Bir milyon insanın haqqı - Qazilərdən ədalət istəyi

Cəmiyyət

12.07.2024 - 17:50

Həkimlər Klinikalar SEO Xidməti

Yüzminlərlə vətəndaşın hüquqlarının əllərindən alınması hər kəsi narahat edir: deputatları, ziyalıları, ekspertləri, veteranları, ictimaiyyət nümayəndələrini

Əlində dövlətin verdiyi özəlləşdirmə çekləri qalan 1 milyona yaxın vətəndaşın öz hüquqlarının bərpası üçün müraciət etmədiyi dövlət qurumu qalmayıb. Qiymətli kağızların tədavül müddətinin 2011-ci ildə əsassız şəkildə dayandırılmasından narazı qalan vətəndaşlar hüquqlarının pozulduğunu bildirir və dövlətin qiymətli kağızının adi kağız parçasına çevrilməsinə etiraz edirlər.

Məsələ bağlı ötən il Konstitusiya Məhkəməsinə (KM) müraciətlər edilib. Lakin ilin sonunda KM məsələyə baxmaqdan imtina qərardadı çıxarıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Administrasiyası tərəfindən KM-ə rəsmi məktub daxil olub və qeydiyyata alınıb.

Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ölkə ziyalıları özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməli olduğunu, problemin tez və ədalətli şəkildə həll edilməsinin vacibliyini bəyan edirlər. Amma bu müraciətlərə uyğun olaraq problemin müsbət həlli bu günədək mümkün olmayıb.

Xüsusi qeyd etmək lazımdır ki, qiymətli kağızı qiymətsiz hala düşən, haqqı tapdanan, mülkiyyət və bərabərlik hüquqları pozulan çek sahibləri arasında xeyli sayda müharibə veteranı, qazi, şəhid ailələrinin nümayəndələri var. Onlar dəfələrlə dövlət qurumlarına müraciətlər ünvanlayıblar, müxtəlif platformalar, o cümlədən sosial şəbəkələr vasitəsilə hökumətə öz dərdlərini çatdırmağa çalışırlar.

Mövzu ilə bağlı AYNA-ya danışan Birinci Qarabağ müharibəsinin iştirakçısı, Qarabağ Qaziləri İctimai Birliyinin İdarə Heyətinin üzvü, “Qaziler. az” saytının rəhbəri Rey Kərimoğlu çeklərlə bağlı məsələnin zaman-zaman gündəmə gəldiyinin şahidi olduğunu deyib: “Sosial şəbəkələrdə, saytlarda bir qrup vətəndaşımızın şikayətlərini görürəm, qiymətli kağızlarından yararlana bilmədiklərini söyləyirlər. Onların içərisində müharibə veteranları da, qazilər də var”.

“Düzünü deyim ki, mən bu sahənin mütəxəssisi deyiləm, baş verənləri izləyirəm, amma məsələni dərindən bilmirəm. Hansı formada həll olunmalı olduğu barədə də hansısa təklif versəm, doğru olmazdı. Amma bütün hallarda problem varsa, bunu dövlət orqanları, aidiyyəti strukturlar həll etməlidir. Narazıların səsinə səs verilməlidir”, - deyə həmsöhbətimiz bildirib.

“Fakt budur ki, dövlət özəlləşdirmədə iştirak etmək üçün zamanında vətəndaşlara özəlləşdirmə çekləri verib. Vaxtilə bundan kimlərsə yararlana bilibsə, yararlana bilməyənlər nə etməlidir?! Niyə bu insanlar dövlətin onlara verdiyi qiymətli kağızdan istifadə edə bilməməlidirlər? Niyə bu qiymətli kağızlar qiymətsiz formada əllərdə qalmalıdır? Məncə, bu məsələ ilə bağlı ciddi və yekun addım atılmalıdır”, - deyə Kərimoğlu vurğulayıb.

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri, Qarabağ müharibəsinin iştirakçısı Rada Abbas da AYNA-ya açıqlamasında problemdən xəbərdar olduğunu söyləyib: “Problemin yoluna qoyulması, əllərində çekləri qalan vətəndaşların bu özəlləşdirmə paylarından istifadəsinə imkan yaradılması təqdirəlayiq olardı. Məncə, dövlətimizin bunu yoluna qoymaq potensialı və imkanı var. Özəlləşdirmə paylarından yararlana bilməyən vətəndaşların sayı müvafiq qurumlara bəllidir, yəqin ki. Çeklərdən istifadə edə bilməmək onların hüququnun pozulması deməkdir”.

