Dövlət, xalq və ədalət – Yüzminlərin haqq axtarışı

Cəmiyyət

29.05.2024 - 17:56

Kimin marağında və ya hiyləsində ilişib qalıb bu problem?

Sovetdən (ata-babalarından) qalma miras əmlak payının sahibi olan yüzminlərlə vətəndaşın problemi hələ də həllini tapmır. Söhbət bir milyona yaxın özəlləşdirmə çeki sahiblərindən gedir.

Bu insanlar öz halal haqlarından - dövlətin onlara əvəzsiz və müddətsiz olaraq verdiyi miraslarından yararlana bilmirlər. Çünki kimlərinsə marağında, kimlərinsə hiyləsində ilişib qalıb bu məsələ.

Çek (pay) sahibləri haqlı olaraq inanırlar ki, çeklərlə bağlı dövlət ədalətli qərar verəcək: ya dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri tədavülə (inflyasiyadan qorunan qiyməti ilə) qaytarılacaq, ya da onların real dəyərinə müvafiq kompensasiya ödəniləcək.

Bu cür inancda və tələbdə olanlar təkcə sıravi vətəndaşlar deyil. Ölkənin düşünən beyinləri – deputatlar, ziyalılar, hüquqşünaslar, iqtisadçılar, siyasətçilər, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri və ən müxtəlif sahələr üzrə nüfuz sahibləri yekdil şəkildə bildirirlər ki, özəlləşdirmə çekləri ilə bağlı vətəndaşların hüquqları pozulub və bu HAQQ bərpa edilməlidir.

Üstəlik, Dövlət bu tarixi sosial ədalət siyasətinin hasil olmasında maraqlı və qərarlıdır. Çünki Dövlətin ən çətin vaxtında bu qərara imza atan Ulu Öndər bizim hamımızdan yaxşı bilirdi ki, tarix nədir, sosial ədalət nədir və xalqın haqqını özünə qaytarmaq nə deməkdir.

Ümummilli Liderin bu yöndəki addımını düzgün qavrayan deputatlar, siyasilər, ziyalılar və ən müxtəlif sahələr üzrə ekspertlər bu gün eyni amala xidmət edirlər – ümumsosial problemin Cənab Prezidentə doğru-düzgün çatdırılmasının vacibliyini dilə gətirirlər. Hər kəs əmindir ki, vaxtilə, maraqlı məmur korpusu tərəfindən ört-basdır edilməyə çalışılan ümumxalq məsələsi dövlət başçısına olduğu kimi məruzə edilərsə, dərhal və ədalətli şəkildə həllini tapacaq.

Redaksiyamıza özəlləşdirmə çeki (payı) sahibi olan minlərlə vətəndaş tərəfindən (xüsusilə, Özəlləşdirmə Çekləri Qrupu adından) hər gün müraciətlər daxil olur. AYNA olaraq, sözügedən məsələ ətrafında ictimaiyyət fəalları – QHT rəhbərləri ilə həmsöhbət olduq.

Beləliklə:

Bakı İnsan Hüquqları Klubunun həmtəsisçisi Rəsul Cəfərov:

“Özəlləşdirmə çekləri ilə bağlı məsələdən dərindən xəbərdar deyiləm. Bunu iqtisadçılar daha yaxşı izah edə bilərlər. Amma sosial şəbəkələrdə çeklərdən istifadə edə bilməyən vətəndaşların narazılıqları, müraciətləri haqqında yazılar, videolar qarşıma çıxır. Hesab edirəm ki, hüququnun pozulduğunu iddia edən vətəndaşları dövlətin aidiyyəti qurumları dinləməlidir, problemlə dərindən maraqlanmalıdır. Əgər hüquq pozuntusu varsa, o zaman bunun yoluna qoyulması üçün addım atılmalıdır.

Dövlət məsələni yoluna qoya bilər – kompensasiya şəkilində, ya qiymətli kağızları yenidən dövriyyəyə buraxmaqla, tədavül müddətini artırmaqla. Yəni ki, ortaq bir yol tapılmalıdır. Söhbət yüz minlərlə vətəndaşın şikayətindən gedirsə, buna qeyri-ciddi yanaşmaq olmaz, tədbir görülməlidir”.

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov:

“Özəlləşdirmə çekləri ilə bağlı məsələ bir neçə ildir yenidən gündəmə gəlib. Bundan istifadə edə bilməyən vətəndaşlar hüquqlarının bərpa olunmasını istəyirlər. Bu, haqlı tələbdir. Bizim təşkilata, şəxsən mənə bu barədə minlərlə vətəndaş müraciət edir ki, əllərində qiymətsiz hala düşən çeklərinin taleyi necə olacaq?!

Mən dəfələrlə dövlətin aidiyyəti qurumlarına bu barədə müraciət etmişəm. Dövlət bu məsələni, vətəndaşların bu problemini həll etməlidir. Çeklər probleminin həlli yolları mövcuddur. Lazımdırsa, biz təkliflərimizi verə bilərik. Optimal yollar çoxdur.

Hüquqi yanaşmalar, qanunlar deyir ki, vauçerlərin tədavül müddətinin başa çatması səhv qərar olub. Bu səhvin düzəlməsi vacibdir. Bu, həm də əlində çekləri yararsız qalan minlərlə insanın, ailənin sosial rifahının yaxşılaşmasına gətirib çıxaracaq.

