“Bütün peşəkarları teleməkandan uzaqlaşdırıblar.., etdikləri xalqa düşmənlikdir”

Cəmiyyət

17.06.2022 - 14:20

Həkimlər Klinikalar SEO Xidməti

Kamran Həsənli: “Televiziya qaranlıq düşüncəli insanların sifarişi ilə işləyirsə, deməli, onlar bu millətin damarına zəhər vururlar”

Azərbaycan televiziyasının hazırkı vəziyyəti çox tənqid olunur, çox irad tutulur. Lakin bütün tənqidi fikirlərə baxmayaraq, televiziya kanalları öz yollarından dönmək, efir siyasətini dəyişmək niyyətində deyil. Tez-tez hansısa verilişdən xoşagəlməz, efirə yaraşmayan hissələr paylaşılır, sosial şəbəkədə aparıcılar, kanal rəhbərlikləri tənqid olunur.

Bəs, televiziya kanalları tutduqları bu yoldan niyə dönmürlər? AYNA-nın həmsöhbəti, tanınmış teleaparıcı Kamran Həsənli deyir ki, bunun cavabı çox sadədədir:

- Televiziya kanallarında qeyri-peşəkar adamlar işləyirlər. Onlar orada özləri üçün kiçik bir dünya yaradıblar. Söyüldükcə də sevinirlər ki, onlara baxırlar. Onlar “reytinq” sözünün mənasını bilmirlər. Reytinq baxımlılıq deyil, baxıldıqdan sonra auditoriyada yaranmış münasibətdir. Bunu bilməməkləri qeyri-peşəkar olmaqlarından qaynaqlanır. Bu gün bütün peşəkarları televiziyadan kənarlaşdırıblar. Onların ən böyük bacarığı “torba tikmək”, intriqalar yaratmaqdır. Özlərinin mentallıqlarını, tərbiyələrini də verilişlərə gətirirlər.

- Baxan da deyir ki, “elə biz beləyik”...

- Televiziya bir güzgüdür. Bizi əyri güzgüdə özümüzə göstərirlər. Əlbəttə ki, bu halda bizim televiziya kanallarına baxan əcnəbi də düşünəcək ki, bunların efiri bu gündədirsə, efirə çıxmayanları nə gündədir.

- Evindən televizoru çıxarmış insanların sayı da günü-gündən artır.

- Ağıllı insanlarımız bizim kanallara baxmırlar. Rus dilini bilənlər Rusiya kanallarına, bilməyənlər də Türkiyə kanallarına baxırlar. Bu gün Moskva öz işğalçılıq siyasətini yeritməkdə davam edir. Bu gün Azərbaycanda Rusiyanın tərəfində dayanan insanlar da həmin kanalların təbliğatının formalaşdırdığı insanlardır. Onlar bilirlər ki, Rusiya Ukraynada qalib gəlsə, növbəti işğal hədəfi olan ölkə biz ola bilərik, amma yenə də Rusiyanın tərəfində dayanırlar.

- Sizcə, həmin adamlar bu gerçəkliyi doğrudan da dərk edirlər?

- Bəli, yaxşı bilirlər. Televiziya çox güclü təbliğat maşınıdır.

- O zaman belə çıxır ki, onlar təbliğatın qurbanlarıdır…

- Yox, onlar təbliğatın qurbanı olsalar da, nəticədə Rusiya siyasətinin, Rusiyanın tərəfdarına çevrilirlər. Əgər sən öz televiziya kanallarına baxmırsansa, Rusiya burada öz insanını yaradacaq və yaradır. Türkiyə bizim can, qardaş ölkədir. Təbii ki, Türkiyə kanallarına baxanlar da onların yaratdığı insan olacaq. Mən Türkiyə kanallarının yaratdığı insanı çox sevirəm. Amma önəmli olan odur ki, biz öz insanımızı yaratmalıyıq. Buna görə də bizim televiziyada peşəkarlar işləməlidir. Lakin yaxın buraxmırlar.

Özümün 22 illik televiziya təcrübəm var. Bu, bir reallıqdır ki, apardığım verilişlərlə uğur qazananların sırasındayam. Amma Azərbaycanda bütün televiziya kanalları mənə qarşı koalisiya yaradıb. Məni kimi televiziyadan çox yaxşı anlayışı olan, onlarla peşəkar adam var. Lakin onlar televiziyaya buraxılmırlar. Həmin şəxslər bu gün televiziya sahəsində hazırda rəhbər şəxslərdən daha çox bilirlər. Bəzən deyirlər ki, “filankəs elə yaxşı oğlandır ki!”. Cavab verirəm ki, axı yaxşı oğlan peşə deyil. Yaxşı oğlan olmaq hələ yaxşı peşəkar olmaq demək deyil.