“O vaxt bir çox vətəndaş vauçerlərini saxladı və gələcəkdə daha yaxşı faydalanacağını düşündü. Amma 2011-ci ildə çeklərin tədavüldən çıxması ilə qiymətli kağızlar yararsız kağıza çevrilmiş oldu. Düşünürəm ki, qiymətli kağızlarından yararlana bilməyən insanlarımızın ondan istifadə etməsinə şərait yaradılmalıdır. Bu işə məsul olan dövlət qurumları hansısa formada problemi həll edə bilər. Son dəfə də olsa, bir şans verilməlidir”, - deyə müsahibimiz diqqətə çatdırıb.

QHT sədri dövlət başçısının sosial ədalət siyasətinə də toxunub: “Prezidentimiz cənab İlham Əliyev həmişə çıxışlarında deyib ki, vətəndaşlarımızın yanındadır və vətəndaşlarımızın hüququ pozulmamalıdır. Əgər hüquq pozulubsa, o zaman hüququn bərpa olunması vacib amildir. Prezidentimizin də məmurlara, icra qurumlarına tapşırığı bu yöndədir. Təəssüf ki, bir çox vətəndaş özəlləşdirmə payından səmərəli istifadə edə bilməyib, onların vauçerləri əllərində “yanıb” sanki. Amma bir dəfə də tədavül müddətini uzatmaqla bu məsələnin həllinə nail olmaq mümkündür”.

R.Abbas hesab edir ki, çeklərin yenidən tədavülə qaytarılması, yaxud da kompensasiya ödənilməsi mümkün ola bilər: “Bunun yolunun necə olduğunu, hüquqi yolun nədən ibarət olduğunu mütəxəssislər daha dəqiq bilirlər. Ona görə də konkret hansı formada həll edilməli olduğunu söyləmək istəmirəm. Amma yəqin ki, problemi həll etmək mümkündür”.

Gənc Qazilər İctimai Birliyinin rəhbəri, Qarabağ qazisi Hacı Vəliyev də AYNA-ya açıqlamasına qeyd edib ki, qiymətli kağızların bu formada hörmətdən salınması düzgün deyil: “Məlumatım var ki, yüzminlərlə insanın çekləri əllərində yararsız halda qalıb. Vaxtilə özəlləşdirmə prosesi doğru-düzgün aparılmayıb. Sonra da qanunsuz olaraq bunun tədavül müddəti bitmiş elan edilib. Hansı ki, vauçerlərin üzərində bitmə müddəti yoxdur. Düşünürəm ki, bu pozuntu aradan qaldırılmalı və vətəndaşın haqqı bərpa olunmalıdır”.

“Əgər qanunda çeklərin bitmə müddəti yoxdursa, o zaman niyə tədavül müddəti uzadılmasın, yaxud hansısa qərar verilməsin? Dövlət qurumları buna bir aydınlıq gətirsə, yaxşı olardı. Əllərində çekləri qalmış yüzminlərlə vətəndaşın haqlarının bərpası zəruridir”, - deyə qazi müvafiq qurumlara çağırış edib.

Gənc Qazilər İctimai Birliyinin üzvü Ayaz Qasımov da AYNA-ya deyib ki, çeklər dövlətin vətəndaşa payı olub: “Lakin o çeklərin taleyi gözlənilən kimi uğurlu olmayıb, ortada işbazlar “qara bazar”da həmin çeklərin dəyərini və istiqamətini məhv ediblər. Mən düşünürəm ki Konstitusiya Məhkəməsi vətəndaşın hüquqlarının təminatçısı olaraq bu məsələnin vətəndaşın xeyrinə tez bir zamanda həll edilməsinə çalışmalıdır”.

“Birmənalı olaraq, vətəndaşın hüquqları bərpa edilməlidir. Bu gün əmlakların çox böyük hissələri özəlləşdirilib. Bu baxımdan, araşdırmalarda sahibkarların hüquqlarının necə olacağı sual altındadır. Hər iki tərəfin, yəni vətəndaşın da, sahibkarın da hüquqlarının təmin edilməsi üçün dövlət addım atmalıdır. Yoxsa uzun sürən məhkəmə prossesləri qaçılmaz olacaq.  Belə ki, vətəndaşların əllərində qalan çeklərin əvəzinə kompensasiya ödənilməsi daha münasib olardı. Kompensasiya ödənilməsi zamanında qazilər ayrıca nəzərə alınmalıdır. Əks halda ədalət prinsipi yenə də pozulmuş olacaq. Məncə bu dövlət üçün o qədərdə böyük məsələ deyil. Bu problemin həlli ilə həm vətəndaş qazanacaq, həm də dövlət”, - deyə qazi fikrini tamamlayıb.

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Diqqətə çatdırmaq lazımdır ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən Konstitusiya Məhkəməsinə məktub daxil olub və qeydiyyata alınıb. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Amma 11 aydır ki, Konstitusiya Məhkəməsində aparılan araşdırmanın nəticəsi yoxdur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray

Pin up casino Pin-up casino giriş