Azərbaycanda kredit ödənişlərinə güzəşt edilir

İqtisadiyyat

25.04.2020 - 12:42

Koronavirusla mübarizə tədbirləri çərçivəsində kreditlərə də güzəştlər olunacaq

 

Azərbaycanda biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilə qədər borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcək və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcək.

 

AYNA xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB), Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla qəbul etdiyi Tədbirlər Planında bildirilir.

 

Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir. Qeyd olunan tədbirlərin həyata keçirilməsinə şərait yaratmaq, biznes və əhaliyə maliyyə xidmətlərinin davamlılığını təmin etmək, kreditləşdirmə imkanlarının artırılması üçün banklara əvvəlki dövrlərdə toplanmış dayanıqlıq yastığından istifadə etməyə imkan yaradılması məqsədilə requlyativ yükün azaldılması istiqamətində tədbirlər nəzərdə tutulur.

Müəllif: Ayna.az