Bundan əlavə, narazı qalan vətəndaşların narazılığı ortadan qalxmış olacaq. Mən dəfələrlə bu barədə müraciət etmişəm, bir daha lazımi dövlət qurumlarına, ölkə rəhbərliyinə müraciət edirəm: uzun illərdir hüquqları pozulan vətəndaşların haqlarının bərpası ilə bağlı addım atılsın”.

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli:

“Dövlətin verdiyi qiymətli kağızlardan istifadə edə bilməyən vətəndaşların hüquqlarının bərpa olunması şərtdir. Məlumdur ki, çeklər tədavüldə olan zaman bundan istifadə etməyən, yaxud edə bilməyən vətəndaşlar olub. Kimsə zamanında çeklərdən istifadə etdi, bəs, istifadə edə bilməyən vətəndaş nə etməlidir?

Vauçerlərini saxlayan vətəndaşlar düşünürdülər ki, bundan daha səmərəli istifadə edəcəklər. Bu düşüncələrində də kifayət qədər haqlı idilər. Çünki dövlətin onlara verdiyi qiymətli kağızın üzərində tədavül müddəti, etibarlılıq müddəti yoxdur. Etibarlılıq müddəti göstərilməyibsə, demək ki istənilən zaman bu çeklər özəlləşdirmədə iştirak edə bilər.

Dediyim kimi, özəlləşdirmə çekləri müddətsizdir və onun tədavülü ilə bağlı müddət qoyulmamalı idi, proses davam etməli idi. Vətəndaşlar da buna uyğun olaraq ya mülkiyyətə, ya da özəlləşdirilməyə çıxarılan hansısa böyük müəssisələrin hissələrinə sahib olmalı idilər. Amma bu, baş vermədi.

Bu gün də müəyyən dövlət müəssisələri özəlləşdirməyə çıxarılır, hərraclar keçirilir. Hesab edirəm ki, əlində çeki qalan vətəndaşların bundan yararlanmaları üçün şərait yaradıla bilər. Yaxud da hansısa ciddi qərar verilməlidir. Şükür Allaha, Qarabağ işğaldan azad olundu. Yəqin ki, orada özəlləşdirmə həyata keçiriləcək. Bu özəlləşdirmədə vaxtilə verilən qiymətli kağızlardan istifadə mümkündür.

Çeklərin tədavül müddətinin artırılması, yaxud da vətəndaşlara kompensasiya ödənilməsi mümkündür. Müvafiq komissiya yaradıla bilər, qiymət müəyyənləşər ki, bir vauçerin qiyməti bu qədərdir. Əlində çeki qalan vətəndaş da bunu təqdim edər, kompensasiyasını alar. Bununla həm vətəndaşın hüququ bərpa edilmiş olar, həm də problem həllini tapar. Demək istədiyim odur ki, məsələyə birdəfəlik nöqtə qoyulmalıdır”.

Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov:

“İndiyədək ümummilli problemimiz vardı – Qarabağ, suverenlik, ərazi bütövlüyü. Şükür Allaha, həllini tapdı. Dövlətimiz xalqımızın ən böyük yarasını sağaltdı.

Bundan sonra daxildəki məsələlərin, sıxıntıların aradan qalxmasına diqqət yetirməliyik. Xüsusilə, sosial məsələlərin. O cümlədən özəlləşdirmə çekləri ilə bağlı yarımçıq qalan məsələnin.

Özəlləşdirmə çekləri vətəndaşlara ata-babalarından qalma miras payıdır. Rəhmətlik Ulu Öndər buna qərar verərkən, xalqın gələcəyini düşünürdü, kapitalizmə dinc keçidi planlaşdırırdı, insanların iş-güc sahibi olmasını arzulayırdı, milli sahibkarlıq mühiti formalaşdırılması üçün çalışırdı.

Hesab edirəm ki, özəlləşdirmə çekləri ilə bağlı yaranmış problem tezliklə və ədalətli şəkildə həllini tapacaq”.

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Azər Rəşidoğlu:

“Mən bu sahə üzrə mütəxəssis deyiləm. Amma içərisində olduğum informasiya mühiti, gerçəkliklər, haqlı istəklər, müşahidələrim və ictimai tələbi dəyərləndirməyə bilmərəm.

Dövlət ədalət üzərində bərqərar olmalıdır. Ədalət dövlətin təməlidir. Təməl də xalqdır. Əgər ədalət pozulubsa - xalqın dərdi varsa, vətəndaşın haqqı tapdanıbsa, dövlət təməl daşını qucaqlamalıdır.

Özəlləşdirmə çekləri də bu qəbildəndir. Burda ədalət pozulub, xalqın dərdi var, vətəndaşın haqqı tapdanıb. Deməli, söz dövlətindir - dövlət ədaləti yaşatmalı, haqqı bərpa etməlidir”.

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Diqqətə çatdırmaq lazımdır ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən Konstitusiya Məhkəməsinə məktub daxil olub və qeydiyyata alınıb. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Amma 11 aydır ki, Konstitusiya Məhkəməsində aparılan araşdırmanın nəticəsi yoxdur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray