki qurum parkinqlə bağlı dövlət büdcəsinə nə qədər vasait ödəyir - məlum deyil. Halbuki bu parkinqlərə daxil olan vəsaitlərin həcmi gün ərzində yüz minlərlə ölçülür. Bu, çox ciddi məsələdir”, - deyə Nuriyev fikrini yekunlaşdırıb.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, bu məsələdə bələdiyyə təqsirkar deyil: “Ağacın kəsilməsi ilə bağlı prosedur Nazirlər Kabineti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi sənədlərə uyğun olaraq aparılır. Məsələn, əgər vətəndaş həyətində hansısa ağacı kəsmək istəyirsə, buna görə bələdiyyəyə müraciət etməlidir. Bələdiyyə də öz növbəsində ağacın kəsilməsi ilə bağlı ekspertiza rəyi almaq üçün ETSN-nə müraciət edir. Ekspertiza rəyindən sonra müvafiq qərar qəbul edilir”.
“Yəni burada bələdiyyə sadəcə yazışmaları həyata keçirir. Lakin sonda da bələdiyyə zərbə altında qalır. İndi bələdiyyəyə 5 min manat cərimə yazıblar. Burada müraciət edən də, ağacı kəsən də məlumdur. Bələdiyyəlik bir günah yoxdur, amma bələdiyyəni cərimə ediblər”, - təşkilat rəhbəri bildirib.
Tofiqlinin fikrincə, bu cür halların yaşanmasına səbəb qanunvericiliklə bağlıdır: “Müəyyən məqamlarda verilən səlahiyyətlər bələdiyyələrin əlindən alınıb. Sözügedən məsələdə faktiki olaraq günahkarlar bəllidir, sadəcə öz üzərlərinə götürmürlər. Çünki Cənab Prezidentin bu məsələdən xəbəri olub. Günahkarlar mərkəzi icra orqanlarının yerli nümayəndələridir. Burada BNA-nın da, Avtomobil Yolları Dövlət Agentliyinin də öz günahı var. Eyni zamanda hesab edirəm ki, Nəsimi Rayon Bələdiyyəsinə cərimə ilə bağlı protokol təqdim edilərsə, məhkəməyə müraciət etməli, ədalətsizliyin aradan qaldırılmasına nail olmalıdır”.