- Peşəkar televiziya rəhbərində hansı keyfiyyətlər olmalıdır?

- Milliyyətçi olmalıdır. Öz millətinin tarixini, fəlsəfəsini bilməlidir. Siyasi ambisiyası yox, siyasi düşüncəsi olmalıdır. Geopolitikanı bilməlidir. Televiziyadan yaltaqlıq, məddahlıq təbliğ etmək siyasi baxış deyil. Çox güclü təhsili olmalıdır. Tarixi, fəlsəfi bilgisi olmalıdır. Digər məqam isə televiziyada uğur qazanmış adam olmalıdır. Bu, televiziyanın qanunudur. Dünya ölkələrində uğur qazanmış televiziya kanallarının rəhbərləri bu keyfiyyətləri özlərində daşıyırlar. Düşüncəsiz təbəqə bizdə də, İngiltərədə də, Almaniyada da – hər yerdə var. Amma televiziya düşüncəli təbəqə üçün işləməlidir. Musiqi zövqü aşılmalı, intellektual səviyyəni yüksəltməli, şou, əyləncə vasitəsilə də maarifləndirməlidir. Bizim televiziya rəhbərlərinin isə çoxunun  bundan heç xəbəri yoxdur.

- Amma bizdəki verilişlər tənqid olunanda deyirlər ki, “tələbat bunadır, camaat bunu izləyir”. Belə çıxır, bizim camaatın səviyyəsi budur?

- Yox, onlar o səviyyədə olan adamlar üçün işləyirlər. Çünki özlərinin səviyyəsi də o yerədir. Sosial şəbəkədə verilişlərdən parçalar paylaşılır, camaat söyür, tənqid edir. Heç bir nəfər görmüsünüz ki, “desin, mən baxıram, yaxşıdır, niyə söyürsünüz?” Yox! Deməli, əhalinin 90%-i bunu sevmir, qəbul etmir. 10%-i isə qorxusundan səsini çıxarmır. Onlar da həmin bu 10% üçün işləyirlər.

- Yenə bu sual yada düşür: Televiziya auditoriyanın istədiyi kimi olmalıdır, yoxsa auditoriyanı öz istədiyi kimi formalaşdırmalıdır?

-  Televiziya camaatın istədiyi kimi olmamalıdır. Televiziya camaatı istədiyi kimi yüksəlişə, intellektual səviyyəyə çatdırmalıdır. Çünki televiziyanın qayəsi bundan ibarətdir: toplumu maarifləndirsin, işığa aparsın. Əgər bu gün televiziya qaranlıq düşüncəli insanların sifarişi ilə işləyirsə, deməli, onlar bu millətin damarına zəhər vururlar. “Millətin düşmənidir” deyə bilmirəm, bu, çox ağır ifadədir. Amma etdikləri düşmənlikdir.

- Sosial şəbəkədə ARB televiziya kanalında yayımlanan Elgiz Əkbərin verilişindən bir neçə parça paylaşılır. Verilişdə qonaq olan oğlanın əqli qüsurlu olduğunu iddia edənlərin fikrincə, bu cür adamları efirə çıxaranlar özlərinə populyarlıq qazanmaqla məşğuldurlar. Hər kəsi düşündürən bir sual var: Bu cür halların qarşısını almağın bir yolu yoxdurmu?

- Söhbətimizin əvvəlində də qeyd etdiyim kimi problem efirdə peşəkar adamların olmamasından qaynaqlanır. Açığı, mən həmin videonu görməmişəm, bir fikrim yoxdur. Televiziya kanallarımızı izləmirəm.

- Sosial şəbəkələrdə qarşınıza çıxmayıb?

- Çıxsa da, baxmadan çevirirəm. Nə özüm, nə ətrafımdakı insanlar televiziya kanallarımıza baxır, nə də onları müzakirə edirik. Sadəcə onu deyə bilərəm ki, televiziya kökündən dəyişməli, milli düşüncəyə qayıtmalıdır. Bunun üçün də gərək kanal rəhbəri də, efirə çıxanlar özləri də milli düşüncəli insanlar olsunlar.

Müəllif: Aləmdə Nəsib