DİM və 40 müdavim: imtahan nəticələri narazılıq doğurub

Cəmiyyət

09.02.2022 - 11:37

İştirakçılar ortada ədalətsizlik olduğunu iddia edirlər, Mərkəz isə nəticələrin dəyişməyəciyini bildirir

Dövlət İmtahan Mərkəzinin (DİM) yanvarın 23-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbulla bağlı keçirdiyi imtahan narazılığa səbəb olub. Belə ki, imtahanda iştirak etmiş namizədlərdən 40 nəfər öncədən elan edilmiş imtahan şərtlərindən bir neçəsinin pozulmasından şikayətçidir.

İmtahan iştirakçısı Kamran Əsədov bu barədə AYNA-ya deyib ki, imtahan üçün nəzərdə tutulmuş bir neçə qayda sonradan dəyişdirilib: “Belə ki, esse tapşırıqlarına dair verilmiş şərtlərin 5-ci hissəsində qeyd olunan “Hər bir esse 10 ballıq şkala ilə qiymətləndirilir. Namizəd hər iki dildə yazılmış esse tapşırıqları üçün maksimum 20 bal toplaya bilər” şərti kobud şəkildə pozulub və hər bir esse 100 ballıq şkala ilə qiymətləndirilib. Eyni zamanda imtahan nəticələri açıqlanana qədər DİM tərəfindən rəsmi formada xarici dildə yazılan esse tapşırıqlarının minimal bal həddinin (50 faiz) tətbiq olunacağına dair məlumat verilməyib. Bu şərt imtahan keçirildikdən sonra əlavə edilib. Biz hesab edirik ki, bu da öz növbəsində ədalətsiz yanaşmadır”.

İştirakçının sözlərinə görə, bir qrup narazı imtahan iştirakçısı ilə birlikdə bu məsələ ilə bağlı tələblərini haqlı sayaraq məhkəməyə də müraciət ediblər: “Düşünürəm ki, bu, yanlış yanaşma tərzidir. Belə imtahan keçirmək olmaz. Qaydalar öncədən müəyyənləşdirilir. Sonrakı gedişdə qaydalar dəyişdirilə bilməz. O zaman imtahan iştirakçısı olaraq mən də deyə bilərəm ki, filan cavabı A yox, B yazmaq istəyirdim. Bu, insanların haqqına girməkdir. Burada ciddi mübarizə aparılır. Hazırda biz DİM-in özünə də, digər dövlət qurumlarına da, məhkəməyə də müraciət etmişik”.

“DİM bir dənə də olsa mənbə tapa bilmir ki, xarici dillə bağlı 50%-lik limit qoyub. Narazılığa səbəb olan digər faktor qiymətləndirmənin 100 ballıq şkala ilə aparılmasıdır. Onlar bildirirlər ki, bunu edə bilərlər. Lakin biz bununla razılaşmırıq. Öncədən bildirilmişdi ki, imtahanda esse yazıları 10 balla qiymətləndiriləcək. Kiminsə balı azdırsa, ona essedən yüksək bal yazıb keçiriblər. Hesab edirəm, bu, ədalətsizlikdir. Buna görə mən və mənə daxil olan müraciətlər əsasında onu deyə bilərəm ki, DİM öncədən elan etdiyi imtahan qaydalarını dəyişib”, - deyə həmsöhbətimiz vurğulayıb.

Əsədov hesab edir ki, DİM-in sözügedən problemlə bağlı açıqlaması problemin həllinə istiqamətlənməyib, ümumidir: “Dövlət İmtahan Mərkəzinə mütəmadi olaraq onlayn formada müraciət edirik. Eyni zamanda mediadan da əlaqə saxlayan olub. Lakin standart cavablar verilib. Özüm şəxsən DİM-in inzibati binasına gedərək görüşmüşəm, haqlı iradlarımı bildirmişəm. Onlar da müəyyən qədər razı oldular, iradımıza haqq qazandırdılar. Lakin qeyd etdilər ki, onların yanaşması fərqlidir. Mətbuata açıqlamalarında eyni fikri bildirdilər. Düşünürəm ki, DİM-in verdiyi cavab ümumidir və məsələnin həllinə yönəlməmiş cavabdır”.

Qeyd edək ki, DİM sözügedən məsələ ilə bağlı mətbuata açıqlamada bildirib ki, Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilən tələblərə əsasən, XİN-də diplomatik xidmətə qəbul imtahanı 3 hissədən ibarət olub. Qiymətləndirilən hər üç hissəyə ayrılıqda baxılıb və tələblərə əsasən, bu hissələrin hamısı eyni çəkiyə malik olub: “Test imtahanı 100 test tapşırığından ibarət olub və hər tapşırıq 1 balla qiymətləndirilib. Esselərin hər biri 10 ballıq şkalada qiymətləndirilib və sonradan test tapşırıqlarının və esse nəticələrinin vahid şkalaya gətirilməsi məqsədilə nəticə 100 ballıq şkalaya çevrilib. 100 ballıq şkalanın tətbiq edilməsi ilə balların hesablanması namizədlərin nəticəsinə təsir göstərmir. Məsələn, əgər xarici dil üzrə yazılan essedə minimal bacarıq göstəricisi 50%-dirsə, 10 baldan 5 bal və ya 100 baldan 50 nisbi balın tətbiq edilməsi mahiyyət etibarilə nəticəni dəyişmir. Namizəd essedən 4 bal və ya 40 nisbi bal alıbsa, tələbi ödəmədiyinə görə növbəti mərhələyə buraxılmaması şərti eyni olaraq qalır”.

Məsələ ilə bağlı AYNA-ya şərhində Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov söyləyib ki, qiymətləndirmə formasında sonradan hansısa dəyişiklik edilməsi nəticəyə ciddi təsir edə bilməz: “Bu məsələ Dövlət İmtahan Mərkəzinin səlahiyyətindədir. Görünür, DİM-in də öz arqumenti var. Ümumiyyətlə, elə bir qanun, qayda yoxdur ki, təkmil hesab edilsin. Yanaşmalar fərqlidir. Bu cür müzakirələrin aparılmasını da ictimai rəyin nəzərə alınması baxımından faydalı hesab edirəm”.

“Müxtəlif məsələlər ictimailəşdikdən sonra ayrı-ayrı qurumlar tərəfindən nəzərə alınır, problem öz həllini tapır. Sözügedən məsələnin mahiyyətindən tam xəbərdar olmasam da, qiymətləndirmə forması ilə bağlı hansısa dəyişikliyin edilməsinin müdavimin nəticəsinə ciddi təsir etməyəcəyini düşünürəm. Ümumilikdə isə hesab edirəm ki, bizdə qiymətləndirmə ilə bağlı yeni mexanizm hazırlanmalıdır”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib